ABŞ Prezidenti Donald Tramp İranla bağlı davam edən hərbi əməliyyatların miqyasını genişləndirəcəyini bəyan edib. Məşhur "Time" jurnalına eksklüziv müsahibə verən Tramp, İranın kritik infrastrukturunun hədəfə alındığını açıqlayıb.
Milli.Az xəbər verir ki, Trampın son bəyanatları Vaşinqtonun Tehranı danışıqlar masasına oturtmaq üçün "maksimum təzyiq" taktikasını hərbi müstəviyə keçirdiyini göstərir.
Tramp müsahibəsində ABŞ ordusunun son əməliyyatları barədə məlumat verərək, İranın logistika və enerji sistemlərinə ağır zərbələr endirildiyini bildirib: "Dünən gecə İranda üç böyük körpünü partlatdıq. İndi isə onların elektrik sistemlərini hədəfə alırıq. Onlar tamamilə məhv edilirlər". Ağ Ev rəhbəri bu addımların Tehranı real danışıqlara başlamağa məcbur etmək məqsədi daşıdığını vurğulayıb.
Tramp həmçinin bildirib ki, əgər İran ABŞ ilə razılıq əldə edərsə, İsrail də dərhal müharibəni dayandıracaq. O, müttəfiqi İsrail üzərindəki nüfuzuna əminliyini bu sözlərlə ifadə edib: "İranla razılaşsaq, İsrail də buna əməl edəcək. Onlara nə desəm, onu edəcəklər. Məqsədimiz bölgədə davamlı sülhə nail olmaqdır".
Prezident Tramp İran tərəfinin müharibə dövründəki dözümlü, lakin nəticəsiz qalan mövqeyinə də toxunub. O, bəzi tənqidçilərin "Tramp İranla danışmır" iddialarını rədd edərək, vəziyyətin əslində daha sadə olduğunu deyib:
"Deyirlər ki, Tramp danışıqlar aparmır. Əslində bu, kifayət qədər asan bir prosesdir. Sadəcə Tehran reallığı qəbul etməlidir".
Analitiklər hesab edirlər ki, Trampın infrastrukturu hədəf alan bu açıqlamaları İran daxilində iqtisadi və sosial gərginliyi artırmağa hesablanıb. Hazırda bütün dünya Tehranın bu "açıq hədəf" bəyanatına verəcəyi cavabı gözləyir.
Səkinə Yusifova
Milli.Az





