İdman

Braziliya serialı: anti-qəhrəmanlar, pul, ayrılıq, göz yaşları... - FOTO

2 İyul 2014 10:03
0 Şərh     Baxış: 2 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
XX dünya çempionatında ən maraqlı faktlar

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında ikigünlük "tufanqabağı sakitlik" hökm sürməkdədir. Cənubi Amerika çempionatı öz sürprizləri, sevinc və kədərləri ilə dünya futbol tarixinə düşüb. Fürsətdən istifadə edib mundialla bağlı bəzi yekunları və maraqlı faktları oxuculara çatdırırıq.
   
Ronaldu ən pislər siyahısında

Bu dünya çempionatında bəzi oyunçuların ulduzu parlasa da, bəzi ulduzlar "söndülər". Məhz bu səbəbdən  Britaniyanın "Eurosport" kanalı Braziliya mundialının qrup mərhələsində ən zəif çıxış edən 11 oyunçunu müəyyənləşdirib. Onların sırasında Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu, İspaniyanın və İngiltərənin ulduz oyunçuları da yer alıblar.

Beləliklə, mundialın qrup mərhələsinin ən zəif oyunçularından ibarət rəmzi komandası belədir:

Qapıçı: İqor Akinfeyev (Rusiya);

Müdafiəçilər: Serxio Ramos (İspaniya), Pepe (Portuqaliya), Con Boy (Qana), Leyton Beyns (İngiltərə);
Yarımmüdafiəçilər: Aleks Sonq (Kamerun), Uilson Palasios (Honduras), Stiven Cerrard (İngiltərə), Andres İnyesta (İspaniya);
Hücumçular: Kriştianu Ronaldu (Portuqaliya), Dieqo Kosta (İspaniya).

Pul davası

XX dünya çempionatında ən çox dartışılan mövzulardan biri də puldur. Əvvəl Kamerun millisi onlara vəd edilən pulu ödəmək istəmədiyi üçün mundiala iki gün qalmış Braziliyaya getməkdən imtina etmişdilər. Amma FİFA Kamerun Futbol Federasiyasını 5 illik sanksiya ilə hədələdikdən sonra milli komanda mundiala gəldi. Başqa bir Afrika təmsilçisi Qana millisinin oyunçuları da onlara vəd olunan mükafatın verilmədiyini əsas gətirərək Portuqaliya ilə qrup oyunundan imtina edəcəklərini bildirmişdilər. Bundan sonra Qana hökuməti təcili surətdə Braziliyada olan futbolçulara üç milyon dollar göndərmişdi. Yalnız pullarını aldıqdan sonra qanalı oyunçular Portuqaliya ilə matça çıxdılar.

Nigeriya millisinin futbolçuları da ölkələrinin futbol rəhbərliyi ilə pul davası aparırdılar və komanda Fransa ilə oyuna çıxmayacağını bəyan etmişdi. Buna səbəb Nigeriya Futbol Federasiyasının (NFF) 1/8 finala çıxan millinin futbolçularına vəd etdiyi mükafatı vermək istəməməsi səbəb olmuşdu.

Onlar mükafatlarının qısa bir zamanda ödənilməyəcəyi halda həm məşqlərə, həm də iyunun 30-da Fransaya qarşı keçiriləcək DÇ-2014-ün 1/8 final oyununa çıxmayacaqlarını bəyan ediblər.

Nigeriya millisinin oyunçuları dörd il öncə CAR-da keçirilən mundialda da eyni problemlə üzləşmişdilər.  Federasiya qrupda iştiraka görə mükafat vəd etsə də, Nigeriya pley-off-a çıxmadığı üçün pullar ödənilməmişdi. İddia edilir ki, nigeriyalı oyunçular oxşar hadisənin bu dəfə Braziliyada təkrarlanacağından ehtiyat ediblər.

Məşqçi istefaları

Braziliya çempionatı baş məşqçi istefaları ilə də yadda qaldı. Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç komandasının "F" qrupunda mübarizəni dayandırmasından sonra istefa verdi. Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni də komandasının uğursuzluğuna görə özünü günahkar saydı və tutduğu vəzifədən getdiyini bəyan etdi.

