Cəmiyyət

30 ildir gözlədiyi fürsəti əldən verməyən müəllim - FOTOlar

1 May 2021 11:44
Baxış: 765

"Özümüzdən sonrakılara, o cümlədən oğluma və şagirdlərimə müharibə adlı bir "sərvət" qoyub getməyəcəyimə görə qürurluyam" 

Müəllimlik çox şərəfli, eyni zamanda çətin və məsuliyyətli vəzifədir. Bu şərəfli və məsuliyyətli vəzifəni öz çiyinləri üzərində daşıyan müəllimə bütün cəmiyyətlərdə hər zaman hörmətlə yanaşılıb. O, sadəcə təhsil müəssisəsində dərs deyən insan kimi deyil, geniş dünyagörüşlü, bilikli, savadlı, vicdanlı, vətənpərvər, şagirdlərinə nəsihət, öyüd, ağıl verən, elm öyrədən kamil şəxsiyyət kimi qəbul olunub. Müəllim uşaqları, gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. Filosofların qənaətincə, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir. Nəticə etibarilə o, müqəddəs bir vəzifə icra edərək xalqın, dövlətin gələcəyini formalaşdırır. Görkəmli dövlət xadimi Otto fon Bismark ölkəsinin möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edərək bildirirdi ki, ölkəsi ona görə qələbə çaldı ki, alman müəllimi fransız müəlliminə üstün gəldi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev isə müəllim əməyini daim yüksək qiymətləndirərək deyirdi ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
 
"Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən"

Xalqın, millətin, dövlətin gələcəyi naminə məsuliyyətli və şərəfli bir vəzifəni icra edən müəllimlər Azərbaycanın müstəqilliyinin, ölkənin ərazi bütövlüyünün qorunması naminə ötən 30 ildə pedaqoji fəaliyyətlə yanaşı, həm də ideoloji cəbhənin əsgərlərinə çevriliblər. Zərurət yarananda ideoloji cəbhəni ön cəbhəyə dəyişməyi də bacarıblar. Tanınmış Azərbaycan şairi və müəllimi Səməd Vurğun kimi - "Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən" - deyib, sinfi, auditoriyanı səngərə dəyişməyi bacarıblar.

Milli.Az kaspi.az-a istinadən xəbər verir ki, belə müəllimlərdən biri də Zamir Abbas oğlu Əsgərovdur. O, 9 yanvar 1993-cü ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. Üç bacının yeganə qardaşı olan Zamir 2011-ci ildə Xoylu kənd tam orta məktəbini bitirərək Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Füzuli rayonundakı "N" saylı hərbi-hissədə əsgərliyini çəkən Z.Əsgərov komandanlığa könüllü müraciət edərək xidmət yerini ön cəbhəyə, düşmənlə üzbəüz səngərə dəyişməyi xahiş edib. Onun bu arzusu komandanlıq tərəfindən təmin olunub. Bundan bir müddət sonra isə 2016-cı ilin Aprel döyüşləri başlayıb. Z.Əsgərov Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib.
 
"Xidmət yerimi düşmənlə üzbəüz səngərə dəyişdim"

Z.Əsgərov bizimlə söhbətində ön cəbhədə xidmət etmək istəməsini belə əsaslandırıb: "Mən Qarabağın üzünü görməmişəm, o torpaqlara ayaq basmamışam. Anadan olduğum tarix Birinci Qarabağ Müharibəsi illərinə təsadüf edib. Bir yaşım tamam olandan 4 ay sonra atəşkəs sazişi imzalanıb. 7 yaşımda birinci sinfə getməyim 2000-ci ilə təsadüf edir. Yəni mən müharibə gedən ərazidən yüz kilometrlərlə uzaqda doğulmuşam, böyümüşəm. Amma bu ölkənin hər bir vətəndaşı kimi işğal altında olan torpaqların həsrətini, nisgilini, qaçqın və məcburi köçkünlərin çəkdiyi ağrı-acını, çətinliyi mən də çəkmişəm, mənən yaşamışam, özümü qarabağlı bilmişəm. Bu hislərlə elimə-obama, Vətənimə bağlı olmuşam. Elə bu hislər də məni ön cəbhədə xidmət etməyə vadar edib. Baxmayaraq ki, əvvəlki xidmət yerim rahat idi, heç bir çətinliyim yox idi, kimsə də məni başqa bir seçim etməyə məcbur etmirdi, amma mən rahatlıq tapa bilmirdim. Çünki tariximi bilirdim, əsrlərdir ermənilərin öz havadarlarının dəstəyi ilə xalqımızın başına açdığı müsibətlərdən, Xocalıda, eləcə də Qarabağın digər ərazilərində azərbaycanlılara qarşı törədilən soyqırımlardan xəbərdar idim. Bütün bunlar düşmənə nifrətimi sonsuz etmişdi və qisas almağı düşünürdüm. Ona görə də, xidmət yerimi düşmənlə üzbəüz səngərə dəyişdim, postda keşik çəkdim. Burada xidmət çox ağır idi. Demək olar ki, hər gün düşmən, atəşkəsi pozurdu. Biz də daha sərt cavab atəşi ilə onları susdururduq".
 
