Cəmiyyət

Qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ - FOTO

13 Avqust 2020 15:42
Baxış: 1 526

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına sabahdan başlanacaq.

İmtahanlar 16 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, avqustun 14-də DİM-in "Facebook" səhifəsi və "Youtube" kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.