Fransalı ulduz futbolçu Kilian Mbappenin agenti kimi fəaliyyət göstərən anası Fayza Lamarinin "Real Madrid"dən illik 4,5 milyon avro gəlir əldə etdiyi iddia olunur.
Milli.Az-ın xarici mediaya istinadən yaydığı xəbərə görə, bu məbləğ ayrıca əməkhaqqı kimi deyil, Mbappenin qazancının bir hissəsi qismində ödənilir. Bildirilir ki, transfer zamanı tərəflər arasında 30 faizlik payla bağlı razılıq əldə olunub.
İddialara əsasən, Lamarinin aldığı məbləğ klubun bəzi futbolçularının maaşından daha yüksəkdir. Məlumata görə, "Kral klubu"nun azı on oyunçusu ondan daha az qazanır.
Qeyd edək ki, futbol dünyasında oyunçu maaşının müəyyən hissəsinin agentə verilməsi geniş yayılmış praktikadır və faiz dərəcəsini tərəflər öz aralarında razılaşdırırlar.
Mbappenin "Real Madrid"də illik qazancı isə 15 milyon avro sabit maaş və əlavə olaraq 19,4 milyon avro bonusdan ibarətdir.
Hüseyn
Milli.Az





