3-5 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "AGF TROPHY 2026" beynəlxalq turniri keçirilib. Üç gün davam edən yarışda 15 ölkədən gimnastlar iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, Azərbaycanı bu mötəbər turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil ediblər.
Turnirin ilk günündə gənclər və böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə bacarıqlarını nümayiş etdiriblər.
İkinci gün fərdi və qrup hərəkətləri üzrə komanda hesabında çoxnövçülükdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Gimnastlarımız Kamilla Seyidzadə və Fidan Qurbanlı komanda hesabında gümüş medal qazanaraq uğurlu çıxışları ilə seçiliblər.
Yarışın son günündə də gimnastlarımız yüksək nəticələrlə yadda qalıblar. Gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva top ilə fərdi proqramda gümüş, lent ilə proqramda isə qızıl medal əldə edib. Böyüklər arasında Gövhər İbrahimova halqa və lent ilə proqramda bürünc, Fidan Qurbanlı isə top ilə proqramda gümüş medal qazanıb.
Turnir çərçivəsində tamaşaçılar üçün müxtəlif interaktiv müsabiqələr də təşkil olunub. Müsabiqə qalibləri 17-19 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokuna bilet qazanıblar.
Milli.Az





