Suriyada təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə sadiq silahlılar arasında baş verən qarşıdurmalarda 70-dən çox insan həlak olub, onlarla insan yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Keçmiş prezident Bəşər Əsədin tərəfdarları olan silahlı qruplar Suriyanın şimal-qərbində, Latakiyada Baş Təhlükəsizlik Administrasiyasının üzvlərinə hücum edib. Hücum nəticəsində 16 təhlükəsizlik əməkdaşı ölüb və ya yaralanıb.
Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub. Hakimiyyət qüvvələri silahlı qrupların təslim olması üçün barışıq mərkəzləri açsa da, bəzi fraksiyalar silahlarını təhvil verməkdən imtina edib, bu da qarşıdurmalara səbəb olub.
Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabrında Rusiyaya qaçıb və bununla da 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejimi sona çatıb. Yanvarın 29-da isə Əhməd əl-Şaraa keçid dövrü üçün yeni prezident elan edilib.
Fidan
Milli.Az