Dünya

Bu cinayətlər bütün dünyanı şoka salır: dul qadınların başına gətirilən dəhşətlər - FOTOlar

29 Sentyabr 2022 23:25
Baxış: 4 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan qadınları həyat yoldaşlarını daim əzizləyir, bəsləyir, bütün günü qulluğunda durur. Əgər kişi xəstələndisə, qadın oruc tutur. Ərlərini heç vaxt adları ilə çağırmırlar, düşünürlər ki, adın çəkilməsi onun ömrünü qısaldır. Gəzərkən qadın heç vaxt ərinin yanında getmir, həmişə bir qədər ondan arxada getməyi tərcih edir. Ərinə "Siz" deyə müraciət edir, hər gün ayaqlarını yuyur. Bütün bunlar romanlarda bəhs edilən böyük sevgidən deyil, dul qalmaq qorxusundandır. Dul qalanlara ölümü və matəmi tərənnüm edən ağ paltar geyindirirlər və "Ağ dul qadınlar" adlandırırlar.

Milli.Az Hindistanda dul qadınların başına gətirilən dəhşətlər və onların acı aqibətini dəyərli oxuculara təqdim edir:

Nikah institutu və patriarxal adətlər

"Ağ dul qadınlar" adətinin sıx gözlənildiyi ştatlarda ailədə qız övladı dünyaya gələrsə, dərhal ər axtarışını gözdən keçiməyə başlayırlar. 6-7 yaşlarında onları artıq ərə verərək, əlavə "yük"dən azad olmağı düşünürlər. Bu zaman qız üçün seçiləcək həyat yoldaşının yaşının neçə olmasının da bu toplum üçün fərqi yoxdur.

Qız uşağını ərə verən kimi, valideynlər rahat nəfəs alır və düşünürlər ki, ağır yükdən azad oldular. Nişanlılar əksər hallarda bir-birinin üzünü sırf toy günü görürlər. Valideynlər isə gəlirlərin birləşdirilməsi haqda əqd bağlayırlar və artıq qohum hesab olunurlar. Ərə verilən qız artıq ata-anasına məxsusiyyətini itirir, hətta valideynləri düşünür ki, "cəza olaraq göndərilən" qız övladından canları qurtardı. Çünki Hindistanda qadın olaraq doğuldunsa, bu o deməkdir ki, sən artıq lənətlənmiş birisən.

Nəhayət, Hindistan adətlərinə uyğun ailə həyatı öz işinə başlayır. Ər Allahdandır, ər taledir, qismətdir, qız ərini uşaqlıqdan gözləyir, yalnız onu sevməli, ona məxsus olmalıdır. Adət diqtə edir ki, ər hər şeydir - həyatın özüdür, yerdəki tanrıdır, qadını məhz o tamamlayır və ərsiz qadın şəxsiyyət deyil, ümumiyyətlə, heç kimdir.

"Ağ dul qadınlar" - kimdir onlar?"

Qurulan ailələrdə yaş fərqləri kifəyət qədər çox olduğu üçün və bu ölkədə tibbin əlçatmaz olduğuna görə adətən ər daha tez ölür. Bundan sonra qadın "Ağ dul qadın" adlandırılır və ömrünün sonuna qədər bu statusun ona yaşadacağı faciələri, dəhşətləri gözləyir.

İlk olaraq dul qalan qadının saçları qısa kəsilir və məcbur edilir ki, ağ rəngdə "sari" adlanan paltar geyinsin. Bundan sonra, hətta qışda belə ona başqa paltar geyinmək yasaqdır. Hindistan qadınlarının çox xoşladığı bər-bəzək aksesuarlar taxılması da həmçinin qadağan edilir, eyni zamanda əylənmək, mahnı oxumaq, ictimai gəzintilərdə, məclislərdə iştirak etmək, ümumiyyətlə, sevinc nümayiş etdirmək yasaqlanır.

