İdman

Berti Foqts nədən şikayətləndi?

31 May 2012 11:17
0 Şərh     Baxış: 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Andorra ilə yoxlama oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

- 90 dəqiqədən razı qaldım. Sürətli oyun sərgilədik və diqtə edən tərəf idik. Təəssüf ki, qol vura bilmədik. Komanda taktiki cəhətdən meydanda düzgün hərəkət etdi. Cinahlar özlərini heç də pis göstərmədilər. Amma cərimə zərbələrində bəxtimiz gətirmədi. 5:0 hesabıyla qalib gələ bilərdik. Hücumçularımızı tənqid etmək istərdim. Onlar hamısı superqol vurmaq arzusunda idilər. Əsas qol vurmaqdır. Qolun necə alınması isə o qədər də vacib deyil. Yenə deyirəm, bütövlükdə razıyam. Amma nəticə ürəkaçan deyil. Hakim birinci hissədə Raufa qarşı kobudluğa görə penalti təyin etməli idi.
 
- Almaniyalı hakimlərdən belə idarəçilik gözləyirdiniz?

- Bir qədər ədalətli hakimlik gözləyirdim. Mənim üçün hakimin hansı millətdən olmasının fərqi yoxdur. Amma hakimlər haqda çox danışmaq istəmirəm. İstənilən halda bizim hücumçulara qol vurmağa onlar mane olmurdular.
 
- Bəxtsizlikdən şikayətlənirsiz. Belə rəqiblə qarşılaşmada bu, nə dərəcədə düzdür?

- Konsentrasiya çatışmazığı var. Amma hər şeyə rəğmən bu görüşü yığmanın ən yaxşı oyunlarından biri sayıram. Onlar istəyəndə yaxşı oyun sərgiləyə bilirlər.
 
- DÇ-2014-ün seçmə mərhələsinə üç ay qalmış biz Avropanın ən zəif komandalarından birini yenə bilmədik...

- Bu, yoldaşlıq oyunudur. Almaniya yığması da AÇ-2012-nin favoriti olduğu halda, qitə çempionatına bir neçə gün qalmış İsveçrəyə 3:5 hesabıyla uduzdu. Əgər bu oyunda da pis futbol sərgiləsəydik, mən də narahat olardım. Amma gördüyünüz kimi, hər şey tam fərqli oldu. Hər halda İsrail yığması bizimlə qarşılaşmada 10 oyunçu ilə müdafiə olunmayacaq. Andorra isə bütün görüş boyu müdafiə olundu. Seçmə mərhələ oyunlarında yaratdığımız qol epizodlarından yararlanmaq daha asan olacaq.
 
- İkinci hissədə futbolçularımız bir-birinin üstünə tez-tez qışqırmaları ilə diqqət çəkirdi. İsraillə oyunda da belə olsa, yəqin ki, məğlub olacağıq. Nə etməyi düşünürsüz?

- Siz hələ Almaniya yığmasının üzvlərinin oyun zamanı bir-biri ilə necə danışdıqlarını bilmirsiz! Bu, futbolun bir hissəsidir. Əgər stadionda azarkeşlər çox olsaydılar, siz bu söhbətləri eşitməzdiniz. Oyundan sonra bütün futbolçular yenə öz dostluqlarında qalırlar.
 
- Seçmə mərhələdə neçə xala ümid edə bilərik?

- Qol vura bilməsək, ola bilsin ki, iki xal. İki dəfə qolsuz heç-heçəyə nail olmaqla bu mümkündür. Siz Azərbaycan çempionatının hansısa oyununda bu qədər qol epizodu görmüsüz? Rauf Əliyev kimi gözəl qol vurmaq eşqinə düşmək lazım deyil. Bunu Raufun özünə də dedim. İlk imkandaca rəqib qapısına yol tapmaq lazımdır. Herd Müller həmişə adi qollar vururdu. Bu haqda komanda ilə də danışacağam.
 
- Yığmamızda debüt matçını keçirən Uğur Pamukun çıxışını necə qiymətləndirərdiz?

- Kimisə xüsusi qeyd etmək istəmirəm. Əsas odur ki, komanda oyunu sərgiləyə, düşündüklərimizi meydanda həyata keçirə bildik. Yalnız qol istisna olmaq şərtilə. Bizə sadəcə 5 faiz çatışmadı.
 
- Ötən tsikldə siz rekord xal yığmaqla yadda qaldınız. Bəs bu dəfə nə qədər xal yığmağı düşünürsüz?

- Hesablamıram və belə plan qurmağa da hazırlaşmıram. İstəyirəm ki, komandam hər oyunda yaxşı futbol sərgiləsin və bütün 90 dəqiqə ərzində vuruşsun. Xala gəlincə, bu, mənim üçün maraqsızdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.