Bu gündən etibarən Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində Ermənistan sərhədçiləri xidmət aparacaq.
Milli.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat yayıb.
Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlanması səbəbindən "Marqara" keçid məntəqəsi fəaliyyət göstərmir.
2022-ci ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin daimi xidməti başlayıb.
"Marqara" sərhəd-keçid məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının tabeliyinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistana daxil olan və ölkədən çıxan bütün şəxslərə sərhəd nəzarəti müstəsna olaraq Ermənistan Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcək," - Paşinyan qeyd edib. /APA
Milli.Az