Cəmiyyət

Şamaxı rəsədxanasından Kainatın seyri: "Fonda itirmişik" - REPORTAJ

20 İyun 2019 21:58
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfələrlə Şamaxı rəsədxanası haqda məqalələr oxumuşdum. Nə zaman tikildiyi, teleskopların sayı, müşahidələr  və s. barədə az da olsa məlumatlı olduğum üçün uzun müddət idi ki, rəsədxanadan reportaj hazırlamaq istəyirdim.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu səbəbdən də qurumun mətbuat katibi ilə əlaqə saxladım. Əvvəlcə təklifi bəh-bəhlə qarşılayan sözçü hətta bizə qalmaq üçün şəraitin də yaradıla biləcəyini bildirdi. Səfərə bir neçə gün qalmış yenidən onunla əlaqə saxladıq. Bu dəfə deyildi ki, "Şamaxıda bütün koteclər doludur, gələn həftə gəlin".

Bu cavabı eşitdikdən sonra öz imkanlarımıza qalmağa yer tapdıq. Çünki qurumun sözçüsü bildirmişdi ki, belə olarsa, istədiyimiz vaxt çəkilişə gedə bilərik.  Hətta yola çıxmamışdan öncə belə onunla danışdıq: "Bizə gəlin, problem yoxdur. Səma aydındır", - dedi.

Yarıyolda isə "rəsədxanada müşahidə işləri aparıldığı üçün gecə çəkilişinə icazə yoxdur, sabah günortaya qədər istədiyinizi çəkə bilərsiniz" məzmunlu mesaj göndərildi.

Beləcə, Şamaxı rəsədxanasına səfər heç də ürəkaçan şəkildə başlamadı.

Şamaxıya çatıb, qalacağımız məkana yerləşdik.

Bizə gecə çəkilişi lazım olduğu üçün saat 00.00-da rəsədxanaya yollandıq. Fotoqrafımız  ehtiyacımız olan fotoları çəkdi. Hətta teleskoplardan Ayı və Yupiteri də seyr etdik. Bizimlə yanaşı, onlarla turist də planetləri seyr edirdi. Ayı yaxından görmək - ona toxunmaq kimi bir hiss idi. Fotoqrafımız teleskopların fotosunu çəkdikdən sonra gecə 3-də qaldığımız otelə qayıtdıq. Səhər bizi gərgin iş gözləyirdi.

Düzü, əvvəlcə daha rəsədxanaya getmək istəmirdik. Düşünürdük ki, gecə nə çəkmişiksə, bəsimizdir. Sonradan fikrimizi dəyişdik.

Yenidən qurumun mətbuat katibi ilə əlaqə yaratdıq. Bizi rəsədxanada professor Nəriman İsmayılov qarşıladı. O, bir-bir teleskopları göstərərək  haqında məlumat verirdi.

Nəriman İsmayılovun sözlərinə görə,  rəsədxana ətrafında olan tikililərin işıqlandırma sistemi  müşahidə səviyyəsini zəiflədir: "Əsasən rəsədxanaların 5-10 kilometr uzaqlığında yaşayış məntəqələri və ya turizm obyektləri ola bilər. Amma özünüz də gördüyünüz kimi, rəsədxananın ətrafında yeni otel tikilib. Düşünürəm ki, rəsədxana dövlət obyekti olduğu üçün bu problemin həllində də dövlət özü kömək etməlidir".

N. İsmayılov qeyd edir ki, otel tikintisilə məşğul olan şəxslər nüfuzlu, imkanlı şəxslər olduğu üçün rəsədxana tikintinin qarşısını ala bilməyib: "Akademiyanın prezidenti bizim dəfələrlə müraciətimizdən sonra açıqlama verdi ki, rəsədxananın ətrafında işıqlandırmaya mane olan obyektlər tikilir. Amma təəssüf ki, heç bir reaksiya olmadı".

N. İsmayılovun sözlərinə görə, 40 ilə yaxındır ki, burada çalışır və hadisələr hamısı gözünün qarşısında baş verib: "Postun yanında turist bazası tikiləndə biz etiraz etdik ki,  buna icazə verilməməlidir. Bu kimi addımlar rəsədxananı məhv etmək deməkdir.  Biz rəsədxanaya belə münasibət bəsləsək, başqası nə deyər? Bizim göyün fonu əvvəl çox gözəl idi.  23-cü ulduza qədər müşahidə edə bilirdik.  İndi biz 20-yə qədər müşahidə edə bilirik.  Fon həddən artıq işıqlandırılıb. Bir tərəfdə Vergilər İdarəsinin, digər tərəfdə restoranların işıqları  yanır və biz zamanla itiririk. Qış vaxtı bu obyektlərin qonaqları az olur. Bu səbəbdən də qış gecələri bizim üçün daha əlverişli olur. Qış gecələrinin isə başqa problemləri çıxır ortaya. Elektrik enerjisinin kəsilməsi, internetin olmaması bizə müxtəlif problemlər yaradır".

N. İsmayılov əlavə etdi ki,  rəsədxananın hələ sovet vaxtından müəyyən problemlərə görə qurulması dəfələrlə təxirə salınan bir metrlik bir teleskopu var. Hazırda onun qurulması barədə müzakirələr gedir. Hökumət vəsait ayırarsa, teleskop qurulacaq: "O teleskopun burada qurulması səhv olar. Çünki biz artıq fonda itirmişik. Buna görə gərək o teleskopun qurulması üçün biz ayrı yer tapaq".

Qeyd edək ki, rəsədxananın problemləri təkcə bununla bitmir.

Rəsədxananın digər baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədovun sözlərinə görə, qurumda kadr çatışmazlığı müşahidə edilir. "Azərbaycanda elmə və təhsilə önəm verilmir", - deyə Sabir müəllim şikayətlənir.

İradlarımızı, bizə qarşı laqeydliyi də dilə gətiririk. Sonra sağollaşıb çıxırıq.

Yolumuz Dəmirçi kəndinədir...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.