İdman

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

22 Yanvar 2020 08:52
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyüklərdən ibarət milli komandamız 24 - 26 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate 1 Premyer Liqa turnirində iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından Milli.Az-a verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi heyətdə 12 idmançımız və 3 nəfərlik kata komandası yer alıb.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyevlə Rəşad Hüseynov, eləcə də qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevin (komanda) yarışda çıxış etməsinə üstünlük verib. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanacaqlar. Parisdə həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə "Grand Winners" mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançılarıi Rafael Ağayevlə (-75 kq) İrina Zaretska (-68 kq) da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.