Dünya

USAID yardım, yoxsa kəşfiyyat təşkilatıdır? - ARAŞDIRMA

5 Dekabr 2023 19:54
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı fəaliyyəti ilə bağlı ciddi və tutarlı faktların yer aldığı tənqidi məqalələr yayımlanıb. Yaxın keçmişə nəzər saldıqda, məlum olur ki, USAID-in ciddi problemlər yaşadığı, daha doğrusu yaratdığı ilk ölkə Azərbaycan deyil. Fəaliyyət göstərdiyi müddətdə bu təşkilatın adı dəfələrlə ölkələrin daxili işlərinə qarışmaqda, radikal müxalifəti maliyyələşdirməkdə, gizli kəşfiyyat fəaliyyəti aparmaqda hallanıb. AZƏRTAC həmin faktlardan bəzilərini təqdim edir.

"Kuba Twitter"i

2014-cü ilin aprelində "Associated Press"in USAID-in Kubada iğtişaşları qızışdırmaq üçün "Kuba Twitter"i yaratmasına dair araşdırma yazısı yayımlanıb. Yazıda qeyd olunur ki, "Zun Zuneo" adlandırılan proqram vasitəsi ilə kubalılar bir-birlərinə hava, futbol və yeni xəbər barədə mətn mesajları göndərirlər. Əslində, məqsəd o idi ki, kifayət qədər izləyici yığdıqdan sonra "Zun Zunepo" siyasi dəyişiklik üçün katalizator rolunu oynasın...

Araşdırmaya əsasən, layihə siyasi iğtişaş yaratmağa nail olmadı.

Yeri gəlmişkən, USAID-in o zamankı rəhbəri Raciv Şah MSNBC-yə müsahibəsində Kuba layihəsini müdafiə etmişdi.

Bu, USAID-in Kuba ilə yaşadığı ilk hadisə deyil. 2011-ci ildə də USAID-lə müqavilə ilə işləyən Alan Qross peyk mobil telefonları və internet avadanlıqlarını qanunsuz şəkildə Kubaya gətirdiyi və payladığı üçün 15 il azadlıqdan məhrum edilmişdi. Bu planın ABŞ-ın Kubanın o zamankı Prezidenti Raul Kasronun hakimiyyətini zəiflətmək məqsədi ilə etdiyi deyilir. 2011-ci ildə Alan Qross məhkəmədə aldadılaraq ondan istifadə edildiyini açıqlayıb.

Boliviya xalqına və hökumətinə qarşı sui-qəsd...

"Vaşinqtonda hələ də dominantlıq və boyunduruq altına alma siyasəti hökm sürür". 2013-cü ilin mayına Latın Amerikasının digər ölkəsi Boliviyanın o zamankı Prezidenti Evo Morales USAID-in ölkəsində fəaliyyətini qadağan olunması ilə bağlı açıqlamasında bu fikirləri səsləndirib.

O, agentliyi Boliviya xalqına və onun hökumətinə qarşı sui-qəsd törətməkdə ittiham edib.

Ekvadorda siyasi proseslərə təsir etmək cəhdləri

Boliviya ilə olan qalmaqaldan bir neçə ay sonra 2013-cü ilin dekabrında Ekvador hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyinə ikitərəfli əməkdaşlığı tənzimləyən yeni razılaşma əldə olunana qədər yeni proqramlar həyata keçirə və ya mövcud proqramları uzada bilməyəcəyi barədə məlumat yaydıqdan sonra ABŞ hökuməti bu ölkə üçün 32 milyon dollarlıq yardımı ləğv etdi. Ekvador XİN-in bəyanatında da qeyd olunurdu ki, qərar USAID-in qrantlar vasitəsilə siyasi proseslərə təsir etmək cəhdləri ilə bağlıdır.

