Cəmiyyət

Azərbaycan toyları neçəyə başa gəlir?

7 May 2010 09:50
Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Sənə bir toy tutaram ki, dəymişin dura-dura kalın tökülər".
Bu, bir məsəl idi, amma həqiqətən də bizdə adama elə toy tuturlar ki, nəinki kalın tökülür, budaqların da qırılır, yarpağın da quruyur. Normal halda toy kişilərin həyatında adətən iki, qadınların həyatında isə bir dəfə olur. İstisna hallarda insanlar bir neçə dəfə özlərinə toy edirlər. Bu halı heç kəsə arzu etməzdik. Ona görə yox ki, bir neçə qadınla (yaxud kişi ilə) yaşamaq pisdir, ona görə ki indi bir toyu təşkil edib yola vermək ailələrə, toy yiyəsinə çox baha başa gəlir.

Gəlin, nə çox təmtəraqlı, nə də çox kasıbyana toylardan danışmayaq, götürək elə orta səviyyəli bir toyu. Yəni orta statistik rəqəmlərlə, orta statistik Azərbaycan toyunun maliyyə tutumunu şərh edək. Əvvəlcə ümumi qiymətlərə nəzər salaq.

Bir günlük kirayə götürülən toy ləvazimatları:

Gəlin maşını - 100 manatdan 1000 manatadək
Gəlin paltarı - 200 manatdan 2000 manatadək
VİP gəlin paltarları - 2000 manatdan sonsuzluğadək...
Gəlin Faytonu - 100 manatdan 500 manatadək
Gəlinin saç düzümü və makiyajı - 100 manatdan 800 manatadək
Gəlinin gül buketi - 30 manatdan 300 manatadək
Kranlı DVCAM video-çəkiliş - 1500 manatdan başlayır

Sadlıq evində:
Fotoalbom  - 100 manatdan başlayır
Nikah məmurunun toya gətirilməsi - 100 manatdan başlayır

Atəşfəşanlıq komponentləri:
Havaya sovrulan zər fişəngi - 50-100 manat (hər dəfəsi)
Tüstü  - 50-100 manat (hər dəfəsi)
Sabun köpüyü - 100-150 manat (hər dəfəsi)
Yerdə quraşdırılmış fişəng (atəş) - 200 manatdan başlayır
Toyun sonunda havada atəşfəşanlıq - 500 manatdan 2000 manatadək

Tamadalar - 200 manatdan 5000 manatadək
Mügənnilər  - 200 manatdan 15 000 manatadək

Bunlar hələ toyda istifadə olunan komponentlərin hamısı deyil. Məsələn, toyda qonaqlara müxtəlif cür maraqlı görkəmdə kiçik konfet bağlamaları paylanılır. Bu bağlamaların hər biri çeşidindən, bəzək-düzəyindən asılı olaraq 5 manatdan 15-20 manatadəkdir.
Yaxud kimisi şadlıq evinə göyərçin sifariş verir, kimisi gül-çiçək yağışı, kimisi xüsusi rəqs qrupları, yaxud diskoteka DJ-i (dicey) sifariş verir.  
Şadlıq saraylarının qiymətinə gəldikdə isə, burada rəqəmlər çox müxtəlifdir. Hal-hazırda şadlıq evlərində bir nəfərlik yer 20 manatdan 150 manata qədər dəyişir.  

Göründüyü kimi, bir günlük toya xərcələnən pula gənc ailə ən azı bir il şad-xürrəm həyat tərzi keçirə bilər.
Məlumdur ki, toyun bütün bəzək-düzək işləri əsasən oğlan evi tərəfindən həyata keçirilir. Gəlin paltarının, gəlinin saç düzümü və makiyajının, gəlin maşınının, gəlin üçün gül buketinin, nikahın xərcini oğlan evi çəkir. Gəlinə qızıl zinət əşyalarının, geyim-kecim dəstinin alınmasını da üstünə gəlsək, oğlan evinin bu qədər yükdən çiyinlərinin əyilməsi təbii haldır. Doğrudur, qız evi də az əziyyət çəkmir - üç dostumuz var, beş düşmənimiz, qızımız niyə zəif cehiz aparmalıdır ki? Qız evinin də niyyət və arzuları başadüşüləndir. Bir evi doldurmaq üçün lazım olan cehizə külli miqdarda pul sərf olunur desək, yanılmarıq. Xüsusilə mebellər, harada istehsal olunmasından və keyfiyyətindən asılı olaraq müxtəlif qiymətlərədir. Məsələn, Türkiyə istehsalı adı ilə satılan divan-kreslo dəsti 1500-2000 manatdan, yataq dəsti 2000 manatdan başlayır. İtaliya istehsalı olan mebellərin qiyməti isə 10 000 manatdan başlayır. İtaliya istehsallı məşhur brendlərdən olan bir yataq dəsti 30-40 min manat arasındadır.      
Təbii ki, yerli ustaların hazırladığı "yığdırma" mebellər daha ucuz başa gəlir. Məsələn, 500 manata divan-kreslo dəsti, 800-1000 manata yataq dəsti, 300-1000 manata mətbəx dəsti yığdırmaq mümkündür.

