Cəmiyyət

Azərbaycan pasportunu hələ də cibində saxlayan Nobel Sülh Mükafatçısı - Gör-götür - FOTO

26 Aprel 2020 20:19
1 Şərh     Baxış: 2 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəxtiyar Siracov: "Həm özünüzün, həm də ətrafınızdakıların, sevdiklərinizin sağlığını qorumaq istəyirsinizsə, neqativdən uzaq durun, pozitiv olun!" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Arzular, xəyallar qurmağı sevir və xəyallarının gerçəkliyə çevrilməsi üçün səy göstərir. Deyir ki, əlbəttə ki, bütün arzular çin olmur, amma bu barədə düşünmək, həyata keçirmək yollarını təsəvvür etmək belə, ona zövq verir. "Niyyətin hara, mənzilin ora" prinsipi ilə Nobel Sülh Mükafatına qədər yol qət edib.

"Gör-götür" rubrikamızın qonağı komandası ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülən ilk və yeganə azərbaycanlı, professor Bəxtiyar Siracovdur. O, 23 ildir ki, Beynəlxalq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir.

Avropanın güclü nüvə mütəxəssislərindən sayılan azərbaycanlı alim 1957-ci ildə Bakıda anadan olub. Həmsöhbətimiz 1974-cü ildə Bakıdakı 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi-riyaziyyat fakültəsinə daxil olub. Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alıb. Oradan Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kompyuterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında tədqiqat işlərini  davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə "SPEKTR" adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən müsahibimiz fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Onun iş həyatı 1992-ci ildən Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışır.

- Bəxtiyar müəllim, hər bir insanın həyatında dönüş nöqtəsi olur. Sizin həyatınızın dönüş nöqtəsi nədir?

- Dönüş nöqtəsi insanın həyatına, onun fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən və onu mühüm qərarlar almağa sövq edən məfhumdur. Hər bir insanın həyatında peşə seçimi və ya peşənin dəyişdirilməsi, ailə qurulması, yaşayış yerinin dəyişdirilməsi kimi hadisələr baş verir. Yəni əslində insanın həyatında bir deyil, bir neçə dönüş nöqtəsi ola bilər. Heç şübhəsiz ki, həyatda rastlaşdığımız müdrik, təcrübəli insanların alacağımız qərarlara göstərə biləcəyi təsiri də unutmamalıyıq. Mənim də həyatım istisna deyil. Peşə seçimimdə riyaziyyat müəllimi olan rəhmətlik anamın, orta məktəbdə oxuyarkən riyaziyyat elminə olan həvəsimin daha da artmasında sevimli riyaziyyat müəllimimin rolu əvəzsizdir. İnsanın xarakterini də diqqətə almaq lazımdır. Məsələn, elm sahəsini götürsək bəziləri nəzəriyyə ilə, araşdırmalarla, digərləri isə elmin nailiyyətlərindən istifadə edərək praktiki məsələlərin həlli ilə məşğul olmağı seçə bilər. Mənim peşə seçimimdə bu amil, yəni mənim daha çox praktiki işlə məşğul olmaq həvəsim "təmiz" riyaziyyatçı deyil, əgər belə demək olarsa, "tətbiqi" riyaziyyatçı olmağıma güclü təsir göstərdi. Bu minvalla da mən o zamankı Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, ömrümü informasiya kommunikasiya texnologiyalarına həsr edəcəyim haqqında qərar verdim. Bu qərar həyatımda birinci dönüş nöqtəsi oldu. Bundan sonrakı illərdə SSRİ Elmlər Akademiyasında (Moskva, 1980-1986), Slovakiya Elmlər Akademiyasında (Bratislava, 1987-1988) biliklərimi təkmilləşdirmək, yeni təcrübə qazanmaq məqsədilə verdiyim qərarlar və bunların davamı olaraq da son nəticədə Avstriyada (Vyana, 1995-dən bu günümüzə qədər) fəaliyyətimi davam etdirmək qərarlarım digər dönüş nöqtələri oldu. 

