Cəmiyyət

İnsanları geyiminə görə qarşılayanlar... - Zirvəyə ya birlikdə çıxacağıq, ya da...

20 Sentyabr 2020 14:18
Baxış: 2 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zirvəyə ya birlikdə çıxacağıq, ya da ki heç çıxa bilməyəcəyik.

ABŞ-ın "kosmik yarış"la bağlı avtobioqrafik xarakterli "Hidden figures" ( Gizli fiqurlar ) adlı filmi var. 2016-cı ildə çəkilməyə başlayan kinoda Amerikanın ağdərililərlə qaradərililər arasındakı yersiz mübarizə səbəbindən kosmik yarışda Rusiyaya uduzması təsvir olunub.

Amerikanın ilk astronavtının kosmosa uğurlu uçuşunun təşkilində böyük xidmətləri olan qaradərili riyaziyyatçı Katerin Consonun həyatından bəhs edən kinoda onun bu uğurun əldə olunmasına qədər çəkdiyi əziyyətlər, dərisinin rənginə görə yaşadığı problemlər qabardılıb. Filmdə zəncilərin ayrı otaqlarda təhsil alması, ayrı qab-qacaqdan istifadə etməsi, onların bütün sahələrdə alçaldılması, ağdərililər tərəfindən ancaq qulluqçu kimi görülməsi, onların ciddi, elmi sahələrdən uzaq tutulması əks olunub. Hətta ağdərililər üçün nəzərdə tutulmuş binada qaradərililərin tualetə getməsinin qadağan edilməsi filmin ən təsirli səhnələrindəndir və dönüş nöqtəsi də buradan başlayır. Qaradərili riyaziyyatçının hər dəfə təbii ehtiyaclarını ödəməsi üçün başqa binaya getdiyini və bunun üçün xeyli vaxt itirdiklərini görən rəhbərin həmin tualetin qarşısındakı "rəngli insanlar" yazısını külünclə dağıdarkən: "Zirvəyə ya birlikdə çıxacağıq, ya da ki heç çıxa bilməyəcəyik" deməsi, əslində, filmlə rejissorun insanlara çatdırmaq istədiyi əsas mesajdır.

Bu yersiz mübarizəyə son verdikdən sonra ABŞ-ın ilk astronavtı Con Qlenn Rusiyadan bir il sonra ilk orbital kosmik uçuş həyata keçirib. Lakin ABŞ artıq gecikmişdi. Çünki başları uzun müddət mənasız məsələlərin müzakirəsinə qarışmışdı.

Filmdə çatdırılmaq istənilən məsələ də budur. Mənasız mübahisələr, yersiz qadağalar, zəmanəylə ayaqlaşmayan adət-ənələlər səbəbindən onlarla ölkə inkişaf etmir, yerində sayır..

2016-cı ildə çəkilən filmdə çatdırılan mesaj bu gün də aktualdır və bizim ölkəyə də aid etmək olar. Çünki dünya ölkələrinin sürətlə inkişaf etdiyi, daxili istehsalın maksimum səviyyəyə çatdığı, digər ölkələrlə iqtisadiyyat sahəsində mübarizə apardığı bir zamanda insanlarımız hələ də ictimai yerlərdə şort geyinməyi, öpüşməyi və ya başqa xırda məsələləri müzakirə edir, başqalarının şəxsi işlərinə qarışırlar.

Psixoloqların fikrincə, insanın geyimi, seçdiyi rənglər onun xasiyyətini xarakterizə edir. Mütəxəssislər düşünür ki, geyimlərinin ətrafda yaratdığı təəssürat fərqlidir. Məsələn, kostyum insanlarda sizə qarşı inam hissi yaradır, bacarıq və hər bir işin öhdəsindən gəlmə gücünüzü nümayiş etdirir. Açıq-saçıq, rəngli geyimlər isə əksinə qeyri-ciddilik, məsuliyyətsizlik təəssüratı formalaşdırır.

Dövlət idarələrində, məktəblərdə xüsusi geyim qaydasının tətbiqi normaldır. Təhsil ocaqlarına, dövlət idarələrinə açıq-saçıq, qeyri-etik geyimdə gəlmək müəyyən mənada qəbuledilməz ola bilər, amma bunu müzakirə etmək, şort geyinənlərlə və ya buna pis baxanlarla mübarizə aparmaq bizi heç də uğura aparmır. Artıq bu tip müzakirələr "level"ini keçib, daha ciddi məsələləri müzakirə etməyin, əsaslı addımlar atmağın zamanıdır...

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.