"Belarusa hücum mütləq nüvə reaksiyasına səbəb olmayacaq, lakin ekstremal vəziyyətdə bu qaçılmazdır".
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.
"Əgər Belarus və Rusiyaya qarşı hərbi təcavüz edilərsə, o zaman bütün mübarizə üsullarından istifadə olunacaq. Bunun nüvə qarşıdurması ilə, məsələn, taktiki nüvə silahlarından istifadə ilə başlayacağı da fakt deyil", - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, əgər Belarusa Polşa və ya başqa bir Qərb dövləti hücum edərsə, bu, sabah nüvə silahından istifadə ediləcəyi anlamına gəlmir:
"Bir çox başqa üsullar var - diplomatik, güc, adi silahlar, eyni zamanda "Oreşnik" və s. Amma heç kim nüvə düyməsini tutmayacaq". O, əlavə edib ki, əgər təhlükə həddi yüksəkdirsə, o zaman nüvə silahı da buna görə mövcuddur və istifadə olunmalıdır.
Lukaşenko bildirib ki, "Vaqner" silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin 2023-cü ilin iyununda təşkil etdiyi üsyan zamanı nüvə silahı əldə etməyə çalışıb. Belarus prezidenti bəyan edib ki, Rusiya hakimiyyəti hadisələrin belə inkişafına imkan verməzdi.
Milli.Az