- Azərbaycanda doğulub təhsil alan Bəxtiyar müəllimin Nobel mükafatına qədər gedən yolundan bəhs edərdiniz? Bakıdan Avstriyaya gedən yol yəqin ki, asan olmaz...

- Hər bir insanın həyat yolu enişli-yoxuşlu olduğu kimi, mənim də yolum hamar bir müstəvi üzərində olmayıb. Uğurlu və uğursuz, tərəddüdlü və inamlı, ümidlərlə və ümidsizliklərlə dolu addımlar mənim də həyatımın yol yoldaşı olub. Amma əsas olan odur ki, qarşınıza çıxan maneələri, çətinlikləri dəf etməyə əzm göstərəsən, qətiyyən həvəsdən düşməyərək yaşadığın hər bir çətin anı təhlil edib, düzgün nəticələr çıxarasan və yalnız qoyduğun məqsədə doğru hərəkət edəsən. Məqsədin səni seçdiyin yola aparır.

- Nobel sülh mükafatının sizin həyatınızda yeri nədir? 

- Bu mükafat sadəcə olaraq təşkilatımızda işləyən digər həmkarlarımla birlikdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dünyada sülhü qoruması naminə, atom silahının yayılmamasının təminatına yönəlmiş fəaliyyətində bir azərbaycanlı kimi mənim də kiçik bir payımın olduğunu xatırladan bir nişanədir.
 
- Fikirlərinizdən birində "insan kamilliyə yetişmək üçün 3 əsas dayağa söykənməlidir" demisiniz. Bəs Bəxtiyar müəllimin kamil bir insan kimi tanınmasında ən böyük dayağı nə idi?

- Doğurudur, müsahibələrimin birində kamil bir insan kimi yetişmək üçün sağlamlıq, sənətində peşəkarlıq və milli-mənəvi dəyərləri ehtiva etmək kimi üç amili göstərmişdim. Bu əqidəmə sadiqəm və tam əminliklə deyə bilərəm ki, hər üç amil mənim həyatımda, fəaliyyətimdə hər zaman etibarlı dayaqlarım olub və olmaqdadırlar. 

- Tez-tez pozitiv düşüncə ilə bağlı statuslar paylaşırsınız. Pozitiv düşüncə möcüzələr yaradır deyirlər. Buna inanırsınızmı?

- Pozitiv düşüncənin insanın nəinki karyera inkişafında, həmçinin də şəxsi həyatında çox böyük rolu olduğuna dərindən inanıram və bunun sübutunu hər gün müşahidə edirəm. Mənə görə pozitivlik şirin dilli, gülər üzlü olmaq, insanlarla rəftarında anlayış göstərmək, digərlərinin fikirlərini dinləyə, əsəblərini cilovlaya, məsələlərin həllində adil ola bilmək bacarıqları və bu kimi digər məziyyətləri özündə birləşdirən bir məfhumdur. Necə deyərlər, "üzü gülər sirkə satan, qaşqabaqlı bal satandan daha çox müştəri qazanar". 

- "Uman yerdən küsərlər" demişlər. Amma nədən kimdənsə nəsə ummalıyıq? Gözləntilərimiz gerçəkləşməyincə üzülür, məyus olur və özümüzü deyil, digərilərini suçlayırıq" yazmısınız statusunuzda... Həyatın sizə öyrətdiyi ən vacib dərs nədir?

- Həyatın mənə öyrətdiyi dərslər çoxdur. "Heç kimdən heç nə umma" - deyimi bəlkə də o dərslərin içində ən vaciblərindən biridir. Bu müdrik kəlam mənim üçün "Əgər sağlamlığın, qabiliyyətin varsa, öz işini özün gör. Sənin özünün bacaracağın bir işi sənin yerinə başqasının görəcəyinə ümid bağlama" mənasına gəlir. Nəyə görə? Ona görə ki, sən işinin bilicisisənsə, bir başqası o işi səndən yaxşı, sənin istədiyin kimi edə bilməz. Ona görə ki, başqasının sənin üçün gördüyü iş sənin deyil, onundur və bu cür görülmüş iş sənə heç bir mənəvi zövq verə bilməz. Ona görə ki, bu səni o başqasından asılı, möhtac vəziyyətə gətirib çıxarar.
 
