Dünya

“La Gazette du Caucase” Aİ-ni tənqid etdi

4 Oktyabr 2024 16:33
Baxış: 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı erməni işğalı səbəbindən öz evlərini tərk etməyə məcbur qalan azərbaycanlıların hüquqlarını görməzdən gəlməyə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Fransanın "La Gazette du Caucase" onlayn nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, Azərbaycan ərazilərinin 30 il ərzində işğal altında olduğu zaman susmuş Aİ jurnalistlərin Qarabağın keçmiş işğalçıları barədə "məlumatlılığını artırmaq" üçün Ermənistana mətbuat turu təşkil edəcək.

"Təxminən 30 il ərzində Azərbaycanın beşdə bir hissəsi erməni qoşunları tərəfindən işğal olunub və yerli əhali zorla çıxarılıb. Maraqlısı odur ki, bu ərazilərə köç etmək üçün yox, əksinə, evləri, dini məbədləri, məktəbləri, teatrları, muzeyləri, xəstəxanaları və digər ictimai binaları yerlə-yeksan etmək üçün işğal ediblər. Yalnız Xankəndi kimi şəhərlər istisna olmaqla, bir çox ərazilər boş saxlanılıb. 1987-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalması nəticəsində bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb", - məqalədə qeyd olunub.

"La Gazette du Caucase" xatırladır ki, 2020-ci ildə Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etdikdə, Avropa İttifaqı bölgəyə nə müşahidəçi missiyaları göndərib, nə də jurnalistləri ermənilər tərəfindən törədilən genişmiqyaslı dağıntıları, minalanmış əraziləri görməyə dəvət edib.

"Lakin Xankəndidəki işğalçılar Ermənistana qayıtmaq məcburiyyətində qaldıqda, Avropa İttifaqı dərhal onların vəziyyəti ilə bağlı narahatlıq ifadə edib. Avropa İttifaqı bir milyon azərbaycanlının hüquqları barədə susaraq, daha çox bu ermənilərə görə narahatlıq keçirir", - məqalədə vurğulanıb.

Məqalədə Avropa İttifaqının hər zaman Ermənistana üstünlük verdiyi qeyd olunur. 2024-cü ilin aprel ayında Avropa Komissiyası Ermənistana 2024-2027-ci illər üçün 270 milyon avro büdcə ilə "dayanıqlıq və inkişaf planı" təqdim edib. Məqsəd Ermənistanın sosial-iqtisadi dayanıqlılığını gücləndirməkdir.

"Bundan əlavə, Ermənistan və Avropa İttifaqı viza rejiminin liberallaşdırılması üzrə dialoqa da başlayıblar. Bu proses Ermənistanın Avropa İttifaqı ilə qısamüddətli vizadan azad olma sazişi əldə etməsinə yönəlib. Sanki bu da kifayət deyilmiş kimi, məhz Ermənistanda Avropa İttifaqı 4-7 noyabr tarixlərində mətbuat turu təşkil edəcək. Bu mətbuat turu çərçivəsində jurnalistlər Ermənistanda humanitar layihələr, Aİ tərəfindən maliyyələşdirilən köçkünlərə yardım proqramları ilə tanış olmaq və Aİ-nin humanitar komandası ilə görüşmək imkanı qazanacaqlar", - məqalədə qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.