İdman

Böyükağa Hacıyev: "Yığmanı artıq özümüzkülərə verməyin vaxtıdı"

19 İyun 2011 14:55
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
- Əməkdar məşqçi adını almağınız münasibətilə sizi təbrik edirik!

- Sağ olun. Amma mənə utancvericidi. Bu ad bizə müəyyən xidmətlərimizə görə verilir. Amma gəlin görək bu gün biz nə işlə məşğuluq? Demək olar bütün yerli mütəxəssislər işsizdi. Bu gün biz Azərbaycan futboluna kömək edə bilmirik. Azərbaycanda yerli mütəxəssislərə sadəcə hörmət qoymurlar. Belə olmaz. Bizim futbol üçün etdiklərimizi bu şəkildə unutmaq olmaz.
 
- Nə vaxt məşqçiliyə qayıdırsız?

- Fikrimcə, hər şeyə bir aya aydınlıq gəlməlidi. İş əməkdar məşqçi almaqdan asılı deyil. Mənim üçün hazırda iki variant var. Amma müqavilə bağlamaq dərəcəsində yox. Bu günlərdə daha bir klub mənimlə maraqlandı. Sadəcə mən çox düşünürəm. Səhv etməkdən qorxuram. Düzdü, bir dəfə səhv də etmişəm və bu qədər bəsdi.
 
- Yəqin ki, "Standard"ı nəzərdə tutursuz...

- Mən Sumqayıt klubu ilə müqavilə bağlamamalıydım. İvanauskasın gedişindən sonra komanda cəmi 2 xal toplaya bilmişdi. Amma mənlə 25 xal yığdı. "Muğan"ı yensəydik, elitada qalacaqdıq. Mən komandanı çətin vəziyyətdə götürmüşdüm. Bunu özümə bağışlamayacam. Səhv etdim, amma onu bir də təkrarlamaq istəmirəm.
 
- Sizcə, niyə bizim məşqçilərə güvənmirlər?

- Mənim özümə də bu, çox maraqlıdı. Bizdə nə qədər əcnəbi məşqçi var? Bəlkə də, bu, menecerlərin işinə yarayır. Axı onlar transferlərdən yaxşı qazanc götürürlər. Amma yerlilərlə işləyəndə alınmır. Əgər əcnəbi məşqçilər yaxşı idisə, onda mənim bu sualıma aydınlıq gətirin. "İnter" rəhbərliyi Kaxaber Sxadadzeni heç nə edə bilmədiyi halda, niyə postunda saxladı? Əgər elə nəticəni mən göstərsəydim, dərhal istefa verərdim. Və ya Vinfrid Şeferin, Aleksandr Starkovun yerinə olsaydım. Bizim klub rəhbərlərimiz yerli mütəxəssislərdən dərhal nəticə tələb edirlər. Amma fərqli şərait yaradırlar. "Bakı" məndən 8 qələbə və çempionluq istəmişdi, bunu da verdim. Amma indiki vəziyyətinə baxın.
 
- Mümkündü ki, bizimkələrə sadəcə güvənmirlər?

- Mənə də o maraqlıdı ki, niyə yerli mütəxəssislərə də əcnəbilərə yaratdıqları şəraiti vermirlər? Məsələn, Ağasəlim Mircavadov "Xəzər Lənkəran"da çalışanda ona transferləri etməyə imkan vermirdilər. Amma Mirça Rednik gəldi, onun üçün tam fərqli şərait yaratdılar, bütün transferləri də o özü həyata keçirir. Belə heyətlə, şəraitlə onlar çempion olmağa sadəcə borclu idilər. Kuboku isə o heyətlə istənilən məşqçi qazanardı.
 
- Necə hesab edirsiz, yerli mütəxəssislərə bizdə nə vaxt yer tapılacaq?

- Belə görünür ki, mövsümün sonunda Berti Foqts yığmanın baş məşqçi postundan gedəcək. Çünki nəticə yoxdu. AFFA artıq bilir ki, yerli mütəxəssis gətirmək lazımdı. Hesab edirəm ki, yığmanı artıq özümüzkülərə verməyin vaxtıdı.
 
- Avrokuboklardakı təmsilçilərimizdən nə gözləyirsiz?

- AZAL haqda heç nə deyə bilmərəm. Bu komandada transfer işlərinin necə getməsindən xəbərim yoxdu. "Neftçi"də hər şey sərgilədiyi oyundan asılı olacaq. "Xəzər Lənkəran"ın özünü yaxşı tərəfdən göstərməsi üçün şansı var. Mənə deyiblər ki, komanda əla transferlər edəcək. Ona görə də cənublular öz gücünü göstərməlidilər. Əgər bu komanda yenə nəticə qazana bilməsə, Rednik nə deyəcək, bilmirəm. Kuboku yerli məşqçilər də qazanırlar. Onda o, yerli mütəxəssislərdən nə ilə fərqlənmiş olacaq? "Qarabağ"ın avrokuboklarda uğur qazanacağına inanıram. Qurban Qurbanovun əla komandası və yaxşı təcrübəsi var. Onlar yenə azarkeşləri sevindirəcək gücdədilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.