İdman

Qətər çempionatının “dadını” Azərbaycanda belə qaçırdılar...

22 Noyabr 2022 11:36
Baxış: 1 612

Qətərin dünya çempionatına ev sahibliyi etməsinin xüsusilə, avropalıların qarnına niyə ağrı saldığının şüuraltı mənası aydındır. Avropalılar düşünürlər ki, yaxşı nə varsa, bunların olmalıdır, çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Elə ən yaxşı çempionatı da onlar keçirə bilərlər.

Bu da irqçiliyin bir nümunəsidir. Avropalı üçün Yaxın Şərq deyəndə yalnız partlayan bombalar, vətəndaş müharibələri, gözyaşı assosasiya olunur. Ya da onlar bunun həmişə belə olmasını arzu edirlər.

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir, yəni ənənəvi Şərq ölkəsi deyil. Amma son illər ölkəmizdə hansı beynəlxalq səviyyəli yarış, Avroliqanın finalı, Avropa çempionatın oyunları keçiriləndə yenə avropalıların yadına insan haqları düşdü, ölkəmizə qarayaxma kampaniyasına başladılar. Heç kim demir ki, ölkəmizdə insan haqları ilə bağlı vəziyyət qüsursuzdur. Amma bunları dilə gətirərkən, məsələn, müasir Fransaya, aksiyaçılara tutulan divana baxın və arada imkan olsa, utanın...

Qətər müsəlman ölkəsi kimi heç kimə nümunə deyil, deyəsən, erməniyə də yaxınlıq edirlər. İnsan haqları ilə bağlı ölkəyə illərdir davamlı qınaqlar da var və sairə... FİFA-ya isə "niyə çempionat bu ölkəyə verildi" sualları illərdir ki, səslənir. İnsan haqları ilə bağlı iradlar FİFA prezidenti, isveçrəli Canni İnfantinonun canını o qədər boğaza yığdı ki, nəhayət çempionatın açılışı ərəfəsi dilə gəldi.

O, Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində bu ölkənin insan haqları ilə bağlı tənqid olunmasına çox dəqiq cavab verdi:"Fikrimcə, biz avropalılar insanlara əxlaq dərsi verməzdən əvvəl 3 min il ərzində bütün dünyada etdiklərimizə görə, növbəti 3 min il ərzində üzr istəməliyik".

İnfantino yaxşı bilir ki, avropalıların insan haqları barədə dedikləri yalnız şirmadır, hansısa dövlətin işinə burnunu soxmaq üçün bəhanədir. Məsələn, bizə nümunə kimi göstərdikləri İsveçdə bir tualet tikəndə referendum keçirərdilər, indi isə NATO üzvlüyünə görə bir Allahın qulunun rəyini soruşan yoxdur. Bəs, harda qaldı insan haqları? Hələ Türkiyədə insanların qanını töküb bu ölkədə sığınacaq tapan kürd terrorçulara qucaq açmaqlarını demirəm... Ona görə Qətərdə insan haqlarını bəhanə edib bu futbol şölənini qaralamaq cəhdi mənasız işdir.

Qətər çempionatının açılışı üçün Hollivud rejissorlarının hazırladıqları ssenari maraqlı oldu. Qətər çempionata hazırlığa 300 milyard dollar xərcləyib, bu pulun heç yarısını belə geri qazanmaq mümkünsüzdür. Amma futbol üzrə dünya çempionatına ev sahiblik etmək elə bir tarixdir ki, pul varsa, hələ çoxdursa, xərcləməyə xəsislik etməmək də olar. Qətər hökuməti sərhralarda stadionlar tikib, bəzilərinin hətta sökülə biləcək texnologiya ilə hazırlandığı deyilir. İndi onu da eşidirik ki, bəs, çempionatdan sonra bu stadionlar necə olacaq? Ərəblər fikirləşmir, bizimkilər deyir e... Necə ki, Azərbaycanda Olimpiya satdionu tikiləndə də belə suallarla üzləşdirdik. "O pulu qaçqınlara xərcləyərdilər, körpü tikəydilər, yol çəkəydilər" və sairə... Yollar və körpülər üçün ayrılan milyardlar korrupsiya yeminə çevrilib, heç o pulu yeyənlər də daha vəzifədə yoxdurlar. Amma o stadion qalır. Qalır və böyük matçlar olanda orada keçirilir. "Kristal-holl"a dövlət lazımsız xərc çəkdi, amma bunu da ölkənin imici üçün etdi. Hər şeyə neqativ prizmadan baxmaq yaxşı xüsusiyyət deyil.

Qətər çempionatı ilk dəfə qışda keçirilir, iş qrafikinə uyğun olmayan saatlarda matçlar da var. Amma iki sutka keçməyib, yavaş-yavaş öyrəşirik, çempionatın havasına giririk.

Bir "əmma" da var ki, bu haqda yazmaya da bilərdim. Amma bu da insan haqları ilə birbaşa bağlıdır, həm də bu məsələnin on minlərlə futbol azarkeşinin hüquqlarının pozulması kimi qiymətləndirirəm, hətta rusafobiya kimi də...

Bu gün 17.00-da İran-İngiltərə oyunun 10-cu dəqiqəsində MATÇ-TV kanalında yayımın İTV-yə keçdiyini gördüm. Təəccübləndim. Pulta əl dəymiş olsaydım belə, İTV-ni göstərə bilməzdi. Çünki bir neçə aydır bu kanalı da proqramdan çıxarmışam, azsaylı kanallar əsasən, idmanla bağlıdır. Açılışa və ilk oyuna MATÇ TV-dən baxa bilmişdim. Bizim şərhçilərə iradım-filanım yoxdur, amma bu, mənim seçimidir, hesab edirəm ki, istənilən oyunu onlar daha peşəkar şərh edirlər. Nəhayət, mənə belə xoş və rahatdır.

"ATV plyus"a zəng etdim, narazılığımı bildirdim. Operator xanım dedi ki, çempionatın yayım hüququnu Azərbaycandan İTV alıb və bütün çempionatı bu kanaldan izləməli olasız. Bəs, abunəçi hüququ, bəs abunə haqqı, bəs rusdilli vətəndaşlar? Cavab eyni. Çempionatın "dadının" qaçdığını hiss etdim, "ATV-plyus"la da vidalaşmaq zamanı olduğunun da...

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics