İdman

Rəşad Sadıqov: «Allah eləməsin ki, mən Türkiyəni «yıxan» adam olam»

16 Oktyabr 2010 11:24
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
- Türkiyə millisinin qapısına qol vurduqdan sonra qardaş ölkədə sənə münasibət müsbət mənada çox dəyişik. Artıq neçə gündür Türkiyə telekanalları və qəzetləri sənin müsahibələrini yayımlayır.

- Mən buna qədər də Türkiyənin iki klubunda - "Kayserispor" və "Kocaelispor"da oynamışdım. "Eskişehirspor" isə mənim yeni klubumdur. Əlbəttə, istənilən kluba təzə gəldiyin zaman sənə inam elə də çox olmur. Mən də bir peşəkar futbolçu olaraq belə şeylərə öyrəşmişdim. Çox sevinirəm ki, Türkiyə ilə oyunda özümü daha da tanıtdırmağı bacardım. Bu oyun bizim üçün yaxşı fürsət oldu. Qol vurduqdan sonra məndən gözləntilər daha çox olacaq. Ona görə də indi "Eskişehirspor"un heyətində Türkiyə superliqasındakı növbəti matçıma hazırlaşıram. Uğurlarımızın davamı gəlsin.

- Millidə öz sözünü desən də, yeni klubunda hələ də debüt edə bilməmisən. Sabiq baş məşqçiniz Rza Çalımbayın səni meydana buraxmamasının özəl səbəbi var idi?

- Xeyr. Sadəcə, o, bir baş məşqçi olaraq, belə qərar vermişdi və mən də bunu normal qarşılayırdım. Onunla söhbətim olmuşdu. Məşqlərimi edirdim və səbir edib meydana çıxacağım günü gözləyirdim. Çalımbay təcrübəli, güclü məşqçidir, istəyirdi ki, kritik oyunlarda heyət yaxşı olsun. Onun seçimi belə idi və mən buna hörmətlə yanaşırdım.

- Amma artıq Çalımbay "Eskişehirspor"u tərk edib və komandanın yeni baş məşqçisi Bülənt Uyğun bildirib ki, növbəti oyunda səni əsas heyətə daxil edəcək.

- Düzü, mən bu haqda fikirləşmirəm. Başımı aşağı salıb məşqlərimi edirəm. Sabah "İstanbul Böyük Şəhər Bələdiyyəsi" klubu ilə qarşılaşacağıq. Oyundan əvvəl start heyəti açıqlanacaq. İlk onbirlikdə olub-olmamağım o zaman bilinəcək. Rəqib çox güclüdür. Bu komandaya qarşı iki dəfə oynamışam. Sevmədiyim rəqiblərdən biridir. Yaxşı müdafiə olunur və effektiv əks-hücum təşkil edən klublardandır. Hücumda İbrahim Akın kimi oyunçusu var.

- Türkiyə ilə oyundan sonra Bülənt Uyğunla söhbətin olub?

- Yox. Sadəcə, bura gəldiyim gün qələbə münasibətilə məni təbrik etdi. Birdə ki, mən artıq daha Türkiyə ilə matçı fikirləşmirəm. Artıq hər şey keçmişdə qalıb. Bir azdan məşqimiz başlayır və mən bütün diqqətimi sabah Türkiyə superliqasında keçirəcəyimiz oyuna yönəltmişəm.

- Komanda yoldaşların Türkiyə ilə oyundan sonra sənə nə dedilər?

- Təbriklərini çatdırdılar, zarafatlarından da qalmadılar.

- "Eskişehirspor"lu futbolçular və qardaş ölkənin mətbuatı səni "Türkiyəni "yıxan" adam" kimi də təqdim edirlər.

- Bunlar hamısı bir zarafatdır. Allah eləməsin ki, mən Türkiyəni "yıxan" adam olam.

- Yeri gəlmişkən, çoxları bir suala da cavab tapmaq istəyir: Türkiyəyə vurduğunu qola nəyə görə sevinmədin?

- Mən "Qarabağ"da oynayanda da belə idim. Təbii ki, qol vuranda sevinirəm, amma emosiyalarımı tam biruzə verməməyə çalışıram. Elə olub ki, çox sevinmişəm, amma axırı yaxşı qurtarmayıb. Mən vurduğum qolun sevincini adətən oyundan sonra daha yaxşı şəkildə yaşayıram.

- Künc zərbəsindən vurduğumuz qol da Türkiyə mətbuatında müzakirə mövzusudur. Beynəlxalq oyunlarda bundan əvvəl də belə qola imza atmışdın.

