ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında Vaşinqtonda baş verən təyyarə qəzasından danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopterin ekipajı kursu dəyişməli idi, belə olan halda faciənin qarşısını almaq olardı:
"Təyyarə hava limanına doğru ideal, normal trayektoriya ilə gedirdi. Helikopter isə müəyyən müddət ərzində birbaşa təyyarəyə doğru hərəkət edib. Gecə aydın idi, təyyarənin işıqları gur yanırdı, helikopter niyə yüksəkliyə qalxmayıb, aşağı enməyib və yaxud istiqamətini dəyişməyib? Bu, qarşısını almaq mümkün olan pis hadisədir. Bu, pisdir".
Xatırladaq ki, hadisə Vaşinqtonda Reyqan adına aeroportda qeydə alınıb. Yerə enməyə çalışan sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. "BNO News" portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.
Milli.Az