Antik dünyanın yeddi möcüzəsindən biri sayılan İsgəndəriyyə Mayakına (Pharos Feneri) aid daş bloklar Misir sahillərində aparılan sualtı arxeoloji qazıntılar zamanı aşkar edilib. Fransız arxeoloq İzabell Həri rəhbərliyindəki PHAROS layihəsi çərçivəsində fenerin yerləşdiyi Pharos adası ətrafında lentolar, eşiklər, bəzəkli giriş qapısı və təməl daşları tapılıb.
Milli.Az xəbər verir ki, qazıntılar Dassault Systemes şirkətinin dəstəyi ilə rəqəmsal texnologiya vasitəsilə aparılır. Uzmanlar mayakın tikintisi və dağıntısını virtual modellərlə canlandırmağa çalışır.
M.Ö. 3-cü əsrdə Ptolemeylər dövründə inşa edilən bu 100 metrlik möhtəşəm mayak zamanında həm dənizçilər üçün bələdçi, həm də imperiya üçün güc rəmzi olub. Lakin M.S. 956, 1303 və 1323-cü illərdə baş verən zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalıb və 15-ci əsrdə Qaitbay qalasının tikintisində istifadə olunub.
İsgəndəriyyə Mayakı Giza ehramı və Halikarnas məqbərəsindən sonra antik dövrün ən uzunömürlü memarlıq abidəsi hesab olunur. (News24.az)
Milli.Az