- Bəli, Avropa kuboklarında Avstryianın "Rid" və Slovakiyanın "Nitra" klublarının qapısından bu ev tapşırığından sonra top keçirmişdim. O zaman "Neftçi"də oynayırdım.

- "Avro-2012"nin ilk iki seçmə matçında məğlub olduq, Türkiyəni isə məğlub etdik. Bu qələbə gələcək oyunlarda uğur qazanmaq baxımından futbolçularımıza nə kimi müsbət təsir göstərəcək?

- Hər şeydən əvvəl məsuliyyətimiz artacaq. Artıq hamımız başa düşməliyik ki, uğurların davamını gətirməliyik. Bizim aktivimizdə artıq üç xal var, qarşıda komandamızı hələ yeddi oyun gözləyir. Türkiyə ilə matçdakı uğuru unudub Belçikayla səfərdə keçirəcəyimiz oyunu fikirləşməliyik. Biz futbolçular - mən də, Kamran Ağayev də, Mahir Şükürov da  - hamımız dərk etməliyik ki, bütün oyunlarda var gücümüzü ortaya qoymalı, daha istəklə çalışmalı və uğurlu nəticələr əldə etməliyik. İndidən gələcək oyunlara köklənməli və Belçika üzərində uğur qazanmaqla Azərbaycan futbolu tarixində yeni bir ilkə imza atmalıyıq.

- Azərbaycan prezidentinin Türkiyə üzərindəki qələbəyə görə sizi təbrik etməsindən xəbərdarsan?

- Bəli. Prezidentimizin komandamıza inanması bizim üçün qürurverici bir haldır. Çox istərdim ki, cənab prezident növbəti oyunlarımızdan birini stadionda izləsin.

- Kamran Ağayevin "Türkiyəyə uduzsaydıq, Əmrəylə dalaşacaqdım" kimi açıqlaması birmənalı qarşılanmayıb. Millinin kapitanı olaraq, Kamranın bu fikirlərinə münasibətin necədir?

- Kamran bəzən belə açıqlamalar verir. Biz onun bu cür fikirləriniə öyrəşmişik. Kamranı belə xasiyyətinə görə də sevirik. Amma onun Türkiyə ilə oyunda dava salmaq istəməsinə inanmıram. Əgər hətta davaya cəhd etsəydi belə, mən buna imkan verməzdim. Birincisi, rəqibimiz qardaş Türkiyənin komandasıdır. İkincisi isə Bakıda oynayırıq və istənilən komanda bizim qonağımızdır.

- Türkiyə ilə qarşılaşmadan sonra bu ölkədə bəzi futbol şərhçilərinin Azərbaycan millisinin qələbəsini həzm edə bilməməsi sənə necə təsir edib?

- Biz belə şeylərə fikir verməməliyik. Bəli, üç xal qazanmışıq. Amma bu qələbəni çox da şişirtməməliyik. Görəcək işlərimiz hələ çoxdur. Gələcək oyunlara daha yaxşı hazılaşmalıyıq. Rəqiblərimizin bizi ciddiyə almamasına fikir verməməliyik. Kənarda atılan replikalara cavab verməkdənsə, hamımız - biz futbolçular və media bir yumruq kimi birləşib uğurları qazanmağın yollarını düşünməli və bir-birimizə yardım etməliyik. Biz həm də doğru, sağlam tənqidlər sayəsində böyük uğurlara imza ata bilərik. Buna çox ehtiyacımız var. Xüsusilə xalqımız bizdən futbol sahəsində uğurlar gözləyir. Mən hər uğurumuzdan sonra onların sevincini görəndə çox kövrəlirəm və özümü xoşbəxt sayıram.

- Türkiyə ilə matçdan sonra superliqa klublarından azərbaycanlı futbolçularla maraqlanan olubmu?

- Bəli, iki-üç futbolçumuza transfer təklifi edilib. Klubların və futbolçuların adlarını açıqlamaq istəmirəm. Ola bilər ki, əgər bizim klublar problem yaratmasa, artıq qış transfer dövründə bir neçə futbolçumuz Türkiyənin superliqa klubuna keçsin. Mən bizim futbolçuların birdən-birə böyük klublarda oynamasını istəmirəm və buna imkan vermərəm də. Onlar hələ ortabab komandalarda oynamaqla çox təcrübə toplamalıdırlar.

- "Beşiktaş"ın Kamran Ağayevlə maraqlanması doğrudurmu?

- Bundan xəbərim yoxdur.

/Qol.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.