İstefaya gedənlər sırasında Kot-d`İvuar millisinin baş məşqçisi Sabri Lyamuşi də var. Komandasının Yunanıstana məğlub (1:2) olduğu oyundan sonra o da bəyan etdi ki, milli ilə başa çatan müqaviləsini yenilməyəcək. Qeyd edək ki, Kot-d`İvuar Yunanıstanla heç-heçə etsəydi, tarixində ilk dəfə dünya çempionatında 1/8 finala yüksələcəkdi. Amma onlar uduzmaqla bu şansı əldən verdilər.

Uruqvayla oyunda məğlub olaraq evə qayıdan İtaliya millisinin baş məşqçisi Çezare Prandelli də karyerasına Braziliyada nöqtə qoydu. İran millisinin baş məşqçisi, 61 yaşlı portuqaliyalı Karluş Keyruş da istefa verənlər sırasındadır. Çempionatda üç ağır məğlubiyyətə uğrayan Honduras millisinin çalışdırıcısı Luis Fernando Suares də bu mundialda başçılıq etdiyi millidən gedib.

Braziliyanı erkən tərk edən İngiltərə millisinin baş məşqçisi Roy Hocson isə uğursuzluğa görə istefa verməyəcəyini deyib. "İstefa vermək üçün heç bir səbəb görmürəm. Futbolçularımla və məşqçi heyəti ilə birgə məşqlərə davam edirik.  İngiltərə Futbol Federasiyasının dəstəyi ilə burada işləməyə davam edəcəm. Komandanı çalışdırmaq üçün ən doğru insanın özümün olduğunu düşünürəm".

Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu da komandasının uğursuzluğuna baxmayaraq istefa verməyəcəyini bildirib. 

İki qapıçı, iki rekord

Braziliya çempionatında ən yaşlı oyunçu rekordu təzələnib. Kolumbiya millisinin qapıçısı Ali Fərid Mondraqon Yaponiya ilə matçda  meydana çıxmaqla dünya çempionatlarının final mərhələsində forma geyən ən yaşlı futbolçu olub.

43 yaşlı (daha, dəqiqi 43 yaş, 3 gün) qapıçı oyunun 85-ci dəqiqəsində David Ospinanı əvəzləyib. Bununla da o, kamerunlu futbolçu Roje Millanın rekordunu qırıb. R.Milla ABŞ-da keçirilən dünya çempionatında Rusiyaya qarşı oyuna çıxanda 42 yaş 1 ay 8 günlük olub.
İtaliya millisinin qapıçısı Canluici Buffon da dünya çempionatının tarixinə düşüb. Kosta-Rika ilə görüşdə komandasının qapısını qoruyan Buffon bununla da beşinci dəfə dünya çempionatında iştirak edib. Bu nəticə ilə o, Antonio Karbaxal (Meksika) və Lotar Matteusdan (Almaniya) sonra beş dünya çempionatında oynayan üçüncü futbolçu olub. Qeyd edək ki, C.Buffon bundan əvvəl 1998, 2002, 2006 və 2010-cu illərdə keçirilən dünya çempionatında İtaliya millisinin şərəfini qoyub.

Kütləvi dopinq test

Braziliya mundialı futbolçuların kütləvi dopinq testi ilə də yaddaşlarda qalacaq. FİFA 800 futbolçunun (91 faiz) keçdiyi testdə heç bir oyunçunun qanında dopinq tapılmayıb. Dopinq-testindən keçməyən bəzi futbolçular isə turnir başa çatana qədər qanında dopinq olub-olmadığı yoxlanacaq. Kosta-Rika millisinin yeddi futbolçusundan götürülən dopinq-testin nəticəsini də hamı maraqla gözləyirdi. Uruqvay və İtaliyaya qalib gələn komandanın üzvlərindən götürülən testin nəticəsi mənfi olub.  Xatırladaq ki, adətən, dopinq-test prosedurunu FİFA iki oyunçunu cəlb edir. Amma Kosta-Rikanın İtaliyaya qalib gəldiyi qrup matçından sonra ali futbol qurumu daha beş futbolçudan qan analizi götürmüşdü. FİFA bunu çempionatdan əvvəl bəzi futbolçuları testdən keçirməməsi ilə izah etmişdi.

