Cəmiyyət

Şəhidin məkanı, yurdu, diyarı VƏTƏNdir - FOTO

6 Aprel 2020 17:50
2 Şərh     Baxış: 5 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epiqraf və ya kiçik açıqlama..

İki bənna xərəklə addımlayır. Yoldan keçən biri hər ikisinə eyni sualı verir:

Nə iş görürsünüz?

Birincisi cavab verir:

- Görmürsənmi, daş daşıyıram!

İkinci isə cavab verir:

ŞARTR kilsəsini ucaldıram!!!

İnsanın həyata və ölümə baxışları da belədir, bu kiçik XII əsr fransız rəvayətində olduğu kimi... Kimiləri öz qısa ömürləri ilə tarixə imza atacaq əməli ilə yadda qalır, ölümü ucaldır, ŞƏHİD olur, kimiləri isə uzun uzadı daş daşımaqla, sadəcə ölür...

Bizim bu həyata baxışımız da bir dəyərdir, ŞƏHİD ömürlərini qələmə almaq....

Şəhidlik məqamı, ölməz şəhidlər haqqında çox yazılıb... Yazmalıyıq da... Şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığı bir anda yaranmır çünki, onlar anadan qəhrəman və igid doğulsalar da, öz xarakterləri, tərbiyələri, mənəviyyatları ilə bu keyfiyyətə sahib olurlar... Yazmalıyıq onlar haqqında, ən azından zaman-zaman onları tanımaq, tanıtmaq üçün araşdırmalı, doğmalarını dinləməli, özlərindən sonra sadəcə sözləri, şəkilləri, əməlləri yadigar qalan ŞƏHİDlərə övlad, bacı, qardaş, dost olmalıyıq, onların adını uca yaşatmalıyıq...

Bu yazıda 3 fərqli rayondan olan, fərqli zamanda, lakin eyni məkanda - Qarabağ torpağında canını qurban etmiş 3 qəhrəman şəhid haqqında yazılacaq. Düşündüm ki, şəhidin Vətəni insanların qəlbi, uyuduğu məkan Vətənin bağrıdır... Şəhidin məkanı da, yurdu da, diyarı da VƏTƏNdir... Belə bir ali müqəddəsliyi zamana və məkana bölmək olmaz... Azərbaycan uğrunda şəhid olmuş qəhrəmanların haqqında onların haralı olmasından asılı olmayarq, bilməliyik, öyrənməliyik ki, tariximizin qanlar, canlar bahasına necə qürurla və şərəflə yazıldığını sübut edə bilək...

Bu 3 şəhid haqqında öyrəndiklərimdən, doğmalarının, yaxınlarının dilindən eşitdiklərimdən, onların duyğularından çox kiçik bir hissəni şeirə çevirmək mümkün oldu... Çünki bütün hiss edilən hər şeyə cümlə qurmaq olmur, çox çətindir...

ŞƏHİDLİYİN ÜNVANI ƏBƏDİYYƏTDİR - Şəhid Altay MƏMMƏDOV: Məmmədov Altay Seyidrza oğlu 1966-cı il noyabrın 20-də Quba rayonunun Çartəpə kəndində anadan olub.

Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Ukraynanın Kamenetsk-Podolsk şəhərində İ.A.Xarçenko adına Ali Hərbi Mühəndis Komandirləri məktəbində istehkamçı-mühəndis minaaxtaran ixtisasına yiyələnmişdir. Xaricdə yaxşı işinin işinin olmasına baxmayaraq, Azərbaycanın ağır günlərində dözə bilmədi, Vətənə döndü, döyüş bölgəsinə yollandı... 1993-cü ildən başlayaraq cəbhənin qaynar nöqtələrində öz peşə fəaliyyətini yerinə yetirərək vətən torpağında öz izlərini qoyurdu. 1994-cü il mayın 19-da Tərtər rayonunda Üçtəpə rota komandiri Altay Məmmədov minaya düşdü və şəhid oldu.

Əmim Altay Məmmədovun vaxtsız ölümü bütün doğmaları kimi atamı və ailəmizi də dərindən sarsıtdı... Atam, əmim və bibilərim qardaş itkisinin əzabı ilə eyni vaxtda, Altayın Şəhidliyinin qürurunu də yaşadılar....

Demişdin bu bir il an kimi keçər,
Bəs niyə uzandı bu bir an, qardaş,
Gözlədik, gözlədik gəlmək bilmədin,
Qayıt, yollarına mən qurban, qardaş!

