ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Embarcadero meydanında yerləşdirilən 14 metrlik çılpaq qadın heykəli ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, "R-Evolution" adlanan və 14,5 ton ağırlığında olan heykəldə tamamilə çılpaq qadın təsvir edilib. Aprelin əvvəlində şəhərin mərkəzində qurulan bu monumental əsər ictimaiyyətlə heç bir məsləhətləşmə aparılmadan özəl mənbələr hesabına maliyyələşdirilərək quraşdırılıb.
Heykəlin şəhərin simvolik məkanlarından biri olan Bərə Binasının görünüşünü əngəlləməsi və onun yerləşdiyi strateji mövqe sosial mediada geniş tənqidlərə yol açıb.
Pandemiyadan sonra iqtisadi çətinliklərlə üzləşən San-Fransiskoda ofis sahələrinin üçdə biri boşdur, şəhər mərkəzi isə əvvəlki kimi canlı deyil. Belə bir dövrdə heykələ ayrılan 300 min dollar dəyərindəki vəsait bir çoxları tərəfindən gərəksiz hesab edilib.
Heykəlin müəllifi, 63 yaşlı sənətçi Marco Cochrane bu əsərin "qadın gücünü" simvollaşdırdığını deyib: "Anam feminist idi. Mənə dünyaya qadın enerjisi gətirmə missiyasını ötürdü." Lakin bəzi tənqidçilər qadın hüquqlarını ifadə edən bir əsərin kişi rəssam tərəfindən hazırlanmasını ziddiyyətli hesab ediblər.
Milli.Az