Dünya

Rusiyaya qarşı "savaş" başlandı: udan kim, uduzan kim?

23 Fevral 2022 12:37
1 Şərh     Baxış: 3 822

Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərinin 1/3 hissəsinə nəzarət edən qondarma "Luqansk Xalq Respublikası"nın və "Donetsk Xalq Respublikası"nın müstəqilliklərinin tanınması ilə bağlı Rusiya Federasiyasının qərar qəbul etməsindən sonra rəsmi Moskvaya qarşı ciddi sanksiyalar başlanıb.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın banklarına, bankların törəmə təşkilatlarına, habelə Rusiyanın yüksəkçinli məmurlarına və onların övladlarına qarşı cəza sanksiyalarının tətbiq olunduğunu açıqlayıb.

Sanksiyalar tətbtiq olunan qurumlar arasında Rusiyanın VEB və "Promsvyazbank" bankları, onların Rusiya, Belarus, Ukrayna və Honkonqdakı 42 törəmə şirkəti, MOİK futbol klubu, habelə 5 gəmi və 4 məhkəmə var.

Birləşmiş Ştatların Maliyyə Nazirliyi bəyan edib ki, bu qərardan sonra Rusiyanın VEB və "Promsvyazbank" bankları ABŞ ərazisində biznes apara bilməyəcək, ABŞ-ın maliyyə sistemindən kənarlaşdırılacaq. Həmçinin, sözügedən bankların Birləşmiş Ştatlar ərazisindəki bütün aktivləri dondurulacaq.

"Promsvyazbank" bildirib ki, sanksiyalar onun fəaliyyətinə ciddi təsir etməyəcək: "Əvvəlki kimi işləyirik və fəaliyyətimiz bütün istiqamətlərdə davam edir".

Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi "Rusiya Prezidenti Vladimir Putinin ən yaxın ətrafındakı şəxslər"in ailə üzvlərinə də sanksiyalar tətbiq edib.

  • Həmin şəxslər VTB bankın top-meneceri Denis Bortnikov (Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun oğlu), "Promsvyazbank"ın sədri Pyotr Fradkov (sabiq baş nazir, Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru Mixail Fradkovun oğlu və VK holdinqin baş direktoru Vladimir Kirienkodur (Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kirienkonun oğlu).

Rusiya Federasiyasının suveren dövlət borcuna qarşı sanksiyalar isə bu ilin martın 1-dən sonra Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu və Maliyyə Nazirliyinin səhmləri ilə istiqrazlarının ikinci əl alqı-satqı bazarına sirayət edəcək.

Eyni zamanda, Rusiyanın təbii qazını Avropa Birliyinə nəql edəcək "Şimal Axını-2" boru kəməri layihəsinin reallaşması və istifadəyə verilməsinin qarşısının alınması üçün ABŞ bütün gərəkli addımların atılacağını bəyan edib

Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya Dövlət Dumasında donetskli və luqansklı separatçıların "müstəqillikləri"nin tanınmasını nəzərdə tutan qərarın lehinə səs vermiş 351 deputat Aİ-nin "qara siyahı"sına salınıb.

"Qara siyahı"da Rusiya Dövlət Dumasının vitse-spikeri və teleaparıcı Pyotr Tolstoy, teleaparıcı Vladimir Solovyov, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova və "Russiya Today"in rəhbəri Marqarita Simonyan da var.

Aİ üzvü olan dövlətlərin ərazilərinə girişi yasaqlanmış bu şəxslərin Avropa İttifaqındakı bütün aktivləri də dondurulacaq.

Eyni zamanda, Rusiyanın bir sıra banklarına, korporasiyalarına və kommersiya qurumlarına qarşı da sanksiyalar tətbiq olunub.

Aİ üzvü olan ölkələrdəki şirkətlərin istisnasız olaraq hamısına qondarma "DXR" və "LXP"lə hər hansı formada münasibətlər yasaqlanıb.

Aİ-nin maliyyə və kapital bazarlarına Rusiyanın girişi məhdudlaşdırılacaq.

Avropa İttifaqının xarici siyasət komissiyasının sədri Jozep Borrel Twitter-dəki akkauntunda yazıb: "Bundan sonra Milanda şopinq, Sen-Tropedə ziyafətlər, Antverpendə brilyantlar olmayacaq. Bu, ilk addımdır".

Və ən nəhayət, Aİ Belarusa xəbərdarlıq edərək bildirib ki, Rusiyanı dəstəkləyəcəyi təqdirdə Minskə qarşı da sərt sanksiyalar tətbiq olunacaq.

