Cəmiyyət

Azərbaycanda adı hansı hallarda və necə dəyişmək olar?

4 Noyabr 2011 14:04
Baxış: 22 413
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Həyat yoldaşımdan boşanmışam, bir oğlum var, qayınatamın adını daşıyır. Artıq məni bu ailəylə heç nə bağlamadığından oğlumun da adını dəyişdirmək istəyirəm. Amma VVAQ İdarəsində bunun üçün uşağın atasının razılığının vacib olduğunu bildirirlər. Doğrudanmı belədir?"

"Ekspress" qəzetinin əməkdaşı oxucu A.Mirzəyevanın sualı ilə əlaqədar "Müvəkkil" Hüquq Mərkəzinin sədri Səməd Vəkilovla söhbətləşib.

Səməd Vəkilovun dediyinə görə, Mülki Qanunvericiliyə əsasən, hər bir fiziki şəxsin ad seçmək hüququ var. "Yetkinlik yaşına çatmayan uşaqların adlarının dəyişdirilməsi ailə qanunvericiliyinə əsasən, valideynlərin razılığı ilə baş verir. Valideynlərin razılığı olmadan yetkinlik yaşına çatmayan şəxslərin adını dəyişdirmək olmaz. Mütləq hər iki tərəf razı olmalıdır".

S.Vəkilov əlavə edib ki, Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən, Qəyyumluq idarəsi uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Onun sözlərinə görə, uşağa xoşagəlməz adın qoyulması zamanı isə müvafiq icra hakimiyyəti orqanı etiraz edə bilər.

Həmsöhbətim bildirir ki, valideynlərindən ayrı və ya uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə yenə də müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Yəni istənilən halda bu proses müvafiq icra hakimiyyəti orqanı yanında qəyyumluq və himayə orqanları tərəfindən, uşaqların mənafeyi və hüquqlarının qorunması ilə məşğul olan komissiyanın razılığı ilə olmalıdır.

Vəkilovun sözlərinə görə, nikahları pozulan valideynlər olanda belə, yenə də uşağın adının dəyişdirilməsinə görə, hər ikisinin rəyi nəzərə alınır. "Yalnız bir halda nəzərə alınmır ki, valideyn valideynlik hüquqlarından məhkəmə qaydasında məhrum edilmiş olsun. Valideynlərdən biri rəhmətə gedibsə, uşaq himayəsində olan valideynin razılığı kifayət edir".

Adın dəyişdirilməsi zamanı 10 yaşına qədər olan uşaqların özünün razılığına ehtiyacın olmadığını deyən S.Vəkilov bildirib ki, bu halda müvafiq komissiya uşağın mənafeyini nəzərə alır. 10 yaşına çatan uşaqların isə hökmən öz razılığı olmalıdır. Belə ki, onun öz razılığı ilə ad dəyişdirilə bilər.

Həmsöhbətim qeyd edib ki, ad dəyişdirilməsi zamanı mübahisə olduqda proses məhkəmə qaydasında aparılır, mübahisə olmadıqda isə Dövlət Notariat Kontorunda valideynlər övladlarının adlarının dəyişilməsinə etiraz etməməl'ri barəsində razılıq əldə edirlər. "Bundan sonra müvafiq icra hakimiyyət orqanı VVAQ İdarəsinə müraciət edir. Doğum şəhadətnaməsini verən orqan notarial qaydada uşağın adını dəyişdirə bilər".

Adın bir neçə dəfə dəyişdirilməsinə gəlincə, müsahibim bununla bağlı qanunda məhdudiyyətin olmadığını bildirib. "Hər halda, təcrübə göstərir ki, bir dəfədən artıq ad dəyişdirmirlər. Adətən, qanunvericilikdə belə təkmilləşdirmə prosesi qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış problemlərdən irəli gəlir və ondan sonra müəyyən dəyişikliklərin edilməsi barəsində düşünülür".

S.Vəkilov müəyyən adların qoyulması ilə bağlı məhdudiyyətin olduğunu da əlavə edib.

Qeyd edək ki, 2011-ci il mayın 12-də qüvvəyə minən "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları"nın 1.4. maddəsinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.