- İnsana balıq versən bir gün tox olacaq, balıq tutmağı öyrətsən isə ömürlük... Bir ziyalı kimi nə deyə bilərsiniz? Balığı necə tutaq? 

- Əgər sağlığı yerində olan bir kəs kiminsə əlinə baxıb daim ondan mədəd umacaqsa, asılılıq bəlasına düşər və öz ruzisini özünün qazanması iqtidarını itirər. "Balıq tutmağı" öyrənməyin də mənası budur. Özünə, ailənə, övladlarına bir gün ağlamaq istəyirsənsə öyrən, peşə sahibi ol, çalış, zəhmət çək ki, azad bir insan olasan, kimsənin mərhəmətinə sığınmayasan.

- Heç kim haqqında əvvəl 3 gün, sonra 3 həftə və nəhayət 3 ay ərzində qətiyyən neqativ danışmayın (heç düşünməyin də). Əgər ətrafınızdakılar danışarlarsa da qulaq verməyin! Görün həyatınız necə dəyişir! Çox maraqlı fikirlərdir. Həqiqətən belə etdikdə, insanın həyatı müsbət mənada dəyişə bilərmi?

- Bunun çox sadə izahı var. Baxın, həyatımız kifayət qədər neqativ hallarla doludur. Hər tərəfdən üzərimizə can sıxıcı xəbərlər gəlir, insanlar bir-biriləri ilə kobud rəftar edir, xəstəliklər, münaqişələr və s. Bunlar hamısı insanın sağlıq durumunda çox acı bir əsər qoyur, insan depressiyaya, təlaşa düşür, bununla da, yaxşı, pozitiv məqamlar kölgədə qalır. Bunlar hamısı məlum faktlardır. İnsanın mahiyyətini öyrənən alimlər, mütəxəssislər hər zaman bu sahədə çeşidli tədqiqatlar aparıblar. Bu tədqiqat işləri sübut edir ki, neqativ əhval ruhiyyəni aradan qaldırmaq üçün bəd xəbərləri, dedi-qodunu, qeybəti bir kənara qoymaq, onları mümkün qədər tezliklə unutmaq lazımdır. Mənim istinad etdiyim "Heç kim haqqında əvvəl 3 gün..." ifadəsi isə əsrlər boyu geniş həyat təcrübəsi olan müdrik adamların obrazlı şəkildə söylədiyi bir ifadədir. Burada 3 rəqəmi, gün və ay şərti istifadə olunub və yalnız onu söyləyir ki, həm özünüzün, həm də ətrafınızdakıların, sevdiklərinizin sağlığını qorumaq istəyirsinizsə, neqativdən uzaq durun, pozitiv olun! 

- Həm də pianoda ifa edirsiniz? Daha çox hansı musiqiləri sevirsiniz?

- Bu, bir hobbidir. Piano ifasından zövq alıram. İfa etdiyim musiqi Azərbaycan xalq mahnıları, bəstəkarlarımızın mahnılarıdır. Valideynlərə müraciət edərək demək istəyirəm ki, övladlarını imkanları daxilində ölkəmizdə fəaliyyət göstərən çoxsaylı incəsənət, texniki, idman dərnəklərində lap kiçik yaşlarından məşğul etsinlər. 

- Nobel mükafatı almış ilk və yeganə azərbaycanlının uğur sirri nədir?

