Kahramanmaraşda yeni doğulmuş körpəyə qarşı törədilən zorakılıqla bağlı sarsıdıcı görüntülər üzə çıxıb. Hazel adlı tibb bacısının 5 günlük Deniz Esin Bozoklara qarşı fiziki zorakılıq etdiyi anlar xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Milli.Az xəbər verir ki, məlumata görə, hadisə 26 may 2021-ci ildə baş verib. Körpə az çəkili doğulduğu üçün yeni doğulmuşlar şöbəsində inkubatorda saxlanılıb. Təhlükəsizlik görüntülərində tibb bacısının körpəni inkubatordan çıxararaq ona təxminən 14 dəqiqə ərzində zorakılıq göstərdiyi, başına vurduğu və ayağını sıxdığı əks olunub. Bu zorakılıq nəticəsində körpənin ayağı sınıb və sonradan onun fiziki və zehni cəhətdən əlil qalmasına səbəb olub.
.png)
Deniz Esin Bozoklara daha sonra serebral iflic və epilepsiya diaqnozu qoyulub. Ailə isə qızlarının əlilliyinin anadangəlmə yox, zorakılıq nəticəsində yarandığını hadisədən təxminən üç il sonra, 2024-cü ilin iyununda elektron hökumət üzərindən məhkəmə bildirişi aldıqdan sonra öyrənib.
Ailənin vəkili Sait Bolat bildirib ki, bu hadisəni sadə xəsarət kimi qiymətləndirmək mümkün deyil: "Bu, açıq-aşkar vəhşilik, istismar və işgəncədir. Körpə ömürlük əlil qalıb, amma təqsirləndirilən şəxs bir gün belə həbs olunmayıb".
Hazel Dırık B. barəsində "qəsdən bədən xəsarəti yetirmə" maddəsi ilə cinayət işi açılıb və onu 3 ilə qədər həbs cəzası gözləyir. Hadisə Türkiyə ictimaiyyətində böyük rezonans doğurub və səhiyyə sistemində nəzarət mexanizmlərinin yenidən müzakirəyə çıxarılmasına səbəb olub.
Fidan
Milli.Az