Göründüyü kimi, bütün tələbatın ucuzvari həlli yolu olsa da, ailə həyatı qurmaq istəyən hər kəsin təmtəraqlı "gəlin maşını"nda gəlin köçmək, ən bahalı gəlinlik geyinmək, ən "bərkgedən" maşında qız evinə getmək, ən sanballı "stolu olan" restoranda toy eləmək, ən populyar müğənniləri toya çağırmaq toy arzularının özəyini təşkil edir.

Götürək elə "gəlin maşını"nı. "Gəlin maşını" bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ta qədimdən xüsusi önəm daşıyıb. Əgər XIX əsrə qədər "gəlin maşını" olaraq rahat, görkəmli faytonlar seçilirdisə, artıq uzun illərdir həmin faytonları bahalı mersedeslər, limuzinlər əvəz edir. Heç də hər kəsə bu maşınlarda gəlin getmək və ya gəlin gətirmək qismət olmasa da, paytaxtda bir günlük "gəlin maşını" tapmaq elə də çətin deyil. Kimisə dost-tanışdan xahiş edir, kimisi nisbətən ucuz qiymətə olan maşınları kirayələyir, kimisi isə şadlıq evlərinin öz maşınlarından istifadə edir.

Paytaxtda "gəlin maşını" bazarı adlanan xüsusi yerlər var. Metronun "Gənclik", "Neftçilər", "Qara Qarayev" stansiyaları yaxınlığında və digər yerlərdə növbəyə düzülmüş, göz oxşayan "Limuzin" tipli "Mersedes"lər və digər markalı avtomobillər öz icarəçilərini gözləyir.
Bəs bu "Gəlin maşın"ları neçəyə başa gəlir? Qiymətləri öyrənmək üçün bir neçə obyektə baş çəkdik. Məsələn, "Gənclik" metrosunun yaxınlığındakı "gəlin maşını" bazarında qiymətlər baha idi. Burada günü 50 manatdan tutmuş, 500 manata qədər "gəlin maşını" kirayələmək mümkündür. Baxır sənin imkanına və zövqünə. Sözsüz ki, ən son model bahalı avtomobillərin fantastik qiymətləri də paytaxtımızda istisna hal deyil.
Kirayə "gəlin maşını" sürən Əmrah adlı şəxs bildirir ki, limuzinlərin çoxu şadlıq evlərinindir: "Mən sürücüyəm. Sürdüyüm limuzinin günü 220 dollaradır. Ondan mənə 50 manat qalır. Maşında hər cür şərait var. Hətta burada mini kafe də fəaliyyət göstərir. Bir şampan, iki bakal və şokalad".
Əmrah deyir ki, son vaxtlar onlara tələbat azalıb: "İndi hər şadlıq evinin özünün "gəlin maşın"ı var. Həm də şəhərdə "bərkgedən" maşınlar çoxalıb deyə, toy edənlər dost-tanışlarının maşınlarından istifadə edirlər. Əvvəl həftədə 3-4 toy olurdusa, indi 2 toy güclə olur".
Əmrah onu da bildirir ki, son bir-iki ildə limuzinlərə olan təlabat azalıb: "İndi üstüaçıq maşınlar dəbdədir. Şəhərdə belə maşınlar azdır. Olanlar da toya baha qıymətə gedirlər".
Söhbətimiz zamanı o da məlum oldu ki, indi şəxsi maşını olan insanlar da, toy üçün "gəlin maşını" kirayə verirlər.
Nəriman Nərimanov metrostansiyasının ətrafında bir neçə gəlin maşını dayanmışdı. Həmin gəlin maşınlarından birinin sahibinə yaxınlaşıb onunla söhbət etdik. "Limuzin" modelli maşının sahibi Ayaz adlı şəxs bildirdi ki, bir neçə il əvvəl ayın 23-25 günü toy olurdu: "Amma indisə həftədə bir-iki toy olur. Bunun səbəbi isə odur ki, indi istənilən şəxs kreditlə bahalı avtomobil alır, özünün, dost-tanışlarının toyunda istifadə edir".
Ayaz onu da bildirdi ki, o, toylara 100-300 dollar arasında çıxır. Maşının içərisində toy sahibi üçün hər bir şərait yaradılıb. Yəni şampan, qədəhlər, şirniyyat və komfortlu salon toy sahibinin ürəyincə olur: "Rayonlara əlbətdə ki, baha gedirik. Amma indi elədir ki, toy yiyəsilə razılaşmaq olur. İnsan həyatında toy bir dəfə olur. Ona görə də çox adam qiymətə əhəmiyyət vermir. Görəndə ki, bu adam imkansızdır, aşağı qiymət təklif edirik".

Bu qədər sadaladıqlarımızdan sonra, deyirəm, elə yaxşı ki toy insan həyatında bir dəfə olur. Baxmayaraq ki, bu əlamətdar günün öz yeri, öz ləzzəti var, amma bura çəkilən xərc-xəsarət bu ləzzəti dönə-dönə dadmağa heç əl yeri qoymur...  

Ruslan
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.