Sərərəm yoluna gülü-çiçəyi,
Qayıt evimizin arxa dirəyi
Həsrətdə qoymusan neçə ürəyi,
Qayıt yollarına mən qurban, qardaş

Gəl, qoyma özümü mən tənha sanam,
Sənsiz bu həyatda bir ölü canam
Sən necə qıyırsan ağlasın anam?
Qayıt yollarına mən qurban, qardaş

Sən elə arxaydın, bizlərə dayaq,
Dönüşün olmazdı gərək bu sayaq
Nə qədər ağılar deyək, ağlayaq?
Qayıt yollarına mən qurban, qardaş.

Baxıram şəklinə hər gün doyunca,
Ağlayır ürəyim əldən qoyunca,
Adın dilimdədir ömür boyunca,
Sən qürur yerimsən Şəhid qardaşım

Başıma tac etdim hər zaman səni,
Ölümün gətirdi dumanı çəni
Həsrətin yandırıb-yaxsa da məni,
Sən qürur yerimsən Şəhid qardaşım

Ölümün şərəfdir bilirəm bunu,
Yoxdur bu həsrətin, yoxdur heç sonu
Səbrli olmağın təkcə qanunu...
Sən qürur yerimsən Şəhid qardaşım

Ölüm gec və ya tez gəlməsindən asılı olmayarq, ağrılı olur. Ancaq Vətən uğrunda ölənlərin doğmalarının səbri daha böyük olur, çünki onların qürurları kədərdən daha yüksək olur.

VƏTƏN SEVGİSİ, ŞƏHİDLİK ZİRVƏSİ - Şəhid Elvin NAMAZOV: Namazov Elvin Məmməd oğlu 1990-cı ilin 7 sentyabrında Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.

Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olan Elvin Namazov 2007-cı ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbinə daxil oldu. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirib. Xüsusi Təyinatlı Bölükdə xidmətə başlayan Elvin 2016-cı ildə baş leytenant rütbəsi aldı. Azərbaycan tarixinin şanlı hərb səlnaməsi olan Aprel döyüşləri baş verəndə Elvinin qrupu da döyüşə girdi. Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də erməni əsgərlərlə qeyri-bərabər döyüşdə öz əsgərlərini qoruyaraq onları sağ-salamat mühasirədən çıxartsa da, özü qəhrəmancasına şəhid oldu.

Döyüş yoldaşı Ehliyyət Mehdiyevin sözləri ilə desək doğma Vətənin başına gətirilən müsibətlərin qisasını almaq üçün həmişə can atırdı Elvin. "Elvin həmişə deyərdi ki, xain düşməndən 20 Yanvar, Xocalı soyqırıının qisasını almaq lazımdır, bu bizim borcumuzdur. Canı, qanı bahasına olsa belə Elvin öz borcunu yerinə yetirdi, Vətənə olan borcunu... Getdi qoynuna, düşmən əlindən almaq üçün can atdığı doğma torpağının...

Əldə açan çiçəklər məzarlığa yollandı,
Həsrətlə qalxan başlar sinələrə sallandı.
Dillərdə oğul deyil, Şəhid adı hallandı,
Vətən bağrı şirindir, rahat uyu Elvinim...

Səndən sonra inan ki, paramparça ürəklər,
Sönüb torpağa döndü, sənlə bağlı diləklər.
Amma qürurla dinir üstündəki çiçəklər,
Vətən bağrı şirindir, rahat uyu Elvinim...

Əslində Elvin Namazov bir hərbçi olaraq doğulub boya-başa çatdığı kəndin ənənəsini davam etdirib. Azərbaycan tarixindəki iləri böyük hərflərlə yazılan Qıraq Salahlı kəndi Azərbaycana 5 general, yüzlərlə peşəkar hərbiçi bəxş edib.

Atası, Məmməd Namazov ilə söhbət zamanı oğlu haqqında, onun şəkilləri ətrafında bir xeyli danışdıqdan sonra sonda göstərdiyi şəkil və dediyi söz oğul həsrətinin valideyn dilindən çıxan nümayişi idi, ATA öz oğlunun adı ilə yaşayırdı... "Bu Elvinin qardaşının oğludur, yəni nəvəm. Adını Elvin qoymuşam...!" Nəvən Elvin də adına layiqli oğul olsun, hörmətli Məmməd dayı... Sənin özünün də dediyin kimi, bütün acılarına məlhəm olacaq yeganə təsəllin əslində, Şəhid sözünün verdiyi qürurdur....

Çıxmırsan yadımdan Elvinim, yenə,
Sənli xatirələr dərd verir mənə
Çağırsam səsim də çatmaz ki, sənə,
Bu gün göz yaşımı saxlamaq olmur.

Mən sənə eylərdim qurban canımı,
Şəhidliyin ucaltdı ad-sanımı.
De, necə yatırım qəlb tufanımı?
Axı sellər kimi çağlamaq olmur.

