Cəmiyyət

"Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir"

24 May 2020 09:47
Baxış: 1 412

Tibbi maskadan istifadə etməyən və koronavirus haqqında yanlış məlumatlar yayaraq insanlar arasında çaşqınlıq yaradanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

O bildirib ki, indiyədək virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə ilə bağlı kifayət qədər tövsiyələrin verilməsinə baxmayaraq, insanların bu təlimatlara əməl etməməsi təəssüf doğurur.

Bir çox ölkələrdə tibbi maskadan istifadəyə görə cərimələrin tətbiq edildiyini vurğulayan Y.Abdiyeva qeyd edib ki, Azərbaycan dövləti bu məsələdə də humanist yanaşma nümayiş etdirərək belə cərimələrin tətbiqi təcrübəsindən faydalanmayıb. Bu məsələ daha çox vətəndaşların sosial məsuliyyətinin öhdəsinə buraxılıb. Lakin insanlar bu məsələdə də sosial baxımdan məsuliyyətsizlik edib qaydalara riayət etmirlər.

Ekspert qeyd edib ki, qapalı məkanlarda koronavirusun yayılması sürəti daha çox olduğu üçün tibbi maskalardan istifadə olduqca zəruridir. Belə məkanlarda maskadan imtina etmək yalnız həmin insanın özü üçün deyil, ətrafdakı insanlar üçün də ciddi təhlükə yaradır:

"Nazirlər Kabineti yanında Operatriv Qərargahın təlimatlarına əsasən, qapalı məkanlarda, xüsusilə metroda tibbi maskadan istifadə edilməlidir. Lakin çox təəssüf ki, bəzi insanlar maskanı yalnız metroya daxil olan zaman istifadə edirlər. "Mənə heç nə olmaz" anlayışı ilə, yarana biləcək fəsadlardan ehtiyatlanmayaraq, metroya minən kimi tibbi maskanı çıxarır və ya onu nəfəs yollarından kənara çəkir, polis işçiləri yaxınlaşan kimi isə maskadan istifadə görüntüsünü yaradırlar. Bir çox insanlar hələ də başa düşmək istəmirlər ki, tibbi maskadan istifadə onlar üçün qoyulan süni bir məcburiyyət deyil. Hazırkı dövrdə virusdan qorunmağımızın əsas yollarından biri tibbi maskalardan istifadədir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.