Formula 1 şirkətinin rəsmi saytında builki Azərbaycan Qran Prisinin favoritləri haqqında "Builki Formula 1 SOCAR Azərbaycan Qran Prisinin favoritləri" adlı geniş məqalə yazılıb. Milli.Az həmin məqaləni təqdim edir:
Bu həftə Formula 1 yüksək sürətli şəhər treki olan Bakı Şəhər Halqasına qayıdır. İndiyədək burada keçirilmiş üç yarış Formula 1 tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Buna baxmayaraq biz yenə də builki yarışın nəticələrinə dair bəzi təxminlər edə bilərik...
Bu il poulu kim qazana bilər?
İndiyədək Bakıda 3 dəfə poul qazanılıb və hər dəfəsində buna fərqli pilot yiyələnib. İlk yarışda - 2016-cı ildə Niko Rozberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa ən öndə start verib.
Bu il Hamilton və ya Fettel buna yiyələnsə bizim üçün sürpriz olmayacaq. Bu arada onu qeyd edim ki, Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran Pridə qriddə yarışa ilk dördlükdən başlamış yeganə pilotdur. Digər tərəfdən, Honda bu həftə Bakıya daxili yanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Ferstappenin ilk poul arzusuna çatmasına köməklik göstərəcək.
Mercedesin digər pilotu Valteri Bottas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran Prisində poula yiyələndi və bu baxımdan Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Valteri Bottas Mercedes komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran Pridə yarışa ilk 3-də start verib. Finlandiyalı sürücü bu həftə karyerasının 2-ci poulunu əldə edə biləcəkmi?
Qələbə üçün kimin şansı çoxdur?
Bakıda üç yarış və hər yarışda da fərqli qalib... və onlardan sadəcə biri bu bazar keçiriləcək yarışın favoritlərindən sayılır. Qaliblərdən Rozberq 2016-cı ildə Avropa Qran Prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasına son verdi. Buna görə onu bu siyahıdan çıxarda bilərik. 2017-ci ildəki Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdə başlamışdı və hazırda Renault komandasında bunu təkrarlaması imkansız görünür. Ötən ilki yarışın qalibi Luis Hamilton ondan əvvəlki iki yarışda 5-ci yerdən daha yaxşı nəticədə yarışı başa vura bilməmişdi.
Bizim tövsiyəmiz odur ki, bu həftəsonu Valteri Bottas və Şarl Lekleri xüsusi diqqətlə izləyin. Lekler Bakıda yaxşı forumdadır. Xatırlayın, 2017-ci ildəki Formula 2 yarışından bir neçə gün əvvəl atasının ölümünün verdiyi dərin hüznə baxmayaraq qələbə qazanmışdı. Ötən ilki Azərbaycan Qran Prisində isə o, Formula 1-dəki ilk çıxışında Sauber pilotu olaraq yarışı 6-cı yerdə başa vurmuşdu. Ferrarinin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı Lekleri bu həftənin favoritlərindən biri edir.
Hamiltonun ötən il Bakıda keçirilən Qran Pridə yarışın sonlarına doğru Bottasın yaşadığı təkərin deşilməsi problemindən sonra qələbəyə yiyələnə bilmişdi. Keçən ilki yarışı Bottas 1-ci yerdə bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli bu il Bottas Bakıya daha böyük qələbə arzusu ilə gəlir.
Red Bulla gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Ferstappen ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə komanda hər iki pilotu oxşar dərəcədə günahkar saydı. Bu həftə Bakıda baş tutacaq Formula 1 yarışı Red Bullun bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran Pri yarışıdır.
Podiuma ən yaxın kimdir?
Serxiyo Perez. Əslində o, podiumdan çox az kənarda qalır. Bakıda indiyədək keçirilmiş 3 yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) podiuma çıxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış Formula 1 pilotudur. Perezin Racing Point-dəki yeni komanda yoldaşı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu onların 2019-cu ildə podium naminə əməkdaşlığına uğurlu təsir göstərəcək.
Digər komandalar da əlbəttə həvəsləndirilməlidirlər. Ona görə ki, Bakıda keçirilmiş ilk yarış - 2016 Formula 1 Avropa Qran Pirisindən bu yana baş tutmuş 58 yarışın sadəcə üçündə Ferrari, Red Bull və Mercedes xaricindəki komandaların pilotları podiuma çıxa bilib və məhz bunlar da sırf Bakıda reallaşıb.
Bundan daha maraqlısı odur ki, indiyədək podiuma çıxmış 9 pilotdan beşi yarışa ilk 5-likdən arxada start verib. Builki dəyişikliklərin DRS-ə olan güclü təsiri pilotlara Neftçilər prospektindəki 2,2 km-lik sürətlənmə düzlüyündən daha yaxşı yararlanmağa köməklik göstərəcək. Nəticədə builki Azərbaycan Qran Prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.
Bu arada onu qeyd edim ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından Formula 1 təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə sahibdir. Bu göstərici 2017-ci ildə 42 və 2018-ci ildə 50 təşkil edib. 2016-cı ildəki ilk yarışda mövsümün ən çox ötmələrə şahidlik etdiyi trek olmasa da 62 ötmə ilə həmin mövsümün qabaqcıllarından olub.
Kimlər yarışdan xal qopara biləcək?
Adətən bu məqamda Niko Hulkenberq yada düşür, lakin bu dəfə istisna təşkil edə bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə divara vurub. Hər dəfəsində də bu, onun yarışı 5-ci sırada başa vurması ilə nəticələnib. Bu baxımdan Nikodan yana mərcə girməyə dəyər.
Nikonun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran Prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynzın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk 10-luqda başa vura bilib. Onu qeyd edim ki, McLarenin bolidi Bakının uzun sürətlənmə düzlüyündə yaxşı nəticə əldə edə biləcək səviyyədədir.
Haasa gəldikdə isə, bu komandanın texniki heyəti Azərbaycan Qran Prisinin onlar üçün çətin keçəcəyi qənaətindədirlər. Onlar üçün əsas məsələ hər iki pilotun - Roman Qrojan və Kevin Maqnussenin bolidlərindəki təkər problemlərini tezliklə aradan qaldırmaqdır. Bu baxımdan bazar günü onlar üçün gərgin və uzun keçəcək.
Milli.Az