Mədəniyyət

Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO

4 İyul 2026 20:03
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Birinci Türkoloji Qurultayın (1926-2026) 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində "Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam" adlı sərginin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Açılış mərasimində Mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli,  AMİM-nin direktoru Şirin Məlikova, millət vəkili Jalə Əliyeva, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblinin çıxış ediblər. Çıxışlarda Əli bəy Hüseynzadənin Azərbaycan milli-mədəni fikrinin formalaşmasında, türkçülük ideologiyasının inkişafında eləcədə təsviri sənətdə oynadığı müstəsna roldan bəhs olunub.  Prezident İlham Əliyevin müvafiq Sərəncamının dahi mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Tədbir çərçivəsində AMIM-nin direktoru, s.ü.f.d Şirin Məlikova,  Ankara Hacı Bayram Vəli Universitetinin professorları Esma Özdaşlı və Kadir Ertaç Çelik, Köln Asiya Akademiyasının rəhbəri Orhan Aras, filologiya elmləri doktorları, professorlar Minaxanım Təkəli və Adil Babayev,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, eləcə də araşdırmaçı jurnalist Dilqəm Əhməd Türk dünyasının mədəni, elmi və ictimai əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanmış xatirə nişanı ilə təltif olunublar. 

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və şəxsi kolleksiyaya aid sənət nümunələri, eləcə də müxtəlif mənbələrdən əldə olunmuş arxiv fotoşəkillərini bir araya gətirən sərgi Əli bəy Hüseynzadənin irsinə ilk növbədə bədii yaradıcılığı, həmçinin ictimai fəaliyyəti prizmasından nəzər salmağa imkan yaradır.

Əli bəy Hüseynzadə Azərbaycan təsviri sənətində realizmin ilk nümayəndələrindən və peşəkar teatr rəssamlığının banilərindən biri hesab edilir. Onun rəngkarlıq və qrafika irsi portret, mənzərə və natürmort janrlarını əhatə edir. Əsərlərində milli-mənəvi dəyərlər, tarixi yaddaş, vətən sevgisi və insan xarakterinin psixoloji dərinliyi yüksək bədii ifadəsini tapıb.

Sərgidə müəllifin həm Azərbaycanda, həm də Türkiyədə yaratdığı "Mənzərə. Bibiheybətin görünüşü", "Atatürkün portreti", "Ailə portreti" və digər əsərləri nümayiş etdirilir. Ekspozisiyada, həmçinin, Salyan Tarix-Diyarşünaslıq Muzeyinə məxsus, Əli bəy Hüseynzadənin redaktoru olduğu "Həyat" qəzetinin ipək üzərində nəşr edilmiş nadir nüsxəsi də yer alır.

Azərbaycan milli düşüncə tarixində xüsusi yer tutan Əli bəy Hüseynzadə üçrəngli dövlət bayrağımızın ideoloji əsaslarını formalaşdıran şəxsiyyətlərdəndir. Onun irəli sürdüyü "Türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyası dövlət bayrağımızın rənglərinin mənəvi məzmununda öz əksini tapıb. Sərgidə böyük mütəfəkkirin redaktorluq fəaliyyəti, teatr sənətinə töhfələri və milli ideya irsinə həsr olunmuş məlumat lövhələri də təqdim edilir. Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından seçilmiş fotoşəkillər Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, eləcə də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarını və həmin dövrün tarixi mühitini əks etdirir.

Ekspozisiyanın mühüm hissələrindən birini Birinci Türkoloji Qurultayın keçirildiyi günlərdə "Azdövlətkino" tərəfindən lentə alınmış 8 dəqiqəlik qısametrajlı səssiz film təşkil edir. Sərginin multimedia bölməsində yerləşdirilmiş sensorlu ekranda (touchscreen) Əli bəy Hüseynzadənin sənət ənənələrini davam etdirən övladları - ilk türk kubist və abstrakt rəssamlarından Səlim Turanın, xalq sənəti və Şərq mifologiyası motivlərinə müraciəti ilə tanınan rəssam Feyzavər Alpsarın əsərləri yer alıb.
"Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam" sərgisi ziyarətçilərə böyük ideoloqu və ictimai xadimi həm də zəngin yaradıcılıq dünyasına malik rəssam kimi yaxından tanımaq imkanı yaradır.

Sərgi, 30 sentyabr tarixinədək davam edəcək.

Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbir Qurultayın Rəyasət Heyətinin fəxri üzvü, görkəmli mütəfəkkir, türk dünyasının böyük ideoloqu, publisist, həkim və rəssam Əli bəy Hüseynzadənin (1864-1940) həyatı və çoxşaxəli fəaliyyətinə həsr olunub.  Seminarda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, DİA-nın tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova,Əməkdar rəssam, Türkiyənin Yeditepe Universitetinin professoru Teymur Rzayev, tarix üzrə fəlsəfə doktoru və kolleksioner Dilqəm Əhməd  məruzələrlə çıxış ediblər.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq əlifba, terminologiya və mədəni inteqrasiya məsələlərinin müzakirə olunduğu mühüm tarixi hadisə kimi türk dünyasının elmi və mədəni həyatında xüsusi yer tutur. Qurultayın işində fəal iştirak etmiş Əli bəy Hüseynzadə türkçülük ideologiyasının formalaşması, ortaq mədəni dəyərlərin təbliği və ictimai fikrin inkişafı istiqamətində mühüm xidmətlər göstərib.

Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan İstiqlal Muzeyinin kolleksiyalarında qorunan sənət əsərləri və arxiv materialları Əli bəy Hüseynzadənin zəngin irsinin müxtəlif istiqamətlərdən araşdırılmasına imkan yaradır. Seminar çərçivəsində böyük mütəfəkkirin Azərbaycan və türk dünyasının ictimai fikir tarixində tutduğu yer, Birinci Türkoloji Qurultayın ideya mühitinə təsiri, həmçinin onun təsviri və teatr sənətinə verdiyi töhfələr barədə məruzələr dinlənilib. 

Elmi seminar Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər proqramının tərkib hissəsi olmaqla, Əli bəy Hüseynzadənin zəngin irsinin təbliği, onun Azərbaycan və türk dünyasının elmi, ictimai və mədəni fikir tarixindəki yerinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.