Cəmiyyət

"Suğra və oğulları" filmi bu il kinosevərlərə təqdim olunacaq - FOTO

3 Mart 2020 18:23
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Media Mərkəzi və "Buta Film" şirkətlərinin birgə istehsalı olan "Suğra və oğulları" filmi bu il tamaşaçıların ixtiyarına veriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, çəkilişlərində Almaniyanın "Salar Film" və Fransanın "Arizona Production" şirkətlərilə yaxından əməkdaşlıq edilən filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan "Suğra və oğulları" filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb. Filmin quruluşcu operatoru Avropa kino akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya), filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboadır (Niderland). Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir . Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.

Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib. 2-ci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin bu il geniş auditoriyaya təqdim olunması ilə yanaşı beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu", "Əbədi ezamiyyət", "Multikulturalizm İli"nə həsr olunmuş "Bir günəş altında", "Son İclas" , "Miras" və s. kimi filmlər yer alır. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, "Facebook", "Youtube", "Linkedin", "Instagram" və "Twitter" sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.