Cəmiyyət

Koronavirus sınağı: Azərbaycanda Ramazan qapanması olacaq?

9 Aprel 2021 22:22
Baxış: 5 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 14-də Ramazan ayı başlayır. COVİD-19 koronavirus pandemiyası ilə mübarizə bütün müsəlmanlar üçün zəruri və məcburi sayılan orucun tətbiq olunduğu Ramazan ayına təsir etməyə bilməzdi. Dünyanın ən nüfuzlu və məşhur din xadimləri, teoloqlar Ramazan zamanı karantin rejiminin sərtləşdirilməsini təklif edirlər.

Ramazan ayı vücudla bahəm, ruhun və siqlətin, iradə və qətiyyətin, inam və istəklərin sınağa çəkildiyi aydır. Oruc saxlayaraq ruhun vücuddan üstün olduğunu sübut edən şəxslər məhz bu ayın hikmətini və şərafətini anladıqlarından sınağa sevinirlər.

Ramazanda səhhət də nizamlı olmalıdır ki, sağlamlığı qoruyan şəxs ruhunu da gərəksiz iztirablara məruz qoymasın.

COVİD-19 koronavirus pandemiyasının zəifləmədiyi, bəzi ölkələrdə isə yoluxanların sayının daha da artdığı bir dönəmdə qlobal miqyasda bəla ilə mübarizənin effektiv yolları aranır.

Bəzi ölkələrdə koronavirusun ikinci, bəzilərində isə üçüncü dalğası yaşanır.

Azərbaycanda da vəziyyət mürəkkəbdir. COVİD-19 virusuna yoluxanların sayında ciddi azalma müşahidə olunmur, ətrafımızda, tanıdığımız və bildiyimiz şəxslər arasında koronavirusla xəstələnmə faktları artıq, əfsuslar olsun, adiləşir, rutinləşir.

Rəsmi qurumlar, dövlət strukturları öhdələrinə düşən, səlahiyyət çərçivələrində olan və hətta artığını edir, koronavirus pandemiyası ilə mübarizə tədbirləri operativ reallaşdırılır, səhiyyə sisteminin potensialından və imkanlarından maksimum istifadə olunur, həkimlər və tibbi personal öhdələrinə düşən vəzifələrin icrasına daha da məsuliyyətlə, peşəkarcasına yanaşırlar.

Fəqət, bütün bunlara rəğmən, pandemiya səngimir. Ümumdünya Səhiyyə Təşkilatının praktikasını, müxtəlif dövlətlərdəki situasiyanı və onların qəbul etdikləri qərarları, habelə koronavirusla mübarizədə Azərbaycanın əvvəlki dövrlərdəki təcrübəsini nəzərə alsaq, durumu real və obyektiv dəyərləndirməliyik.

Üzləşdiyimiz reallıq budur ki, hərgah Azərbaycanda yoluxma statistikasındakı situasiya davam edərsə və ya artım müşahidə olunarsa, karantin rejiminin sərtləşdirilməsinə yönəlmiş tədbirlər, yəni "qapanma" zəruri, labud və qaçılmaz qərar olacaq.

Ramazan ayındakı mümkün məhdudiyyətlərə gəldikdə isə, burada ekstraordinar, gözlənilməz heç nə yoxdur. 2020-ci ildə də Ramazanda məhdudiyyətlər olmuşdu. Ötən ilin iyun ayındakı məhdudiyyətlərin sərtləşdirilməsi, xatırladaq ki, effektiv nəticələr vermişdi. Yoluxma statistikası aşağı düşmüş, koronavirus pandesimiyasından sağalanların sayı artmışdı.

Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə də Ramazanda karantin rejiminin şərtlərinin və tələblərinin sərtləşdirilməsi zəruri addım sayılır. Belə ki, həm qapanma tətbiq olunur, həm də Ramazanda icra ediləsi ayinlərlə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirlərin sayları azaldılır və məhdudiyyətlər tətbiq olunur.  Qonşu Türkiyə və İranla bahəm, istisnasız olaraq bütün müsəlman ölkələrinin təcrübəsi göstərir ki, Ramazan ayında karantin rejiminin şərtlərinin sərtləşdirilməsi olmazsa, yoluxma statistikasında artım müşahidə olunur.

Səbəb trivialdır: bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında dini ayinlərin icrasına xüsusi diqqət və sayğı ilə yanaşılır, bundan dolayı toplaşmaların və kütləvi tədbirlərin sayı artır.

Koronavirus pandemiyasının əsla səngimədiyi bir dövr yaşadığımızdan bu, təbii ki, insanlarımızın sağlağmığının qorunması və səhhətinin COVİD-19-dan mühafizəsi baxımından yolverilməzdir.

COVİD-19 və ya SARS-CoV-2 pandemiyası müsəlmanların da yaşamını ağırlaşdırıb. Bir çox müsəlmanlar ölkələri sərbəst toplaşmaları məhdudlaşdırıb və ya ümumiyyətlə yasaqlayıb, nəticədə məscidlər qapadılıb. Məkkəyə həcc ziyarəti də nəsibini alıb: Səudiyyə Ərəbistanının hakimiyyət dairələri bütün müsəlmanlar üçün müqəddəs məkanı ziyarət üçün məhdudlaşdırıb.

Orucluqla bağlı şərtlərin dəyişdirilməsi ilə bağlı təkliflər də gerçəkləşdirilir. Belə ki, Ramazan ayında müsəlmanların orucluq şərtlərinə tam və şəksiz əməl etmələri koronavirusun yayılmasını sürətləndirə bilər: çünki ekstremal şərait orqanizmin immun müdafiəsi səviyyəsini aşağı salır,  COVİD-19-a yoluxma riskini artırır.

Bu səbəbdən məşhur üləmalar və din xadimləri buyururlar ki, müsəlmanlar yalnız onların səhhətinə birbaşa təhlükə yaranmayacağı təqdirdə oruc tuta bilərlər.

Qahirədəki "Əl Əzhər" universitetinin məşhur teoloqları, habelə İran və İraqdakı nufuzlu ayətullaların mövqeyi birdir: xəstə və qoca müsəlmanlar, habelə hamilə qadınlar oruc tutmaya bilərlər.

Bu, 2021-ci ilin Ramazan ayının reallıqlarıdır.

Eyni zamanda, Ramazan zamanı iftar süfrəsində də məhdudiyyətlər olmalıdır. Təmasların məhdudlaşdırılması və sosial məsafə saxlamağın labüd olduğu dönəmdə qohumların, dost-tanışın, qonşuların evdəki iftar süfrəsinə dəvət edilməsi məsləhət deyil.

Bu səbəbdən müsəlman ölkələrinin faktiki olaraq hamısında kütləvi iftar mərasimləri təxirə salınıb.

Məsələn, Misirdə, Səudiyyə Ərəbistanında və İranda ölkənin dini liderləri vətəndaşlara müraciət edərək birgə dualarla yanaşı, iftarlardan da da imtina etməyə çağırıblar.

Türkiyənin Dəyanət Vəqfi isə hesab edir ki, indiki şəraitdə sosial təmasların minimuma endirilməsi sadəcə, vətəndaş mükələfiyyətinin icrası deyil: "İnsan həyatınınhifz olunması və səhhətin qorunması da imandandır, İslamın tələbləri arasındadır. Pandemiya dövründə hər bir müsəlman öz səhhəti ilə yanaşı, ümmənin sağlamlığının təminatını düşünməlidir".

Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Bosniya-Hersoqovina, Qazaxıstan və daha 14 müsəlman ölkəsi Ramazan ayında müsəlmanların Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı tövsiyyələrinə riayət etmələrini məcburi sayıb.

İslam aləminin nüfuzlu din xadimləri hesab edirlər ki, məhdudiyyətlər olmazsa, karantin şərtləri sərtləşdirilməzsə, Ramazan ayında insanların kütləvi şəkildə toplaşmalarının qarşısını almaq mümkün olmayacaq və beləcə, yoluxmaların artma riski çoxalacaq.

Din xadimləri onu da vurğulayıblar ki, COVİD-19 ilə mübarizədə hazırda mövcud olan ən effektiv vasitə vaksinasiyasdır. Onlar bildirirlər ki, vaksin olunmuş şəxslərə karantin rejiminin sərtləşdirildiyi şəraitdə imtiyazlar şamil edilməlidir. Sözügedən imtiyazlar arasında SMS icazədən azad olmaq, xaricə səfər etmək və s. yer ala bilər.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.