Cəmiyyət

Papağı necə seçməli?

10 Dekabr 2011 15:07
0 Şərh     Baxış: 10 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Ekspress" qəzeti yazır ki, qışın gəlişi ilə əlaqədar insanların papağa olan ehtiyacı artıb. Lakin çoxları soyuqdan qorunmaq üçün baş örtüklərini seçərkən səhvə yol verirlər.

24 yaşlı Günel Rzayeva papaq qoymağı sevmədiyini deyir. "Dəfələrlə papaq alsam da, bir müddətdən sonra onlardan istifadə etməmişəm. Belə ki, papaq qoyandan sonra saçlarım nəm olur. Eləcə də uzun müddət papaq geyəndən sonra saçlarımın yapışmasını, saç düzümümün dəyişməsini müşahidə etmişəm. Bu səbəbdən də papaq qoymuram".

Bakı sakini Nigar Babayeva isə aldığı papaqların bir müddətdən sonra öz formasını itirdiyini bildirir. "Baş örtüklərini çox sevirəm. Müxtəlif baş örtüklərindən - şlyapalardan, dəri və yun papaqlardan istifadə edirəm. Lakin bir müddətdən sonra onlar öz formasını itirir. Yuduqdan sonra isə ümumiyyətlə istifadə üçün yararsız olur".

Stilist Səidə Kərimovanın sözlərinə görə, papaqları çox vaxt düzgün seçmirlər. Əsasən dar papaqların istifadəsini məsləhət bilməyən stilistə görə, belə papaqlar qan dövranını çətinləşdirir ki, bunun da nəticəsində həm saçlar nəmlənir, həm də parlaqlığını, gözəlliyini itirir. "Təbii saplardan və ya materiallardan hazırlanan baş örtüklərindən istifadə olunmalıdır. Bu zaman saç nəmlənməyəcək. Nəm saç isə soyuq havada donaraq başın dərisinin və hətta beynin iltihabına gətirib çıxarır".

S.Kərimova qeyd edib ki, papaq formasını dəyişməsin deyə onu qutuda saxlamaq lazımdır. "Qutuya qoymazdan əvvəl papaq və şlyapaların içini kağızla doldurun ki, öz əvvəlki görünüşünü itirməsin. Bəzi adamlar papaqları asılqandan asırlar. Bu zaman isə papaq öz formasını itirir".

Müsahibimiz bəzi papaqları yuduqdan sonra keyfiyyətini itirdiyini bildirir. "Şlyapalar məhz belə papaqlardandır. Ona görə də şlyapanın hər gün tozunu təmizləmək lazımdır. Əgər tozu təmizləməsən, o, tədricən kirə çevriləcək. Şlyapaları təmizləmək üçün naşatır spirti ilə suyu qarışdırıb alınan məhlulla onu silin. Bu zaman şlyapanı çox yaş etməyin, yoxsa formasını itirər. Daha sonra quru əski ilə qurulayın. Sirkə vasitəsi ilə şlyapada yaranan ağ zolaqvari ləkələri də silmək olar. Açıq rəngli şlyapaları isə təmizləmək üçün 5 xörək qaşığı sirkə, 5 xörək qaşığı naşatır spirti və 1,5 xörək qaşığı duz qarışdırılır. Bundan sonra ağ əski vasitəsi ilə həmin məhlulla şlyapa təmizlənir. Təmizlədikdən sonra şlyapanı quru əski ilə silmək lazımdır".

Dediyinə görə, yun papaqları, beretləri də yumaq təhlükəlidir. "Onları da benzinlə təmizləmək olar. Ağ beret və papaqları isə kraxmal vasitəsi ilə təmizləyirlər. Bunun üçün kraxmal papağın üzərinə tökülür, əski ilə üstü sürtülür. Bundan sonra nəm əski ilə papaq silinir. Təmizlənmədən sonra papaqları mütləq çırpın".

Papaq mağazasının satıcısı Humay Tağıyevanın dediyinə görə, papaq yağışdan və soyuqdan qorumaqla yanaşı, insana yaraşıq da verir. "Düzgün seçilməyən papaq son dəblə seçilmiş geyimi belə zövqsüz edər. Ən əsası - papaq üz quruluşuna uyğun seçilməlidir. Yumru üz quruluşunun sahiblərinə hündür və üzərində xətləri olan papaqlar daha çox yaraşır. Belə adamların başa kip yapışan toxunma papaqlar geymələri məsləhət deyil. Uzunsov üz quruluşu olan adamların alnı örtən, lakin yanaqları və almacıq sümükllərini açıq saxlayan papaq geyinmələri məsləhətdir. Hündür papaqlar isə belə üzü daha da uzunsov göstərəcək. Oval üz quruluşuna müxtəlif növ papaqlar yaraşır".

Onun sözlərinə görə, papaq bədən quruluşuna da uyğun olmalıdır. "Misal üçün, hündür xanımlara balaca və dar papaqlar yaraşmır. Yastı və enli papaqlar isə belə xanımları daha yaraşıqlı edər. Balacaboy xanımlar çox vaxt hündür görünmək üçün böyük papaqlara üstünlük verirlər. Lakin bu, yanlış addımdır. Böyük papaqlar balacaboy xanımlarda gülməli görünür. Orta və kiçik ölçülü papaqlar onların geyimlərini yaxşı tamamlayar. Əgər xanımın çiyinləri enlidirsə, açıq rəngli papaqlar geyinməlidir".

H.Tağıyeva bildirib ki, papaq seçərkən saçın rənginə və düzümünə də fikir vermək lazımdır. "Qısasaç xanımlar üçün bu gün müxtəliv növlü papaqlar satılır. Dairə formalı papaqlar, beret, panama, idman papaqları, kepka qısasaç xanımlar üçün ideal seçimdir. Enli zolaqlı şlyapalar, toxunma beretlər isə uzun saçlı xanımları füsünkar göstərəcək".

Onun məsləhətinə görə, papaq həm də saçın və dərinin rənginə yaraşmalıdır. "Qarabuğdayı xanımlar müxtəlif rəngli papaqlar geyinə bilərlər. Bənövşəyi və ağ rəngli papaqlar onları daha təravətli göstərər. Sarışınlara isə açıq və bej rəngli papaqlar daha çox yaraşar. Lakin əlvan rənglər də açıq saç tonuna uyğun gəlir. Kürən xanımlara qırmızı çalarlı papaq geyməyi məsləhət deyil. Belə xanımlara gavalı, şokolad, yaşıl, qara, göy rəngli papaqlar yaraşıq verir".

Papaq seçimində geyim tərzinin də mühüm rol oynadığını deyən H.Tağıyeva bildirib ki, papağın rəngi və stili geyimlə hormoniya yaratmalıdır. "İdman üslubudursa, idman tərzində olan papaqlar, klassik üslubdursa, klassik üslublu papaqlar seçilməlidir. Düzdür, müasir dövrdə geyimlərin sintezi də dəbdədir. Amma burada ehtiyatlı olmaq lazımdır. Papağın rəngi üst geyimi, çanta, əlcək və ayaqqabının rənginə uyğun olmalıdır. Şərf və ya şal da papağa uyğun seçilməlidir. Əgər papaq və şərfin rəngini üst geyiminizin rəngindən bir-iki çalar açıq seçsəniz, bu, daha zövqlü görünəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.