- Elə bir sirrim yoxdur. Sadəcə, arzular, xəyallar qurmağı sevirəm və bu xəyallarımın gerçəkliyə çevrilməsi üçün səy göstərməyə çalışıram. Əlbəttə ki, bütün arzular çin olmur, amma heç olmasa, onlar haqqında düşünmək, onları həyata keçirmək yollarını təsəvvür etmək belə mənə böyük zövq və motivasiya verir. Peşə biliklərimin dərinləşdirilməsi, insanlarla keyfiyyətli ünsiyyət qurmağın incəliklərinin öyrənib təkmilləşdirilməsi mənim diqqət etdiyim ən vacib amillərdəndir. Əlbəttə ki, çalışıram ki, pozitivlik və yumor hissi də məndən heç vaxt ayrılmasın. Atalarımızın bu deyimini heç vaxt unutmuram: "Niyyətin hara, mənzilin ora".

- Azərbaycana çox bağlısınız. Mədəniyyət tədbirlərində iştirak edir, ürəyiniz daim öz ölkənizlə döyünür... Hətta Azərbaycan pasportunuzu da cibinizdə saxladığınızı demisiniz... Azərbaycan sizin üçün nə ifadə edir və ölkədən kənarda olmağın çətinlikləri nələrdir?

- Doğrudur, Azərbaycana çox bağlıyam və belə hesab edirəm ki, hər bir insan suyunu içdiyi, çörəyini yediyi, təhsil aldığı, əcdadlarının yaşayıb yaratdığı vətən deyilən məkana, xalqının mədəniyyətinə, tarixinə bağlı olmalıdır. Əks halda, insan kimliyini itirər, köklərini çürüdər, qol-budağını qurudar. Hər bir insan özünə "mən kiməm?" sualını verdikdə ona cavab tapa bilməlidir. Ola bilər ki, vətənində yaşayan insan bu suala cavab tapmaqda çətinlik çəkməsin. Amma vətəndən çıxıb başqa sivilizasiya içinə düşəndə bu çox vacib suala çevrilir və mən öz təcrübəmdən bilirəm ki, əgər bir kəs xalqının milli-mənəvi dəyərlərinə söykənə bilmirsə, özgə cəmiyyətdə o adamın çətinliklərlə üzləşməsi ehtimalı çox yüksəkdir. Vətəndən kənarda yaşamağın çətinliklərindən bir neçəsini nümunə gətirə bilərəm. Məsələn, qohum-əqrəbanızla, yaxınlarınızla, sevdiklərinizlə real ünsiyyətdən aralı qalmaq, vətəndə daim baş verən müsbət dəyişikliklərə yaxından qatıla bilməmək, xalqımıza məxsus, içində böyüyüb yetişdiyimiz mənəvi dəyərlərdən, dünyagörüşündən fərqli olan başqa bir aləmə, fərqli mənəvi dəyərlərə sahib olan bir ölkənin, xalqın yaşadığı mühitə düşmək. Birinci iki çətinliyi dövrümüzdə mövcud olan müasir rabitə vasitələri ilə müəyyən dərəcədə dəf etmək olur. Üçüncüsü daha ciddi məsələdir və lazımi hazırlığınız olmadığı halda ağır sarsıntı keçirə bilərsiniz. Amma şükürlər olsun ki, bu maneəni də aşmağa yerli əhalinin mentalitetini öyrənməklə və öz dəyərlərimizə sədaqətimizi itirmədən nail ola bilirik. Vyanadakı Azərbaycan mədəniyyət mərkəzi, digər şəhərlərdə fəaliyyət göstərən mədəniyyət dərnəkləri bu işdə yardımçımız olurlar. Vətəndən uzaqda yaşamağın böyük bir məsuliyyəti də var. Bu, ölkəmizi, onun mədəniyyətini, elmini, xalqını layiqli təmsil etmək zərurətidir. İnsanlar bəzən bir adama görə bütöv ölkə haqqında fikir yürüdürlər. Ona görə xaricdə yaşayan hər bir vətəndaşımız bu amilə diqqət etməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.