Ermənistanın baş naziri Nikol Paşinyan "1950-ci ildə necə oldusa, "erməni soyqırımı" məsələsi gündəmə gəldi" sözləri ilə sərt tənqidlərə məruz qalıb. Onun bu açıqlamaları ölkədə siyasi qruplar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən kəskin etirazlarla qarşılanıb.
Milli.Az "Hürriyet"ə istinadən xəbər verir ki, Paşinyan 24 yanvarda İsveçrənin Sürix şəhərində erməni icması nümayəndələri ilə görüşü zamanı bildirib ki, qondarma "erməni soyqırımı"nın əhəmiyyəti 1950-ci illərə qədər ermənilər tərəfindən tam dərk edilməmişdi.
O, çıxışında "1939-cu ildə "erməni soyqırımı" ilə bağlı bir gündəm yox idi. 1950-ci ildə isə bu mövzu necə oldusa, ortaya çıxdı. Bu, necə baş verdi?", deyə baş nazir qeyd edib.
Paşinyanın bu sözləri Ermənistan daxilində və xaricdəki erməni siyasi qrupları və vətəndaş cəmiyyəti təşkilatlarının sərt reaksiyasına səbəb olub. Onun bu açıqlamaları Ermənistanın xarici siyasət kursundan uzaqlaşmaq cəhdi kimi qiymətləndirilib.
Ermənistanın Eçmiədzin Kilsəsi də Paşinyanın fikirlərinə münasibət bildirərək, 24 aprel tarixinin rəsmi anım günü elan olunduğunu vurğulayıb. Kilsənin açıqlamasında qeyd olunub ki, 1967-ci ildə inşa edilən Tsitsernakaberd abidəsinin 2015-ci ildə müqəddəs elan edilməsi, baş verən hadisələrin tanınmasının rəmzidir.
Eçmiədzin Kilsəsi Paşinyanın açıqlamalarını "ziddiyyətli" adlandıraraq bildirib ki, qondarma "erməni soyqırımı" təkcə erməni xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir" və onun tanınmasının "tarixi bir zərurət" olduğunu qeyd edib.
Erməni İnqilabi Federasiyası (ARF) isə Paşinyanın sözlərini "erməni xalqının hüquq və kimliyini sarsıdan" ifadələr kimi qiymətləndirib. ARF onu "millət, dövlət və elmi dəyərlərə qarşı çıxmaqda" günahlandırıb və sərt tənqid edib.
ARF Paşinyanı "Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirməyə çalışmaqda" ittiham edərək, onun qondarma "soyqırım qurbanları"nın xatirəsinə "hörmətsizlik etdiyini" iddia edib.
Beynəlxalq Erməni Milli Komitəsi (ANC) də Paşinyanın açıqlamalarını "Türkiyə və Azərbaycanın mövqelərini əks etdirən ifadələr" kimi dəyərləndirib və onun "qurbanların xatirəsinə hörmətsizlik etdiyini" bildirib.
"Genesis Armenia" düşüncə mərkəzi isə Paşinyanın sözlərinin Ermənistanın xarici siyasətində təhlükəli bir dəyişiklik ola biləcəyini və bunun ölkənin qondarma "soyqırımın" tanınması istiqamətindəki öhdəliyini zəiflədə biləcəyini vurğulayıb./qaynarinfo
Milli.Az