 
"Mayor Elnur Əliyev özünü qumbaranın üstünə atdı ki..."
 
Qəhrəmanımız Aprel döyüşlərinin iştirakçısına çevrilməsindən də söhbət açıb: "2016-cı ilin Aprel döyüşləri başlayanda, "nəhayət ki, o gün yetişdi" deyib, döyüşlərə qatıldım. Tək mən yox, bütün hərbçi yoldaşlarım döyüşlərə böyük həvəslə qatılmışdı. Düşmənə qarşı cəsarətlə, mərdliklə vuruşurduq. Dörd gün davam edən bu döyüşlərdə zabit, gizir, çavuş və əsgər heyəti çiyin-çiyinə verib ermənilərə sarsıdıcı zərbə vurduq, azad etdiyimiz hər qarış torpaq uğrunda, sözün əsl mənasında qan tökdük. Orada rütbəsindən asılı olmayaraq hamımız bir idik, əsgər idik, bizləri bir amal birləşdirirdi. Düşməni məhv, torpaqlarımızı azad etmək. Bir çox əsgər yoldaşlarım həmin döyüşlərdə qəhrəmanlıqla savaşıb şəhidlik zirvəsinə ucaldılar. Şəhid mayor Elnur Əliyevin ad-soyadını xüsusi qeyd etmək istəyirəm. Təsəvvür edin, yaxın məsafəli şiddətli döyüşlərin getdiyi bir vaxtda düşmən bizim olduğumuz mövqeyə əl qumbarası atdı. Mayor Elnur Əliyev bir an tərəddüd etmədən özünü qumbaranın üstünə atdı ki, qəlpələr şəxsi heyətdən kimisə yaralamasın, öldürməsin. Beləcə, bir-birimizi qoruya-qoruya, yorulmadan savaşdıq. Ermənilərin 30 ilə yaxın müddətdə qurub möhkəmlətdiyi, barəsində əfsanələr, nağıllar uydurduğu "Ohanyan müdafiə xətti"ni cəsur hərbçilərimiz cəmi bir saatın içində darmadağın etdi. Düzdür, bir çox strateji yüksəkliklər və ərazilər azad olundu. Ancaq o zaman, təəssüf edirdik ki, bu iş yarımçıq qaldı və biz bütün ərazilərimizi işğalçılardan təmizləyə bilmədik".
 
"Tərəddüd etmədən səfərbərlik xidmətinə yollandım"

