Türkiyədə Kocaelinin İzmit rayonunda yerləşən "Tüpraş" neft emalı zavodunun benzin çənində hələlik müəyyən edilməyən səbəbdən partlayış baş verib. Hadisədən sonra ərazidən qatı tüstü kütlələri yüksəlib.
Milli.Az xəbər verir ki, partlayış zavodun çən sahəsində qeydə alınıb. İlkin məlumatlara görə, hadisə birbaşa benzin saxlanc çənlərindən birində baş verib.
Hadisə yerinə dərhal çox sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Partlayış nəticəsində ölən və ya yaralanan olmayıb.
Zavod rəhbərliyi hadisə ilə bağlı rəsmi bəyanat yayıb:
"İzmit neft emalı zavodumuzda bu axşam saat 21:30 radələrində çən sahəsində yanğın baş verib və texniki təhlükəsizlik qruplarımız tərəfindən qısa müddətdə nəzarət altına alınıb. Heç bir əməkdaşımız xəsarət almayıb. Müəssisədə əməliyyatlar normal rejimdə davam edir."
Partlayışdan sonra yaranan yanğın zavodun daxili təhlükəsizlik sistemləri və yanğınsöndürənlərin müdaxiləsi ilə böyümədən söndürülüb. Hazırda ərazidə soyutma işləri aparılır və hadisənin dəqiq səbəbləri araşdırılır.
Lalə Qüdrətova
Milli.Az





