Cəmiyyət

Bakıda qəzaya düşmək - Maddi, mənəvi zərər, vaxt itkisi, əsəb və stress...

14 Sentyabr 2020 12:39
Baxış: 2 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol hərəkəti qaydalarını bilsəniz də, bəzən hansısa sürücünün məsuliyyətsizliyi qəzaya düşməyinizə səbəb olur. Bu zaman təqsirkar tərəf olmasanız belə, sizə həm maddi, həm də mənəvi ziyan dəyir. Məsələnin həlli prosesi uzandığı üçün vaxtınız itir, əsəbləriniz korlanır. Sığortanın dəyən zərəri tam qarşılamaması vəziyyəti daha da gərginləşdirir.

Ölkə ərazisində gündə azı 20-30 yol nəqliyyat hadisə baş verir. Bu qəzalarda xeyli insan ölür, xəsarət alır, yüzlərlə avtomobilə ciddi ziyan dəyir. Bəzi qəzalar isə sürücülər öz aralarında razılığa gəldiklərinə görə, ümumiyyətlə, qeydə alınmır və statistikaya düşmür.

Qəzalar hansı səbəblərdən baş verir?

Ən çox avtomobil qəzalarının baş verdiyi yer yolayrıcılarıdır. Yol hərəkəti qaydalarını bilməyən sürücülərin nizamlanmayan yolayrıcılarındakı məsulyyətsizliyi ağır qəzalarla nəticələnə bilir. İşıqforun qadağanedici nişanında yolu keçmək və ya sola dönən sürücünün digər hərəkət iştirakçılarına yol verməməsi avtomobil qəzasına səbəb olur. Bundan başqa yol qəzaları yüksək sürət, diqqətsizlik, mobil telefondan istifadə, yalnış yerdəyişmələr səbəbindən də baş verir. Həmçinin, qarlı, dumanlı, yağışlı hava şəraiti də avtomobil qəzalarına şərait yaradır.

Qəza baş verdikdə nə etmək lazımdır?

Avtomobil qəzası baş verdikdə, ilk növbədə, DYP-yə xəbər vermək lazımdır. Əgər qəzada xəsarət alan varsa, təcili tibbi yardım çağırılmalı, yaralanan şəxslər xəstəxanaya çatdırılmalıdır. Təcili yardım avtomobili gələnə qədər xəsarət alan şəxsə ilk yardım göstərilə bilər.

Sürücü yol nəqliyyat hadisəsi barədə sığortaya da məlumat verməlidir. Lakin sürücü əgər birbaşa sığorta şirkətinə məlumat veribsə, onlar yol polisini hadisə barədə məlumatlandırırlar və ya əksinə.

Qəzada iştirak edən avtomobillərin yerini dəyişdirmək tövsiyə olunmur. Amma bu, digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi şəkildə problem yaradırsa, onların yerini dəyişməyə icazə var.

Əgər yol nəqliyyat hadisəsində günahkar tərəf bəllidirsə və onlar öz aralarında razılığa gəliblərsə, xəsarət alan yoxdursa, prosesin uzanmasını istəmirlərsə, bu sadalananlara ehtiyac qalmır.

Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan varsa, qəza başqa aspeklərdən də araşdırılır və bu da müəyyən vaxt çəkir. Hər iki sürücüdən izahat alınır, təhlükəsizlik kamerası, videoqeydiyyatçıya düşən və digər görüntülər nəzərə alınaraq ekspertlər tərəfindən təqsirkar tərəf müəyyənləşdirilir.

Qəza baş verən zaman əgər hər iki avtomobilin icbari sığortası varsa, günahkar tərəfin sığortası zərərçəkənə dəyən zərəri qarşılayır. Günahkar tərəf isə avtomobilini öz hesabına təmir edir. Əgər hər iki tərəfdə günah olsa, bu zaman sığorta dəyən zərərin 50 faizini ödəyir. Qəzada xəsarət alan olduqda sığorta bunun üçün zərərçəkənə ayrıca pul verir. Bütün bu xərclərin ödənməsi üçün forma 4 arayışı mütləqdir.

Forma 4

Forma-4 arayışı DYP-dən sığorta şirkətinə qəzanın təsdiqi, günahkar tərəflə bağlı verilən arayışdır. Bu sənəddə günahkar tərəfin kim olması, qəzanın sxemi, xəsarətin dərəcəsi qeyd olunur.

Forma-4 sənədi təkcə Azərbaycanda deyil, bütün dünyada sığorta dələduzluğunun qarşısını almaq məqsədi ilə istifadə olunur. Belə ki, hadisə baş verdikdən sonra sığorta şirkəti üçün günahkar tərəfdən çəkilən xərcin geri alınması imkanı yarandığı zaman məhkəməyə müraciət etmək məqsədi ilə bu arayışa ehtiyac yaranır.

Qəza zamanı xəsarət alan yoxdursa, dəyən zərərin miqdarı 1000 manat ətrafındadırsa, hadisə zamanı təqsirli şəxs barəsində mübahisə yoxdursa, forma-4 arayışı tələb edilməyə bilər. Əgər qarşı tərəf günahını boynuna almasa, bu zaman forma-4 arayışı lazımdır. Yeni qaydalara əsasən, forma-4 10 gün ərzində onlayn qaydada sistemə yüklənir və bunun üçün harasa getməyə ehtiyac qalmır.

Zərərçəkənə dəyən zərərin qaşılanması

Bütün bu proseslərdən sonra zərərçəkənə dəyən ziyanın qarşılanması prosesi başlayır. Qaydalara əsasən, sığorta şirkəti 7 gün ərzində zərərçəkənə dəyən zərəri nağd formada və ya avtomobili təmir edərək qarşılamalıdır. Lakin bəzi sığorta şirkətləri məsuliyyətsizlik edərək sürücünü narazı salırlar. Bu səbəbdən də sığortalanarkən düzgün şirkəti seçmək lazımdır.

Sadalanan proseslər qəza nəticəsində ölüm hadisəsi baş vermədikdə həyata keçirilir. Əgər yol-nəqliyyat hadisəsi ölümlə nəticələnibsə, vəziyyət tamamilə dəyişir. Buna görə də yollarda ehtiyatlı, maksimum diqqətli olmalı, özümüzü məsuliyyətsiz sürücülərdən də qorumalıyıq.

Bəxtiyar Umarlı
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.