Hondurasda bal ayını keçirən yeni evli cütlüyü ildırım vurub. Hadisə nəticəsində gəlin həyatını itirib.
Milli.Az xəbər verir ki, faciə iyulun 5-də Omoa bölgəsində yerləşən sahildə baş verib. 23 yaşlı Stephany Lucero Elvir və 36 yaşlı əri Cristhian Samir Álvarez Molina dəniz kənarında foto çəkdirmək istəyərkən qəfil ildırım düşüb. Gəlin hadisə yerində huşunu itirib və dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bəy isə ildırım zərbəsindən sağ çıxıb. Hazırda onun vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Honduras hökuməti sahil ərazilərində ildırım təhlükəsinə qarşı xəbərdarlıq edib və açıq havada ehtiyatlı olmağı tövsiyə edib.
Milli.Az