İdman

Vüqar Həşimovun adı şahmat tarixinə qızıl hərflərlə yazılıb - Rauf Məmmədov

14 Aprel 2018 22:43
0 Şərh     Baxış: 576

Vüqar Həşimov memorialında iştirak edəcək Azərbaycan şahmatçı Rauf Məmmədov "Shamkir Chess 2018" super turnirinin rəsmi saytına müsahibə verib.

Milli.Az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- Bu il Şəmkirdə keçiriləcək Vüqar Həşimov memorialında 10 şahmatçı iştirak edəcək. Siz özünüzü bu heyətdə necə hiss edirsiniz?

- Şəmkirdəki turnirdə dördüncü dəfə iştirak edəcəyəm. Belə güclü şahmatçıların arasında olmaq xoş hisslər yaradır. Şəmkirdə güclü rəqabətim olacaq. Fikrimcə, hər bir iştirakçı mümkün qədər yaxşı mübarizə nümayiş etdirməyə çalışacaq. Özümü bu heyətdə yaxşı hiss edirəm. Turnir çox maraqlı olacaq.

- Necə düşünürsünüz, əsas mübarizə FIDE reytinqində ilk iki pillədə qərarlaşan Maqnus Karlsen ilə Şəhriyar Məmmədyarov arasında olacaq?

- Reytinq şahmatda vacibdir, amma hər şeyi həll etmir. Sözsüz, dünya çempionu Maqnus Karlsenin Şəmkirdə iştirakı yarışa marağı artıracaq. FIDE reytinqində ikinci olan Şəhriyar Məmmədyarov da favoritlərdən biridir. Bununla belə, digər şahmatçıları da unutmaq olmaz. Doqquz turdan ibarət mübarizədə xal itkiləri də olacaq. Çin şahmatçısı Dinq Liren, Rusiya təmsilçisi Sergey Karyakin, eyni zamanda, Aniş Giri iddialı iştirakçılardır. Ona görə mübarizənin təkcə Karlsen ilə Məmmədyarov arasında olacağı fikri ilə razı deyiləm. Təəssüflə bildirməliyəm ki, Vladimir Kramnik bu turnirdə iştirak etməyəcək.

- Sabiq dünya çempionu Vladimir Kramnikin Şəmkirdə olmaması rəqabətin azalmasına təsir edəcəkmi?

- Rəqabət azalmayacaq. Şəmkirdə onsuz da əksər iştirakçılar FIDE reytinqində yüksək yerlərdə qərarlaşıblar. Son illər Kramnikə böyük rəğbətim yaranıb. Vladimir Borisoviç kumirimə çevrilib. Onun nümayiş etdirdiyi partiyalar çox maraqlıdır. Gedişləri, çətin vəziyyətlərdən çıxış yolu, eləcə də sona qədər mübarizə aparmasını qeyd etməliyəm. Kramniki Şəmkirdə görmək çox xoş olardı. Ona qarşı oynamaq hər zaman maraqlıdır.

- Berlində keçirilən iddiaçılar turnirində Şəhriyar 8 xalla ikinci oldu. Sizcə, mötəbər yarışda qalib olmaq üçün Məmmədyarova nə kifayət etmədi?

- Şəhriyar Berlində çox yaxşı partiyalar oynadı. Hətta Dinq Lirenə uduzandan sonra da son ana qədər mübarizə apardı. Fikrimcə, yorğunluq özünü göstərdi. Əks halda, o, Çin şahmatçısına qarşı belə oynamazdı. Yorğunluq yekunda ona qalib gəlməyə mane oldu.

- Şəmkirdə hansı şahmatçı sizin üçün əsas rəqib hesab olunur?

- Bu turnirdə olmaq böyük hadisədir. Şəmkirdəki şahmatçılarla tez-tez oynamırıq. Ona görə fərqli mübarizə gözləyirəm. Hər bir rəqiblə şahmat taxtası arxasında mübarizə aparmaq xoşdur. Karlsen, Məmmədyarov, Liren, Karyakin və eləcə də digərləri. Təşkilatçılar ən güclüləri dəvət edib. Buna görə də Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinə təşəkkür edirəm.

- Doqquz turdan ibarət superturnir. Əsas hədəfin nə olacaq?

- Ötən il Şəmkirdəki turnirdə çıxış etməmişəm. İki il əvvəl iştirak edəndə reytinqim indiki qədər deyildi. Bu il əmsalım 2700-dən çoxdur. Yəni, Şəmkirdə fərqli Rauf olacaq. Bütün oyunlara ciddi hazırlaşacağam.

- "Shamkir Chess 2018" komanda yoldaşınız Vüqar Həşimovun xatirəsinə həsr olunur. Vüqarın adını daşıyan yarışda iştirak etmək sizdə hansı hissləri yaradır?

- Vüqar həmişə Azərbaycanda belə turnirin keçirilməsini və həmin yarışlarda iştirak etməyi aruzlayırdı. Həyat qəribəliklərlə zəngindir. İndi belə turnir var, amma Vüqar aramızda yoxdur. Yarış Vüqarın adını daşıyır. Onun adı gələndə həmişə 2009-cu ildə Serbiyadakı Avropa çempionatında qələbəni xatırlayıram. Vüqar adını şahmat tarixinə qızıl hərflərlə yazıb. O, həmişə bizimlədir. Bu yarışın təşkili Vüqarın adının əbədiləşdirilməsinə xidmət edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.