ABŞ prezidenti Donald Tramp ölkədə iş yeri açacaq xarici investorlara yaşayış icazəsi və vətəndaşlığa imkan yaradan qızıl kartı 5 milyon dollara satacaqlarını açıqlayıb.
Milli.Az xəbər verir ki, bununla bağlı sərəncam imzalayan Tramp daha sonra mətbuata açıqlama verib.
"Bu kart üçün təxminən 5 milyon dollar qiymət təyin edəcəyik və bu sizə yaşıl kart imtiyazları verəcək, həm də vətəndaşlığa keçid olacaq", - o bildirib.
Zəngin insanların bu kartı alıb ABŞ-a gələcəyini bildirən Tramp bu insanların çoxlu pul xərcləyəcəklərini, çoxlu vergi ödəyəcəklərini və çoxlu işlə təmin edəcəklərini deyib.
Tramp bunun son dərəcə uğurlu olacağını düşündüklərini və növbəti iki həftə ərzində proqramı təqdim edəcəklərini bildirib.
Tramp daha sonra qərardan hansı müsbət nəticəni gözlədiklərini də açıqlayıb: "Məsələn, 1 milyon kartın dəyəri 5 trilyon dollar olacaq. 10 milyon kart satsaq, ümumilikdə 50 trilyon dollar olacaq. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı, görəcəyik". /APA
Milli.Az