Venesuelada çevriliş cəhdi

Venesuelanın keçmiş Prezidenti Uqo Çaves də dəfələrlə çıxışlarında ABŞ-ın onu devirməyə cəhd etdiyini açıqlayıb. Bu iddialar yalnız onun ölümündən sonra (2013-cü ildə) "Wikileaks"ın ortaya çıxardığı dəlillərdə öz təsdiqini tapıb. Dəlillərdə ABŞ-ın Çavesin siyasi nüfuzuna təsir, "Çavismo"nu parçalamaq və Çavesi beynəlxalq səviyyədə təcrid etmək yolu ilə hökuməti sarsıtmaq strategiyası göstərilib. Strategiyanın USAID-in Keçid Təşəbbüsləri Ofisi tərəfindən icra olunması nəzərdə tutulmuşdu. Yuxarıda sadalanan və aşağıda qeyd olunacaq bütün təşəbbüslər də məhz bu ofis tərəfindən icra edilirdi.

USAID-in Rusiyadakı fəaliyyəti

USAID-in Latın Amerikası ölkələrində siyasi proseslərə təsir etmək cəhdlərinə etiraz olaraq 2012-ci ilin iyununda Amerika Xalqı naminə Bolivari Alyansı (ALBA) Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş toplantı zamanı Boliviya, Kuba, Ekvador, Venesuela və başqa ölkələrin hökumətlərinin imzası ilə USAID-in üzv ölkələrdən çıxarılmasına dair bəyanat qəbul ediblər.

Həmin vaxt Latın Amerikasında gərgin əlaqələr davam edərkən USAID artıq Rusiyadan çıxarılmışdı.

Belə ki, 2012-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin USAID-in ölkənin suverenliyinə təhlükə törətməsi ittihamı ilə təşkilatın bu ölkədəki fəaliyyətini dayandırıb. Qeyd etmək yerinə düşər ki, bu hadisə Rusiyanın Qərblə münasibətlərinin kəskin pisləşməsindən çox əvvəl baş verib.

Agentliyin Afrikada çevriliş cəhdləri

USAID bənzər fəaliyyətlərini Afrikada da həyata keçirib. Məsələn, 2014-cü ilin fevralında Keniya Nazirlər Kabinetinin katibi Frensis Kimemia bəyan edib ki, onun hökumətində USAID-in hökuməti devirmək məqsədilə Nayrobidə etiraz aksiyaları təşkil etmək üçün fəallarla iş gördüyünə dair sübutlar var.

Daha əvvəl isə 2011-ci ildə Misirdə Hüsni Mübarəkin devrilməsindən sonra yeni hökumətin qurulması prosesinə qarışmaq istəyən ABŞ-la inqilabdan sonra qurulmuş müvəqqəti hökumət arasında gərginlik baş verib. Polisin yardım təşkilatları arasında keçirdiyi reydlə əlaqədar USAID-in direktoru bu ölkəni tərk etmək məcburiyyətində qalıb. O, ölkəni tərk edərkən həm USAID-in, həm ABŞ-da fəaliyyət göstərən Milli Demokratiya İnstitutu, Milli Respublika İnstitutu adlı qeyri-kommersiya təşkilatlarına məxsus kompüter və yazıları özləri ilə aparıb.

Təşkilat Macarıstanın da daxili işlərinə qarışıb

Faktlar göstərir ki, USAID-in ölkələrin daxili işlərinə qarışmaq cəhdləri hələ də davam edir. 2023-cü ilin əvvəlində USAID-in rəhbəri və Bayden Administrasiyasında aparıcı fiqur olan Samanta Pauer Macarıstana səfər edib. Macarıstanda bəzi dairələr bu səfərin ölkənin daxili işlərinə qarışmaq niyyəti ilə edildiyini deyirdi. Səfər zamanı Samanta Pouerin hökumət əleyhinə düşərgədən bir sıra tanınmış şəxslərlə görüşməsi ölkədə ciddi narahatlıq yaradıb.