2016-cı ilin iyul ayında hərbi xidmətini başa vuran Z.Əsgərov ixtisası üzrə çalışmaq qərarına gəlib. Bu məqsədlə müəllimlərin işə qəbul imtahanında iştirak edib. Göstərdiyi nəticəyə və seçiminə uyğun olaraq Yardımlı rayonunun Arvana kəndində müəllim işləməyə başlayıb. Bir il sonra iş yerini Tərtər rayonunun Soyulan kənd orta məktəbinə köçürüb. Dörd il bu məktəbdə şagirdlərə coğrafiya fənnini tədris edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a kimi davam edən 44 günlük Vətən Müharibəsində iştirak etməsindən söhbət açan Z.Əsgərov bildirib ki, əsgərlikdəki yerdəyişməsində olduğu kimi İkinci Qarabağ Savaşında iştirakı da onun könüllü seçimi olub: "2020-ci ilin iyul ayında Tovuz rayonunun Ermənistanla sərhəd Ağdam kəndi ərazisində ermənilər növbəti təxribata əl atdılar. Şiddətli döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu şəhid oldu. Buna baxmayaraq düşmənə ağır zərbə vuruldu, çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edildi. Bu hadisə cəmiyyətdə hər kəsi hiddətləndirmişdi. Baxmayaraq ki, hərbi xidmətimi başa vurmuşdum, evin tək oğlu idim, karyera qurmuşdum, işim-gücüm, ailəm, Emil adlı 4 aylıq körpə oğlum var idi, tərəddüd etmədən səfərbərlik xidmətinə yollandım, müharibə başlayacağı təqdirdə, könüllü olaraq döyüşlərə qatılmaq istəyimi bildirdim. Başa düşürdüm ki, bu münaqişə birdəfəlik həll olunmayınca, bizə dinclik yoxdur. Bizdən əvvəl atalarımız, indi isə biz üzləşdiyimiz kimi, sabah da övladlarımız bu təhlükə qarşısında qalacaqlar. Bir ata kimi öz oğluma, müəllim kimi isə şagirdlərimə bu "mirası" pay qoyub getmək istəmirdim".
 
 
"8 saat ərzində dayanmadan döyüşdük"

Vətən Müharibəsi başlayanda Z.Əsgərovun keçmiş döyüşçü kimi təcrübəsi, könüllü müraciəti nəzərə alınaraq səfərbərliyə cəlb olunub. Beş gün təlim keçdikdən sonra Tərtər, Ağdərə, Suqovuşan, Ağdam istiqamətində həyata keçirilən bütün əks-hücum əməliyyatlarında iştirak edib: "Şükürlər olsun ki, o tarixi an yetişdi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimizə genişmiqyaslı hücum əmri verildi. Mən də səfərbərliyə cəlb olundum və Tərtərdəki "N" saylı hərbi hissənin şəxsi heyəti ilə birlikdə döyüşlərə qatıldım. Çətin döyüşlər olsa da, ürəyimizdəki Vətən sevgisi, ailəmizi yağı düşməndən qorumaq, torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü təmin etmək istəyi bizə ruh verirdi, döyüş əzmimizi artırırdı. Ermənilərin postlarını, döyüş mövqelərini ələ keçirdikcə, onların canlı qüvvəsini və texnikasını ard-arda məhv etdikcə coşur, daha da irəliyə can atırdıq. Prezidentimizin vurğuladığı kimi, hərbçilərimiz aslan kimi savaşırdılar. Oktyabrın 17-də belə şiddətli döyüşlərin birində əsgər yoldaşım yaralandı və onu xilas etməyə, təhlükəsiz əraziyə aparmağa çalışdım. Amma minaatan mərmisinin yaxınlığımıza düşməsi nəticəsində özüm də yaralandım. Beləcə, yaralı halda saatlarla düşmənlə savaşdıq, hətta mühasirəyə düşdük. Amma ümidimizi bir an da olsa üzmədik, son nəfəsimizə qədər vuruşduq. Bölük və tabor komandirimiz, digər komandir heyətimiz şəhid oldu. Çoxsaylı itkilər verdik, ancaq təslim olmadıq, mövqelərimizdən geri çəkilmədik. Əksinə, ermənilərin 530 yüksəkliyinə doğru əks-hücumu davam etdirdik. Təsəvvür edin, gecə saat 4-dən günorta saat 12-dək 8 saat ərzində dayanmadan döyüşdük. Tərtərdəki başqa bir hərbi hissənin köməyimizə çatması nəticəsində mühasirədən çıxdıq. İtkilərimiz, yaralılarımız çox oldu, lakin sonda istəyimizə çatdıq, erməni mövqeyini ələ keçirdik".
 
