Cəmiyyət

Sərhədçilərimizin öldürülməsi ilə bağlı cinayət işi Baş Prokurorluğa həvalə olundu

17 May 2021 10:37
Baxış: 726

Dövlət Sərhəd Xidmətinin (DSX) iki əməkdaşının öldürülməsi ilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in  sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən qurumun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.