Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ" klubu "Kəpəz"lə qarşılaşıb. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk olaraq rəqibi təbrik edib. O, Azər Bağırovun komandasının yaxşı oyun nümayiş etdirdiyini və layiqli qələbə qazandığını bildirib. Qurban Qurbanov mövsümün ikinci hissəsinə istədikləri kimi başlaya bilmədiklərini etiraf edib:
"Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular. Çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq, qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə "Liverpul"la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir".
Milli.Az