Braziliya da göz yaşlarına inanmır...

Bu çempionatda da meydanda sevinc və kədər gözyaşları müşahidə edilir. Brazliya-Meksika qarşılaşmasından  əvvəl hər iki ölkənin dövlət himni səslənərkən azarkeşlər maraqlı mənzərənin şahidi olublar. Meydan sahiblərinin oyunçusu Neymar ölkəsinin himni səslənən zaman  göz yaşlarını saxlaya bilməyib.

Braziliya millisinin oyunçusu Çiliyə qarşı keçirilən 1/8 final oyunu (1:1, penaltilər seriyasında 3:2) bitən kimi də ağlamağa başlayıb. Amma bu dəfə başqa səbəbdən...
Oyundan sonra o, jurnalistlərə deyib ki, 120 dəqiqə, bundan başqa, penaltilər seriyası zamanı çox çətinlik cəkiblər. "Əslində sevincimdən ağladım. Bu, bizim ən yaxşı oyunlarımızdan deyildi. Amma mərhələ adlamaq üçün göstərdiyimiz səylər məni də heyrətləndirdi. Hələ heç vaxt bu qədər ağrılarım olmamışdı. Zərbələr aldım, belimdə ağrı ola-ola oynadım. İndi ancaq istirahət haqda düşünürəm", - deyə o bildirib.

"G" qrupunda Portuqaliya millisi Qanaya 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finala yüksələ bilməyib. Qana ilə oyunda komandasının qələbə qoluna imza atan Kriştianu Ronaldu qrup mərhələsini adlaya bilmədikləri üçün hönkür-hönkür ağlayıb. 

"C"qrupunda Kolumbiya ilə matçdan öncə Kot-d`İvuar millisinin futbolçusu Serey Di ölkəsinin himni çalınanda ağlayıb. 29 yaşlı yarımmüdafiəçinin ağlaması himnlə əlaqədar olmayıb. S.Di oyundan iki saat əvvəl atasının ölüm xəbərini öyrənib və buna görə də himn çalınan zaman göz yaşlarını saxlaya bilməyib.

Kuryoz


A qrupunda keçirilən Braziliya - Meksika matçını Pele avtomobilində radiodan canlı dinləyib. Buna səbəb oyunun keçirildiyi şəhərin yollarında tıxacın yaranması səbəb olub. Dünya futbolunun canlı əfsanəsi Pele də tıxac səbəbindən Braziliya - Meksika görüşünün ilk hissəsini izləyə bilməyib.

Argentina milli komandasının Braziliyada keçirilən məşqi başa çatan kimi azarkeşlər kütləvi şəkildə meydana axışıblar. Xəbərə görə, fanatlar bu zaman özlərini dinc aparıblar və sadəcə, futbolçularla söhbət etmək istəyiblər.

Bir azarkeş isə millinin lideri Lionel Messiyə yaxınlaşaraq onun qarşısında diz çöküb və futbolçunun butslarını silməyə başlayıb. Bundan sonra Messə həmin azarkeşi qucaqlayıb və öz formasını ona hədiyyə edib.

Ən yaşlı jurnalist

Dünya çempionatında təkcə futbolçular və məşqçilər deyil, yarışın gedişatını işıqlandıran jurnalistlər də diqqət mərkəzinə düşürlər.

Yaponiyalı Xiroqişi Kaqava da belələrindəndir. 89 yaşı olmasına baxmayaraq, Xiroqişi Kaqava dünya çempionatında akkreditasiyadan keçib.

Onu yəqin ki, hazırda peşə fəaliyyətini davam etdirən dünyanın ən yaşlı jurnalisti də saymaq olar.

Yeni Müsavat

Böyütmək üçün şəkillərə klikləyin.


DÇ-2014-ün bütün xəbərləri burada.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.