Ona bir boşqabdan artıq düyü (adətən duzsuz) yemək olmaz, şirniyyat isə qəti qadağandır. Onun hətta kölgəsi belə bədbəxtlik gətirən amil kimi qiymətləndirilir və əgər övladları onu evdən qovmurlarsa, bu böyük lütfkarlıq hesab olunur, bu zaman övladlarına dərin minnətdarlıq duyurlar. Amma çox hallarda bu lütfkarlıq baş vermir və onlar küçələrdə yatmağa məcbur olurlar, dilənməklə günlərini keçirirlər.

"Sati" ayini

19-cu əsrə qədər Hindistanın bir sıra ştatlarında "Sati" ayini geniş vüsət almışdı: ər öldüyü zaman onun yandırılacağı tonqalda qadın da yandırılırdı - bəli, diri-diri. Bu ayində onlara yaxın qohumlar "kömək" edirdilər - tonqalın yanında əlində dəyənəklə dururdular ki, əgər qadın özü odun içinə tullanmağa cürət etməyib qaçmağa can atarsa, onu tonqala doğru itələsinlər.

Bu amansız ayin rəsmi olaraq yalnız 1987-ci ildə ləğv olundu. Cəmi 35 il öncə, müqayisə üçün - qərb insanı bu zaman kompüterlə əlləşirdi. Günümüzdə isə qərarın rəsmi ləğvinə baxmayaraq, statistikaya görə, Hindistanda onlarla "sati" həyata keçirilir. Çox vaxt qadınlar özləri buna könüllü razılaşırlar, çünki yaşanacaq dul həyat təbii ki cəhənnəmin özüdür. Düşünülür ki, ərin vəfat etməsi qadının günahlarına görədir, ona görə də, o, bunun ağır bədəlini ömür boyu ödəməlidir.

Vrindavan - Müqəddəs şəhər - dul qadınlar şəhəri

Bir çox qadın dul qaldığı zaman, qaçıb müqəddəs sayılan Vrindavan şəhərinə sığınır. Onlara orada nisbətən loyal münasibət göstərilir və bu şəhərdə ailələrindən qovulmuş dul qadınlar üçün bir sıra yataqxanalar fəaliyyət göstərir. Burada qadınlar könüllülərdən yardım alır, əl tikişi ilə məşğul olur, öz tanrıları ilə danışmaq və ibadət etmək imkanı əldə edirlər. "Aşmar" adlı bu yataqxanaların yerləşdiyi şəhərin sakinləri bəzən Hindistanı dövr edərək, küçəyə atılmış bu qadınları öz çətirləri altına alır, yemək verir, "Aşmar"a gətirir, paltarla təmin edir və xoş sözlər deyərək, onları gülümsəməklərinə məcbur edirlər - bunu onlar unutmuş vəziyyətdədirlər.

Vrindavan Hindistanda bu qəbildən yeganə şəhər deyil, bir neçə şəhər cəmiyyətdən təcrid olunmuş dullara himayədarlıq etməyə çalışır. Lakin "Aşmar" kimi yataqxanalarla və digər yaxşı şəraitlərlə məhz Vrindavan məşhurdur.

Ölkədə müxtəlif QHT-lər fəaliyyət göstərir ki, bu amansız adət-ənənəyə son qoyulsun, dul qalmış qadınların hüquqları tanınsın, bərabərləşsin. Lakin geniş təbliğat üçün onlar yetərli deyil.

Gün kimi aydındır ki, xarici dildə təhsil dünyanı oxumağa, qabaqcıl ölkələrdən öyrənməyə, sırf daha bol məlumat, material əldə etməyə açılan qapıdır. Təhsili zəif olan, öz adət-ənənələrinə qapanan ölkələrlə müəyyən paralellər aparmağa çalışdıq.

Bu gün, yəni XXI əsrdə bu balaca planetin bir tərəfində zukerberqlər, qeytslər, milyonlarla qalaktika tapan NASA, digər tərəfində dul qadınların başına açılan faciələr. Bu mövzuda çox danışmaq olar, amma bütün bu müzakirələrin başında yeganə qüdrətli söz dayanacaq - TƏHSİL.

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.