 
"Yaram sağalan kimi dərhal geriyə qayıtdım"
 

Vətən Müharibəsində yaralanan Z.Əsgərov təxliyə edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cəmi bir həftə sonra yenidən döyüşlərə qatılıb: "O döyüşlərdə sağ-salamat qalmağım, sadəcə möcüzə idi. Bizi Allah qoruyurdu. Hər birimiz şəhid olacağımızı gözümüzün önünə gətirirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən də döyüşlərdə yaralanmışdım, amma hospitala getmək istəmirdim. Orada hamı belə idi. Görürdün ki, döyüş vaxtı mərmi hərbçilərdən birinin qolunu, digərinin ayağını, bədəninin hansısa hissəsini aparıb və onun döyüşməsi qeyri-mümkündür. Amma o, bu halında belə, səngərə can atır, silahından, mövqeyindən aralanmaq istəmir, ən pis halda qumbaranı sinəsində, əlində sıxıb saxlayırdı ki, əgər düşmən əlinə keçsə özü ilə birlikdə onları da partlatsın. Bütün etirazlarıma baxmayaraq komandanlığın əmri ilə Bərdədəki xəstəxanaya təxliyə olundum. Yaram sağalan kimi dərhal geriyə qayıtdım. 30 ildir gözlədiyimiz bu fürsəti əldən verə bilməzdim".
 
"Bizdən sonrakılar daha təhlükəsiz və xoşbəxt yaşayacaqlar"

Z.Əsgərovun sözlərinə görə, onlar hücum etdikcə, düşmən davam gətirə bilmir, müqavimət göstərməyin əhəmiyyətsiz olduğunu duyub mövqelərini tərk edir, yaralı əsgərlərini, silah-sursatı, hərbi texnikanı atıb qaçıblar: "Ermənilər döyüş mövqelərində öz hərbçilərini zəncirlə divara, ağır silaha, texnikaya bağlayıblar ki, ölənə qədər savaşsınlar, postu qoyub qaçmasınlar. Erməni postlarına hücum edib oranı ələ keçirəndə belə mənzərələrin dəfələrlə şahidi olmuşuq. Biləyindən, ayağından zəncirlə ağır texnikaya, silaha bağlanmış erməni əsgərləri ağlaya-ağlaya aman istəyir, əl-qol hərəkətləri ilə balaca uşaqlarının olduğunu izah edib yalvarırdılar ki, onları öldürməyək. O an şəhid olmuş hərbçi yoldaşlarımız, Xocalıda mülki əhalimizə qarşı erməni qaniçənlərinin etdikləri qəddarlıqlar, amansızlıqlar gözlərimiz qarşısına gəlsə də, biz silahsız birinə silah çəkməyi, onu güllələməyi özümüzə rəva bilmirdik. Çünki biz erməni deyildik, Azərbaycan əsgəri idik. Bizim xalqımızın fərqi və böyüklüyü də bundadır. Necə ki, döyüşdə mərdliklə vuruşur, ləyaqətlə Vətənə xidmət edirdik, eləcə də silahsız düşmən əsgərinə münasibətdə özümüzü təmkinli və ləyaqətli aparırdıq. Onları hərbi əsir kimi ələ keçirib aidiyyəti üzrə təhvil verirdik. Gördüyüm mənzərələr ermənilərin necə yaltaq və qorxaq olduğunu bir daha mənim üçün aydın etdi. Nəticədə biz qalib gəldik. Qalib Ordunun şanlı əsgəri kimi ailəmə, işimə geri dönə bildim. İndi arxayınam ki, özümüzdən sonrakılara, o cümlədən oğluma və şagirdlərimə müharibə, münaqişə adlı bir "sərvət" qoyub getməyəcəyəm. Şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına bizdən sonrakılar daha təhlükəsiz və xoşbəxt yaşayacaqlar".
 

Cəsur döyüşçü
 

Sonda qeyd edək ki, pedaqoji fəaliyyətini hazırda Tərtər rayonu Soyulan kənd orta məktəbində davam etdirən, şagirdlərə coğrafiya fənnini tədris edən Zamir Əsgərov nümunəvi təhsil işçisi kimi rayon icra hakimiyyətinin başçısı, həmçinin Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi tərəfindən diplomlarla təltif edilib. Əsgərlik müddətində nizam-intizamına, Aprel döyüşlərində iştirakına görə hərbi-hissə komandanlığının Təşəkkürnaməsinə layiq görülüb. 44 günlük Vətən Müharibəsində iştirakına, göstərdiyi şücaətə görə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Rufik İSMAYILOV
Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.