İyunun 9-da Rusiya və Ukrayna arasında baş tutan genişmiqyaslı əsir mübadiləsi çərçivəsində yüzlərlə hərbçi azadlığa qovuşub. Onlar arasında 25 yaşa qədər olan, ağır yaralanmış və səhhəti kritik durumda olan ukraynalı əsgərlər də yer alıb.
Milli.Az xəbər verir ki, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitriy Lubinets azad edilən əsgərlərin doğma torpağa qayıtma anlarını əks etdirən görüntüləri özünün "Telegram" kanalında paylaşıb.
Paylaşılan videolardan biri isə xüsusilə diqqət çəkib. Uzun müddət əsirlikdə olan gənc hərbçi azadlıq həyəcanını ilk olaraq anası ilə bölüşüb.
Telefon danışığı zamanı onun səsi titrəyir:
"Salam ana! Mən qayıtdım, evdəyəm, ana. Doğma torpaqdayam. Tezliklə gələcəyəm, səni sevirəm".
Bu duyğulu anlar sosial şəbəkələrdə sürətlə yayılıb və minlərlə insanın qəlbinə toxunub. Azadlığa qovuşmağın və ana sözünün bu qədər mənalı olduğu anlar izləyənlərə duyğulu anlar yaşadıb.
Həmin görüntüləri təqdim edirik:
Kənan
Milli.Az