Mərkəzi Kəşfiyyat İdarəsi və USAID

Amerikanın ifrat sağçı xəbər kanalı olan "The Epoch Times" bu il avqustun 28-də Demokratlar Partiyasından prezidentliyə namizəd, ABŞ Prezidenti olmuş Con Kennedinin qardaşı oğlu Robert Kennedinin (oğul) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bütün dünyada özünə yaxın medianı maliyyələşdirdiyinə dair çıxışını paylaşıb. "Dollar münasibətləri"nin mövcudluğuna dair Venesiya Milli Komissiyasının açıqladığı hesabat fonunda Kennedinin bəyanatı xüsusilə diqqət cəlb edir. Kennedi bildirir ki, Mərkəzi Kəşfiyyat İdarəsi dünyada jurnalistikanın ən böyük dəstəkçilərindən hesab olunur və dəstək USAID vasitəsi ilə həyata keçirilir. Bu çıxış göstərir ki, "dollar mediası" nəinki mövcuddur, həm də onun fəaliyyəti ABŞ-ın dairələri tərəfindən tənzimlənir. Qeyd etmək yerinə düşər ki, USAID 1960-cı illərdə məhz Kennedi administrasiyası tərəfindən yaradılıb.

USAID-in kəşfiyyat işinə cəlb olunması və yardım edilən ölkələrin daxili işlərinə qarışması uzun illərdən bəridir ki, danılmaz fakt kimi qəbul olunur. 1960-70-ci illərdə agentlik Mərkəzi Kəşfiyyat İdarəsinin hazırda bağlanmış İctimai Təhlükəsizlik Ofisi ilə əməkdaşlıq edib. ABŞ Hesablama Palatasının 1976-cı il hesabatına əsasən, bu ofis xarici polislərə terror və işgəncə texnikaları ilə bağlı təlim keçib. USAID hər zaman bu ittihamları rədd etsə də 1973-cü ildə Konqres bu ittihamların ABŞ-ın ictimai imicinə zərbə vurduğunu əsas gətirərək agentliyə öz ictimai təhlükəsizlik proqramını mərhələli şəkildə dayandırmağı tapşırıb. Xarici polis qüvvələrinin hazırlanması Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə bu proqram vasitəsilə həyata keçirilirdi.

Proqram hazırda bağlanıb və indiyə kimi Vyetnam, Filippin, İndoneziya, Tailand və digər ölkələrdə minlərlə hərbçi və polis zabitlərinə treninq keçib.

Meksika Prezidenti Andres Manuel Obradorun 2023-cü ilin mayında verdiyi açıqlama da ABŞ-ın bir sıra ölkələr, o cümlədən Latın Amerikasında öz məqsədlərini həyata keçirmək üçün işləri davam etdiyini sübut edir. Meksika Prezidenti ABŞ-ı qonşularının daxili işinə qarışmaqda ittiham edib. O, ABŞ Prezidenti Cozef Baydenə bununla bağlı məktub ünvanlayaraq Vaşinqtonun Meksikanın Milli Müdafiə Katibliyinə qarşı təşkil edilmiş casusluq kampaniyasını pisləyib, habelə Dövlət Departamentinin yerli opponentləri maliyyələşdirməsindən şikayət edib. Bildirib ki, USAID onun təmsil etdiyi legitim və qanuni hökumətə qarşı çıxan təşkilatları maliyyələşdirir.

USAID həm qanunsuzluq edir, həm də qeyri-etik davranır

Halbuki USAID-in şüarlarında özlərinin hər işdə etik davrandıqları iddia olunur: "...Biz dürüst və şəffafıq səylərimizə görə cavabdehik və davamlı olaraq yüksək mənəvi standartı qoruyuruq. Etdiyimiz hər şeydə etik davranırıq. Biz həmkarlarımız, tərəfdaşlarımız və xidmət etdiyimiz şəxslərlə ədalətliyik və qarşılıqlı etimad münasibətləri qururuq. Biz bir-birimizə, tərəfdaşlarımıza və xidmət etdiyimiz insanlara hörmət nümayiş etdiririk".

Lakin təşkilatın adının hallandığı qalmaqallar, ölkələrin daxili işinə qarışma və özünü yardım təşkilatından daha çox kəşfiyyat orqanı kimi aparması faktları burada qeyd olunanların əksini deməyə əsas verir. Məlum olur ki, bu təşkilat həm qeyri-etik davranır, həm ölkələrə qarşı hörmətsizlik edir, həm də bunları edərkən qanunları da ciddi şəkildə pozur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.