Qlobal Jurnalistlər Şurası son dövrlərdə Türkiyədə baş verən siyasi və sosial proseslər fonunda medianın və jurnalistlərin müzakirələrin və məhkəmə qərarlarının mərkəzində olmasından dərin narahatlığını ifadə edib.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Şura bəyanat yayıb.
Şuranın bəyanatında bildirilir ki, jurnalistikanın siyasətə alət edilməsi bu sahədə çalışan peşəkar jurnalistlərin hüquqlarının pozulmasına gətirib çıxarır.
İstanbulda həkimlərin etiraz aksiyasını işıqlandıran NOW TV-nin jurnalisti Ali Onur Tosun və daha 6 jurnalistin saxlanılması və sonradan həbs olunması ciddi narahatlıq doğurub. Daha sonra jurnalistlərin bir gün sonra azadlığa buraxılması sevindirici hal kimi qiymətləndirilib. Şura bu qərarın verilməsində rol oynayan Türkiyənin ədliyyə naziri Yılmaz Tunça təşəkkürünü bildirib.
Qurum eyni zamanda, öz siyasi baxışlarını jurnalist fəaliyyəti adı altında gizlədən və cəmiyyəti qızışdıran şəxslərin media sahəsində imicə zərər verdiyini vurğulayıb. Bildirilib ki, Türkiyədə jurnalistlər üçün qanuni peşə birliyinin olmaması sahədə müəyyən problemlərə səbəb olur.
Qlobal Jurnalistlər Şurası, həmçinin müxalifət lideri Özgür Özəlin bəzi media qurumlarını açıq şəkildə hədəf göstərməsini və onlara qarşı boykot çağırışı etməsini də tənqid edib. Qurum siyasətçilərin media ilə bağlı narazılıqlarını jurnalist təşkilatları və rəsmi qurumlar vasitəsilə bildirmələrinin daha düzgün yanaşma olacağını vurğulayıb.
Qlobal Jurnalistlər Şurası Türkiyənin beynəlxalq nüfuzuna da toxunaraq, xaricdə ölkənin imicinin zədələnməməsi üçün maksimum diqqət göstərdiklərini bildirib. Qurum, medianın azadlığının demokratiyanın əsas göstəricilərindən biri olduğunu qeyd edərək, bu məsələdə bütün maraqlı tərəflərin həssas davranmalı olduğunu vurğulayıb.
Milli.Az