Cəmiyyət

Naxçıvanın qədim təsərrüfat binaları - qara damlar

13 Yanvar 2019 22:13
0 Şərh     Baxış: 689

Naxçıvan Muxtar Respublikasında "qara dam", əsasən, XX əsrin 70-80-ci illərinə qədər istifadə edilən böyük təsərrüfat evi başa düşülür. Qara dam yaşayış evlərindən bir qədər aralı tikilər, eni və uzunu, təxminən, eyni - 5-6 metr olardı. Ortadan dirək vurular, dirəyin üstündən kərən (tir) atılardı. Qara damın ortasında təndir olardı. Qışda təndir yandırılar, bəzən günlük çörək bişirilər, sonra isə üzərinə kürsü qoyulardı. Təndirin tüstüsünü çıxarmaq üçün damda baca qoyulsa da, tüstü divarları və dirəkləri qaraldardı. Bu cür tikiliyə böyüklüyünə və ya dirəklərinin, divarının qara olmasına görə "qara dam" deyilirdi. Beləliklə, qara sözü rəng adı olmaqla yanaşı, digər mənalarda da işlənib.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib.

"Qışda qohum və qonşular bu cür qara damı olan ailəyə qonaq gedər, kürsünün başına toplaşar, uzun qış gecəsini nağıl, tapmaca söyləməklə başa vurardılar. Qara dam həm də təsərrüfat damı idi", - deyən Zaleh Novruzov qeyd edib ki, ərzaq, məişət əşyaları, yayda eymə, pendir burada saxlanar, istər divar, istərsə də yer hanası qara damda qurular, yun əyirilər, ip kələflənər, boyanmış kələflər açılaraq yumaq edilərdi. Həmin dövrə məxsus düyçə, kələf, yumaq, iy, kiriş, tağalaq kimi sözlər bu gün məişətimizdə az işlədildiyi üçün mənasını çox az adam bilir. Yazda Novruz bayramından qabaq qara damın tavanı və divarları əhənglə ağardılardı.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Naxçıvanın dağlıq ərazilərində qara dam tipli yaşayış evlərinin başqa bir variantı - eyvanlı qara damlar geniş yayılmışdı. Belə evlərin qarşısı tirlər üzərində tikilmiş eyvanla tamamlanırdı. Eyvanların ya hər iki tərəfi açıq saxlanılır, ya da yanları hörülür, yalnız ön tərəfi açıq olurdu.

Tədqiqatçı-jurnalist bildirib ki, zaman keçdikcə qara damlar əhəmiyyətini itirib. Muxtar respublikamızın ən ucqar dağ kəndində belə müasir infrastrukturun yaradılması, elektrik enerjisinin, "mavi yanacağ"ın qışda da fasiləsiz verilməsi, müasir inşaat üsullarından və tikinti materiallarından istifadə edərək əlverişli, yaraşıqlı yaşayış binalarının tikilməsi qara damları da, necə deyərlər, xalqın ağır, məşəqqətli, qara günləri kimi tarixə qovuşdurub. Ancaq kənd yaşayış yerlərində hər bir ailədə əlavə müasir təsərrüfat evinə də ehtiyac var. Naxçıvanın bir çox kəndlərində buna "qara ev" deyirlər. Qara evin ölçüsü ailənin ehtiyacına görə tikilir. Ərzaq ehtiyatı, məişət əşyaları bu binada saxlanılır. Hər bir kənd ailəsində qara ev yaşayış binaları qədər vacibdir. Müasir dövrdə bir çox evlər ikimərtəbəli tikilir. Bunların bəzilərinin birinci mərtəbəsi nisbətən alçaq olduğu üçün "zirzəmi" adlanır və həmin yer qara ev kimi istifadə edilir. Bəzi evlərdə isə təməl bir qədər də dərin qoyulur və zirzəmi tikilir. İki metrə yaxın dərinlikdə olan zirzəmi yayda sərin olduğu üçün müxtəlif ərzaq məhsulları burada saxlanılır. Xüsusən aran yerində yayda pendiri saxlamaq çətin olur. İstidən pendir xarab olur, keyfiyyəti aşağı düşür. Qışda isə zirzəmilər isti olduğu üçün kartof, soğan və digər qida məhsulları donub xarab olmur. Bundan başqa, zirzəmilərdə müxtəlif meyvələr də uzun müddət saxlanıla bilər. Zirzəmilərin divarı daşla hörülsə də, sementlə yox, adi palçıqla suvanmalıdır. Bəzən qida məhsullarını zirzəmidə saxlamaqla yanaşı, 2-3 metr dərinlikdə quyu qazıb orada da saxlayırlar. Soyuducunun olmadığı dövrdə ət və digər tez xarab olan qida məhsullarını bir qabın içində dərin su quyusuna sallayıb bir neçə gün saxlamaq olurdu.

Etnoqrafik yaddaşımıza nəzər saldıqda görürük ki, xalq yaşayış evləri müxtəliftipli olub. Bu evlərin yaranmasında həmin ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat materialları, tikinti texnikası, ailə-məişət adətləri müəyyən rol oynayıb. Məhz bu amillərin təsiri ilə xalq yaşayış evləri müxtəlif tipdə olub, müasir yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.