Övlad həsrətinə çətindir dözmək,
Həsrətə bir kiçik ümid də gərək...
Nə qədər kədəri daşısın ürək,
Niyə qəm qapısın bağlamaq olmur?

Saldı ayrılığın saçlarıma dən,
Səbrim bircə o ki, axı ŞƏHİDsən
Olsa da günlərim bir ilimə tən,
Adın qürurundan ağlamaq olmur...

"...MƏNİM OĞLUM İDİ, XALQIN OĞLU OLDU". 

Şəhid Çingiz QURBANOV:
Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı. Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycanın Ermənistanla dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək atışmada şəhid oldu. Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Əməkdaşı olduğum ADPU-nun Quba Filialında 25 noyabr 2019-cu il tarixində filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə Çingiz Qurbanovun anım günü qürurla qeyd edildi. Anım gününə ünlü hərbi şair Abdulla Qurbani, Çingizin valideynləri və doğmaları da gəlmişdi. Bu filialda təhsil alan gənclər üçün əsl vətənpərvərlik tərbiyəsi idi... Təhsil müəssisəsində tərbiyə işinin təşkilində isə bu cür tədbirlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Atası, Salman Qurbanovun tədbirin sonuna kimi gözyaşları ilə deyil, qürurla oğlu haqqında danışılanları dinləməsi, göstərilən videoları izləməsi və sonda çıxış edərkən, "Mən belə oğul böyütməyimlə fəxr edirəm", - deməsi insanların gözlərindəki yaşı sildi və sadəcə gözlərdə bir ifadə qaldı... "Kaş ki, bizlərin də valideynlərimiz bizim haqqımızda belə qürurla danışa bilsələr..."

Düzdür ürəyimdə dözüm qalmayıb,
Bəlkə deməyə də sözüm almayıb,
Daha heç yollarda da gözüm qalmayıb,
Şəhid atasıyam, bu mənə yetər!

Bu ölüm eylədi ömrümü tar-mar,
Yox, ölüm deyildir indi günahkar
Bu böyük şərəfdir, etmirəm ah-zar,
Şəhid atasıyam, bu mənə yetər!

Gözümdə heç oldu hər arzu-dilək,
Neyləyim bu qismət, barışmaq gərək,
Dərdimi qürurla basdırır ürək,
Şəhid atasıyam, bu mənə yetər!

Proloq əvəzi:

Fikrimcə, insan bu dünyada dəyərləri ilə xaraktetizə olunur: özünün xarakterini ətrafa dəyərləri ilə cızır, xüsusilə də seçə bildiyi dəyərləriylə... Seçdiyimiz dostlarımız, işimiz, məşğuliyyətimiz, sevdiklərimiz, işlətdiyimiz sözlərimiz bizim əslində kim olduğumuzun göstərgəsidir... İstədim ki, mən də bu Aprel hadisələrinin ildönümü ərəfəsində Vətən yolunda canını qurban verən oğulların ən az üçünün adını qələmə alım... Dəyərləri, Vətən sevgiləri, canlarından daha üstün olan, məqamları cənnətlə mükafatlandırılan Şəhid qardaşlarımdan yazım...

Bu günümsən - şirin nəğmələr kimi,
Dünənimsən - bəlli simgələr kimi
Güvənimsən - güclü qüvvələr kimi,
Yaşa, var ol, mən ölsəm də, VƏTƏNİM

Müqəddəsim, and yerimsən sən mənim.
Bir ilhamsan - həkk olmusan sözümdə
Nur, işıqsan - süzülürsən gözümdə.
Bu hüsnünə heyranam mən özüm də,
Yaşa, var ol, mən ölsəm də, VƏTƏNİM

Müqəddəsim, and yerimsən sən mənim.
Sən dəyərsən-dəyərlərin baş tacı,
Sən torpaqsan-dərdlərimin əlacı.
Qurban olum, bircə görmə dərd acı...
Yaşa, var ol, mən ölsəm də, VƏTƏNİM

Müqəddəsim, and yerimsən sən mənim.
Müstəqillik ağuşunda yatmısan,
Xoşbəxt gündür, azadlığa çatmısan.
Bu sevgimə əbədilik qatmısan,
Artıq mən də nur ŞƏHİDƏM, VƏTƏNİM
Bir ömürlük qoynundayam mən sənin...

Azərbaycan oğulları anadan igid doğulur. Şəhid olan igidləri isə ən yüksək ucalıqda dalğalanan üçrəngli bayrağa büküb dəfn edərlər... Şəhid qardaşım... Məkanın Cənnətdir, uğrunda canını fəda etdiyin bu doğma Vətən bizlərə əmanətdir.. Rahat uyu, rahat yat!

Aysel Şeydayeva
ADPU-nun Quba filialının Tərbiyə işləri üzrə direktor müavini

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.