Cəmiyyət

Aktyor Ali Baş Komandanla görüşündən danışdı - FOTO

30 Oktyabr 2021 09:05
0 Şərh     Baxış: 1 641

Tanınmış gülüş ustası, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyev bu yaxınlarda ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlıya səfəri çərçivəsində təşkil olunan görüşlərdə iştirak edib. Əməkdar artist bu barədə təəssüratlarını bizimlə bölüşüb:

"Nəhayət! Uzun həsrətdən sonra dədə-baba yurdumuza ilk dəfə ayaq basdım. Buna görə həddindən artıq sevinirəm və qalib bir ölkənin vətəndaşı kimi çox böyük qürur hissi keçirirəm. Qubadlının təbiəti gözəl, havası gözəl, suyu gözəl! Qubadlıya səfər günü sanki günəş də bizi iliq nəfəsi ilə salamlayırdı. Sevincim yerə-göyə sığmırdı. Həyatımın ən gözəl anlarını yaşadım. Allaha min dəfə şükür elədim ki, nə yaxşı ki, o yerləri görmək üçün mənə möhlət verib.

Uşaqlıq illərim Qubadlının Bəxtiyarlı, Xallava, Qayalı, Xələc kəndlərində keçib. Qubadlı mənimçün müqəddəs ziyarətgahdır. Anam ölən günəcən Qubadlı həsrəti ilə yaşadı. Bu görüşdə doğma kəndlərimizi görə bilməsəm də, nənəmgilin kəndi Xələcdən Qubadlı rayonunun mərkəzinə çəkilən bulağın suyundan içdim və nənəmi, dünyasını dəyişən doğmalarımızın əziz xatirəsini yad etdim. Anam, neçə qohum-əqrabam Qubadlı həsrəti ilə bu dünyadan köçüblər... Allah hamısına rəhmət eləsin.

Təəssüf ki, gözəl yurdumu viran gördüm. Hər yeri dağıdıblar, xarabazara çeviriblər. Ağaclardan da qisas alıblar, kəsiblər, doğrayıblar, təbiətə sonsuz ziyan vurublar. Yüzillik ağacları belə məhv ediblər. Bu vəhşilik yer üzünə sığmır...

Qubadlıdakı "Ana" abidəsini yerlə yeksan ediblər, məktəbləri, evləri dağıdıblar, izi-tozu da bilinmir. Bəzi evərin uçmuş, kol-kos basmış divarları qalıb. Biz o məkanlara gedəndə hamımızın gözlərində yaş var idi. Yolboyu dağıdılmış, viran qalmış yurdları gördükcə çox təsirlənsəm də, göz yaşlarıma hakim ola bilməsəm də, Ali Baş Komandanımızın Qubadlıdakı çıxışı sanki hər birimizə qol-qanad verdi. O, ürək dolusu nitqi ilə həsrətdən qübar bağlamış qəlbimizin nisgilini, gözlərimizin yaşını sildi və söz verdi ki, Qubadlı yenidən qurulacaq, tikinti və abadlıq işləri aparılacaq, kənd təsərrüfatının, sənayenin inkişafına təkan verən irimiqyaslı layihələr həyata keçiriləcək...

Biz həmişə Ali Baş Komandanımıza inanmışıq, ona güvənmişik. Onun əmri, ordumuzun gücü ilə düşmənə biz layiqli yerini göstərə bildik.

Mən görüşdə bir məsələni də duydum və qürurlandım, prezidentimiz qədər bəlkə də Qubadlının kəndlərinin adlarını dəqiq bilmirik. O isə bu kəndlərin hər birini qarış-qarış tanıyır. Qarabağın dilbər guşələrini, vətənimizin köksündən qoparılan hər parçasını bizə yenidən bəxş edən müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və şanlı igidlərimizə hər zaman borcluyuq. Allah cəmi şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin.

Artıq Qubadlının bəzi yerlərində, Xanlıq kəndində və digər kəndlərdə evlərin tikildiyini gördük. Prezidentimiz işğaldan azad olunmuş torpaqlarımızı abadlaşdırmaq üçün var qüvvəsi ilə çalışır...

Həmişə prezidentimizlə fəxr etmişəm və görüşdə də ona sonsuz təşəkkürlərimi bildirdim. Ulu öndərin layiqli davamçısı olduğunu bir daha elə onun özü ilə söhbətdə vurğuladım və bunu qeyd etməyi özümə borc bildim. Öz adımdan, qubadlılar adından Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm ki, bizi torpaqlarımıza qovuşdurdu. Bu görüşdə o, Qubadlını qubadlılara təhvil verdi...

Bu səfərdən sonra sanki ruhum təzələndi, indi özümdə o dağların gücünü hiss edirəm. Torpaqdan güc almaq bu imiş! Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün açılışında iştirak edəcəyəm, "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy obrazı ilə sevimli tamaşaçılarımızın qarşısına çıxacağam. Arzum budur ki, tamaşaçıları yaxın zamanlarda doğma Qubadlıda  qarşılayaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.