Ukrayna ordusu Rusiyanın ərazisində, xüsusilə Belqorod vilayətində döyüş əməliyyatlarını davam etdirir. Rusiyalı hərbi bloqçuların məlumatına görə, toqquşmalar davam edir, Qərb analitikləri isə Ukraynanın bir neçə kilometr irəlilədiyini bildirir.
Milli.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yazır.
Cümə günü bir sıra rusiyalı hərbi müxbirlər Ukrayna bölmələrinin Belqorod vilayətində olduğunu və Rusiya qüvvələri ilə döyüşlər apardığını iddia ediblər. Eyni zamanda nə Kiyev, nə də Moskva bu məlumatı rəsmi olaraq təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi daha əvvəl Ukrayna qüvvələrinin Belqorod vilayətində sərhədi yarmaq cəhdlərinin bir neçəsinin dəf edildiyini açıqlamışdı.
Ukrayna Silahlı Qüvvələri bu hadisələrlə bağlı şərh verməkdən çəkinir ki, bu da operativ təhlükəsizlik məsələləri ilə bağlı ola bilər. Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna ordusunun Kursk vilayətindən kənarda "müəyyən addımlar atdığını" və bunun Ukrayna mövqelərinə təzyiqin azalmasına yönəldiyini bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Kovalenko isə ehtimal edib ki, Ukrayna qüvvələri Belqorod vilayətində Rusiyanın sərhədə yaxın ərazilərdə cəmləşən qoşunlarını "neytrallaşdırmaq" məqsədilə fəaliyyət göstərə bilər.
1,3 milyondan çox abunəçisi olan rusiyalı hərbi bloq Rıbar Popovka kəndində şiddətli döyüşlərin getdiyini və tərəflərin dronlardan fəal şəkildə istifadə etdiyini yazıb. Two Majors adlı Telegram kanalı isə Rusiya qüvvələrinin "müdafiə əməliyyatları" apardığını bildirib.
Digər bir rusiyalı hərbi bloq - Arxangel Spetsnaza Demidovka kəndində döyüşlərin getdiyini və burada mühasirəyə düşən ukraynalı hərbçilərin olduğunu iddia edib. Lakin bu məlumatın müstəqil təsdiqi yoxdur.
Analitiklərin qiymətləndirməsinə görə, Ukrayna qüvvələrinin bu əməliyyatı, Kursk vilayətində fəal döyüşlər aparan Rusiya ordusunu diqqətini yayındırmaq məqsədi daşıya bilər. Rıbar bloqunun məlumatına görə, Rusiya artıq Kursk vilayətinin Qoptarovka bölgəsindən Belqoroda əlavə qüvvələr göndərib.
Finlandiyalı hərbi analitik, Black Bird Groupun eksperti Emil Kastehelmi hesab edir ki, Ukrayna qüvvələri Rusiyanın ilkin müdafiə xəttini yararaq 3-4 km irəliləyə bilib.
"Ukraynalılar sərhəd zonasından bir neçə kəndi daha nəzarətə götürə bilərlər, lakin bu, tammiqyaslı hücum demək deyil - bu, yalnız kiçik bir taktiki uğur ola bilər. Demidovka istiqamətində isə operativ və ya strateji səviyyədə böyük nəticələr əldə etmək çətindir. Burada sürpriz elementi yoxdur və Rusiya qüvvələrinin bu ərazidəki mövcudluğu kifayət qədər güclüdür ki, əsasən uğurlu müdafiə əməliyyatları apara bilsinlər", - deyə o, "Reuters"ə bildirib.
Bundan bir gün əvvəl bir sıra rusiyalı hərbi müxbirlər Ukrayna Müdafiə Qüvvələrinin Belqorod vilayətinin dövlət sərhədində hücum əməliyyatları keçirdiyini yazmışdılar. Bu məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. Nazirlik Ukrayna qüvvələrinin Demidovka və Prilesye istiqamətində "mövqelərini dərinləşdirməyə" çalışdıqlarını bildirib.
"Alex" çağırış adlı rusiyalı hərbçinin sözlərinə görə, Rusiya komandanlığı Kursk vilayətindən Belqorod sərhədinə qüvvələr cəlb etməyə məcbur olub. Halbuki, əvvəllər həmin qüvvələrin Donetsk vilayətinə göndərilməsi planlaşdırılırdı.
Milli.Az