... Göründüyü kimi, sanksiyalar və cəzalar siyahısında "Şimal Axını-2" boru kəməri marşrutu da var. ABŞ Almaniyanın kansleri Olaf Şoltsdan tələb edir ki, bu marşrutun sertifikatlaşdırılmasını dayandırsın. Yəni reallaşmasına imkan verməsin.

Rəsmi Berlin çağırışa reaksiya verməsə, Vaşinqton və Brüssel anlamayacaq.

Fəqət, təməl anlam və qaçılmaz reallıq var: indiki reallıqda Rusiyanın təbii qazı ilə nefti olmadan Avropa İttifaqı keçinə bilməz. Nəzəri baxımdan mümkündür - bir şərtlə ki, avropalılar alışdıqları yaşam tərzindən və rifah səviyyəsindən imtina etsinlər. Aİ-nin təbii qazla təminatında problemlər yaranarsa və alış həcmləri azalarsa, Avropa İttifaqı ölkələrində soyuqdan donanların sayı onlarla yox, yüzlərlə olacaq. Üstəlik, elektroenerjinin bahalaşması, inflyasiya və s. kimi qaçılmaz sonucları da unutmayaq.

Təbii qaz Aİ-də sadəcə, adi istehlakçılara yox, bir çox müəssisələrə də gərək olduğundan "mavi yanacaq" alışlarında problemlərin yaranması rivah səviyyəsindəki geriləməni real edəcək.

Orta statistik avropalıya "Ukraynanı dəstəkləməyə hazırsanmı?" soruşsan, yəqin ki, rəyi soruşulanların təxminən yarısı "Təbii ki, hazıram" deyəcək. Lakin "Ukraynadakı kimi yaşamağa hazırsınız?" sualı səslənərsə, alınacaq cavabların total əksəriyyəti "Təbii ki, yox!" olacaq.

Onu da unutmayaq ki, bütün dünyada olduğu kimi, Rusiyada da iqtisadiyyatın real sektoru bilavasitə milli tənzimləmə mexanizmləri ilə idarə olunur.

Maliyyə və ticarət sektorlarında isə tənzimlənmə milli-ərazi mexanizmlərindən kənardır. Məsələ heç də aralarında xeyli peşəkarlar və ümumiyyətlə, normal adamlar olan konkret rusiyalı bankirlərdə deyil. Hətta problem Rusiyadakı bankların mülkiyyət formasında da deyil, çünki Rusiya Federasiyasındakı 10 iri bankdan 9-u ya dövlət bankıdır, ya da bu və digər formada dövlətin total nəzarətindədir. İş 1990-cı ildə Rusiyada sadəcə, bir məqsədlə - gəliri təmərküzləşdirərək konsolidə etmək məqsədilə yaradılmış sistemdədir.

Postsovet məkanının əksər ölkələrində olduğu kimi, Rusiyada da banklar iqtisadiyyatı maliyyə vəsaiti, pul kütləsi ilə təmin edən "tozsoran" yox, iqtisadiyyatdan pulu çəkən, "gəlir mərkəzi" rolunu oynayan sistemdir. Rusiyada belə gəlirləri "dollar" zonasında fəaliyyət göstərən banklar qazanırlar.

Özləri və ya Rusiya üçün yox təbii ki.

Bu, ayrı məsələdir: həmin bankların məqsədi pul kütləsini bir araya gətirməkdir.

Və təbii ki, belə sistem müstəqil olmadığından kənar təsirlərə həddən ziyadə zəifdir.

ABŞ və Avropa İttifaşı da məhz bəhs etdiyimiz hədəfə vurmağa başlayıblar.

Rusiya iqtisadiyyatının xammal, xüsusilə də enerjidaşıyıcılarının hasilatı və emalı sahəsinə isə kollektiv Qərb öldürücü zərbəni ya vurmayacaq, da da "Putinlə adamlarına Parisdə alış-veriş etməyə imkan verməyəcəyik" tipli yasaqlar tətbiq edəcək.

Rusiya isə xammal və energetik sektorlardan yararlanaraq Qərbə "bizim Çemberlenə cavabımız" tipində cavab verəcək.

Və sonda...

Qərbin sərt və genişmiqyaslı sanksiyalarına hazırlaşan Rusiya qızıl-valyuta ehtiyatlarını 640 milyard dollara çatdırıb...

Elçin Alıoğlu
Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics