İdman

FIFA Argentina millisinə qarşı intizam araşdırmasına başladı

30 İyul 2026 09:27
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

FIFA Argentina millisi ilə bağlı intizam araşdırmasına start verib. Buna səbəb komandanın 2026-cı il dünya çempionatının yarımfinalından sonra Folklend (Malvin) adaları ilə bağlı siyasi məzmunlu banner nümayiş etdirməsi, həmçinin final qarşılaşmasından sonra meydanda baş verən insidentlər olub.

Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Oyundan sonra bəzi futbolçular üzərində "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinanındır") yazılmış bannerlə meydana çıxıblar. Bu addım Argentina ilə Böyük Britaniya arasında uzun illərdir davam edən Folklend adaları mübahisəsinə işarə kimi qiymətləndirilib.

FIFA-nın intizam qaydalarına əsasən, futbol yarışlarından siyasi mesajların çatdırılması məqsədilə istifadə olunması qadağandır. Məhz bu səbəbdən Argentina Futbol Federasiyası barəsində intizam işi açılıb.

Folklend adaları 1833-cü ildən Böyük Britaniyanın nəzarətindədir. Adalar uğrunda mübahisə 1982-ci ildə 74 gün davam edən müharibəyə səbəb olmuş, həmin qarşıdurmada 900-dən çox insan həyatını itirmişdi.

Məsələ Böyük Britaniyada da siyasi reaksiya doğurub. Keçmiş Baş nazir Kir Starmerin sözçüsü Folklend adalarının Böyük Britaniyanın ərazisi olduğunu vurğulayıb. ABŞ-nin FIFA İşçi Qrupunun rəhbəri Endryu Culiani isə argentinalı futbolçulara dəstək verərək, söz azadlığının müdafiə olunmalı olduğunu bildirib.

Argentina millisi oxşar hadisə ilə ilk dəfə üzləşmir. Komanda 2014-cü ildə Sloveniya ilə yoldaşlıq oyunundan əvvəl eyni məzmunlu banner nümayiş etdirdiyinə görə FIFA tərəfindən 20 min funt-sterlinq cərimələnmişdi.

Araşdırma yalnız bannerlə bağlı deyil. FIFA finaldan sonra Argentina və İspaniya futbolçuları arasında yaşanan qarşıdurmanı da araşdırır.

İntizam işi çərçivəsində Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes üç hücum ittihamı ilə üzləşib. Nahuel Molina iki hücum və idmançıya yaraşmayan davranış, köməkçi məşqçi Roberto Ayala isə hücum ittihamı üzrə araşdırılır. Finalda iştirak etməyən Tiaqo Almada və İspaniya millisinin futbolçusu Qavi də idmançıya yaraşmayan davranış maddəsi üzrə intizam araşdırmasına cəlb olunublar.

FIFA bildirib ki, tərəflərə izahat vermək üçün vaxt tanınıb və yekun qərar Intizam Komitəsinin araşdırması başa çatdıqdan sonra açıqlanacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.