"Futbol Total en Dsports" idman kanalının aparıcısı Xuan Furlançiç "Barselona"nın futbolçusu Lamin Yamalın İspaniya çempionatının 33-cü turunda "Selta" ilə matçda (1:0) aldığı zədə barədə sərt fikirlər səsləndirib. Gənc futbolçunun penalti zərbəsi zamanı zədələnməsi İspaniya mətbuatında böyük müzakirələrə səbəb olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Furlançiç bu zədənin təsadüf olmadığını diqqətə çatdırıb. O bildirib ki, Yamal matçdan cəmi 48 saat əvvəl şəxsi təyyarə ilə səfərdən qayıdarkən fast-fud yeməsini sosial şəbəkələrdə paylaşıb.
Aparıcının sözlərinə görə, penalti vuran zaman zədələnmək kifayət qədər qəribə görünsə də, bu, birbaşa idmançının öz sağlamlığına biganə yanaşmasının, kifayət qədər istirahət etməməsinin və pis qidalanmasının nəticəsidir.
"Bu, hakerlər tərəfindən oğurlanmış foto deyil, Lamin özü bununla öyünürdü", - deyə jurnalist vurğulayıb.
Xatırladaq ki, Yamalın bu zədə səbəbindən La Liqada mövsümü erkən başa vuracağı və DÇ-2026-nın startını qaçıra biləcəyi gözlənilir.
Qeyd edək ki, 18 yaşlı istedad cari mövsümdə meydana çıxdığı 45 matçda 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub.
Milli.Az





