Cəmiyyət

Saxta COVİD pasportu verən vəzifəli şəxslərə cinayət işi açıldı

17 Avqust 2021 12:36
0 Şərh     Baxış: 2 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq "COVİD-19" pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta "COVİD-19" pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVİD-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir.

Həmçinin, bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.